backend

"Get Xoşqədəmə, Zaura, Samirə, Rövşənə bax. Azadsan!" - ŞƏRH

TELEVİZİYA:

Onun cazibəsi və iyrəncliyi

Güman etmək olar ki, çox qədim zamanlarda nənələr deyil, babalar nağıl, rəvayət danışırdılar (ədəbiyyat). Özü də, uşaqlara yox, ətrafdakıların böyüklü-kiçikli hamısına. Çünki hər əhvalatın məğzində dəyərli, müdrik fikir dayanmalı idi. Bu isə arvad işi deyil…

Məhz kişilər mağaranın divarlarını rəsmlərlə bəzəyir ( təsviri sənət), primitiv musiqi aləti düzəldib onda çalır ( incəsənət), ov prosesini göstərən hərəkətlər yerinə yetirirdilər ( xoreoqrafiya).

Zaman keçdi, bütün bunları küçə kəndirbazları, məzhəkəçilər əvəz etdilər. Xəbər isə əvvəl dildən-dilə, sonra carçılar, nəhayət qəzet, jurnal, …radio vasitəsilə yayıldı. Teatr öncüllüyü kitaba, o isə kinoya verdi.

Gəlib çıxdı televiziya – mədəniyyət və informasiya yayımının şəksiz lideri. Oturduğun yerdən şer, müsiqi dinləyə, tamaşa seyr edə, kinoya baxa bilirsən. Teatra, stadiona da getmək vacib deyil. İnformasiya yayımına gəldikdə, televiziya yenə əvəzsizdir. İnternet onun qarşısında acizdir. Xüsusilə, hələ inkişaf etməmiş ölkələrdə. Çünki internetin əlçatanlığı ölkənin ay-ti, əhalinin isə kompüter və smartfon almaq imkanları ilə bağlıdır. Nəhayət, bütün bu vasitələr fərdidir. Televizor isə ailə cihazıdır. Əksər evdə bu cihazı səhər yerindən birinci duran işə salır, gecə sonuncu yatan isə söndürür. Televiziyanın cazibəsi də bundadlr.

Əlbəttə, tamaşaçı nəyə baxacağının ixtiyarını telekanallara verir. Hər kanal isə rəhbərinin simasıdır: biri zövqlü – digəri yox, biri “konfet” – o biri … . Biri düşünür – o biri hürür. Baxan ağlayır – göstərən gülür. “Ağlı varsa – baxmasın” deyir. Lap o siyasətçi kimi. O (siyasətçi), demişdi: “Xalq axmaqdır. Ağlı olsaydı bizi seçməzdi”. Yox, əsla! Milli Məclisdə yox, teleserialda. Aqata Kristinin Puarosunda.

Televiziya həvəskarıyam. Hətta bəzi anketlərdə özümü zarafatyana “peşəkar teletamaşaçı” kimi təqdim etmişəm. Ümumi problem və tendensiyaları əksər televiziyaçıdan yaxşı bilirəm. Evimə qonaq gələndə televizoru söndürürəm ki, heç kimin diqqətini dağıtmasın. Lakin özüm qonaq gedəndə bəzən televiziya məclisə hakim kəsilir.

Çoxdanın əhvalatıdır. Müsafir idim. Televizor “ANS” kanalında xəbərləri göstərirdi. Gah diktorun, gah müxbirin səhvini tutdum. Beləcə bir neçə dəfədən sonra ev sahibəsinin təəccübləndiyini duydum. Soruşdum ki, həmin qüsurlar onu narahat etmir? Çiynini çəkdi. Fikrə getdim. Sonra başımı yanımda oturmuş arvadıma çevirib üzr istədim.

– Niyə? – deyə soruşdu.

– Sənin həyatını çürütdüyümə görə. Evdə televizora baxarkən hər səhvi səsləndirdiyimə görə.

İllər ötüb, amma nə televiziyanın peşəkar keyfiyyəti artıb, nə də mənim hiddətlənməyimə səbəbim azalıb.

Əgər sən, oxucu, həmin ev sahibəsi kimi dünyadan bixəbərsən, baş verənlərə isə biganə – burada ayrılaq. Get Xoşqədəmə, Zaura, Samirə, Rövşənə bax. Azadsan!

Qalanlara isə səbr arzulayıram. Çünki qüsur leysanı gəlir.

Bir vaxtlar televiziya reportajlarında müxbir görünməzdi. Hətta təbiətdə, şəhərdə, müəssisədə obyekt çəkilərdi, aparıcı isə yox. Sonra müxbirlər paradı başlandı. Onlar gah obyektin qarşısında durub tamaşaçıya mane olur, bəzən obyektə doğru, başqa vaxt kameranın üstünə şığıyır, hətta ətrafı göstərmək bəhanəsi ilə ortada fırlanırlar… Göstərsin bizə obyekti – əgər əhəmiyyəti varsa. Təqdim etsin söhbəti – onun mənası varsa. Müxbirin cinsini, geyimini, saç düzümünü, makiyajını, boy-buxununu neylərəm?! Sən də belə düşünürsən? Ardımca!

Nə vaxtsa AzTV aparıcısı şovinist, revanşist, Qarabağ məsələsində erməniləri açıq-aşkar həyasızcasına dəstəkləyən Vladimir Pozneri “metr” adlandırmışdı. Böyük mütəxəssis, usta saydığına görə. O gündən həmin aparıcını «millimetr» adlandırıram. Azərbaycanlı yox, xırda saydığıma görə.

Sonra gəldi Rövşən Məmmədov. Adı qalsın “kilometr”. Gəldi əllərini yelləyə-yelləyə. Televizorun səsini tam alıb, onun əl rəqsinə tamaşa et. Özünü gülməkdən saxlama. Gül, çünki çox gülüncdür!

Rövşən Məmmədov adi aparıcı deyil. AzTV-nin yekəsidir, yəni sədridir. Odur ki, tabeliyində olanları da havanı əlləməyə məcbur edir. Hətta masa arxasında əyləşmiş zavallı diktor da əlini yelləməli olur. Amma bu, istisnadır. Adətən, diktor studiyada gəzişir. Başabəla Rövşən qonaqları da ayaq üstə saxlayır. Evinə gedənləri bilmirəm, amma studiyadakıları – hə. Yəqin izah edir ki, dünyanın televiziya praktikasında belə şey var.

Var. Amma niyə beynəlxalq təcrübənin axmaq, eybəcər cəhətini götürmüsən?! Götürəydin savad, istedad, düşüncə, qabiliyyət. Və mütləq mədəniyyət! 80 yaşlı millət vəkili Ziyad Səmədzadə ayaq üstə dindirilməsin deyə!

Televiziyaçılar təkcə özlərini deyil, qonaqları da axmaq yerinə qoyurlar. Məsələn, onun gah əllərini, gah üzündəki sızanağı, başının keçəlliyini, qalstukundakı rəsmləri, daha nələri… iri planda göstərirlər. Təki tamaşaçını söhbətdən yayındırsınlar. Qonağa bir kameraya baxmağı tapşırır, amma onu başqa kameradan, məsələn, yandan çəkib efirə verirlər. Qonaq sanki maymaqdır, haraya baxmağı qanmır. Digər “axmaq” tamaşaçıdır: danışanın üz-gözünü deyil, peysərini seyr edir.

Televiziya aparıcılarının və şərhçilərinin bir çox halda görkəmi, bütün hallarda nitqi təəssüf doğurur. İdman yarışlarından reportajlar adamı vahimələndirir. “CBC-Sport”un burnunda və dolaşıq danışan şərhçisini eşitmisən? Dinlə. Amma nahar etməmiş: mayan batar…

Azərbaycan kanallarında fərq etməz hansı idman yarışına baxıram – qaydasız döyüşə, futbola – səsini tamam kəsirəm. Bilirəm ki, belə edənlər az deyil. Paralel reportaj gedirsə, çevirirəm rus kanalına. Belələri də çoxdur.

Axı niyə vergi ödəyicisi, ölkə vətəndaşı dövlət dilində düzgün idman reportajı, film dublyajı görməsin?! Azərbaycanın televiziya kanallarında nümayiş olunan ən keyfiyyətli məhsul – yaxşı filmlərdir. Əlbəttə, xarici. Lakin tərcümə və səsləndirmənin bərbadlığı adamı iyrəndirir. Dili bilənlər həmin filmlərə orijinalda, yaxud rus dublyajında baxırlar. Amma millətimin əksəriyyətinə zəhərli, toksik dublyaj “yedirdilir”.

Demək artıqdır ki, neft və qaz xalqımızın ən böyük maddi sərvətidir. Onları yerin tərkindən çıxarmaq üçün SOCAR-ımız var. Bəs SOCAR “CBC”-ni neyləyir? Hər il on milyonlarla manat vəsait bu iki “neft kanalı”nın dibsiz maliyyə quyusuna atılır. Rus dilində səmərəsiz söhbətlər, bədii və sənədli filmlər göstərilməsi üçün? Bəlkə erməni dilində xəbərlər səsləndirməkdən, o dili bizə unutdurmamaqdan ötrü?! Məşhur “Discovery” maarifləndirmə kanalının ayrı-ayrı filmləri təqdim olunur. Onlar da rus dilində. Pul çəlləyinin üstündə oturub pulumuzu xərcləyən oğlan! Bəlkə xəbərin yoxdur: “Discovery” Rusiyada rus dilində gecə-gündüz yayımlanır. Kabel televiziyalarında ölkəmizdə də göstərilir. Verirsənsə, bunu Azərbaycan dilində, amma keyfiyyətli ver ki, millət böyüklü-kiçikli baxıb biliklərdən bəhrələnsin.

Bir şeyi də birdəfəlik qanmalısan ki, rus dilini bilənlərin həm Rusiyada, həm Azərbaycanda böyük seçimi var. Heç kim sənin keyfiyyətsiz kanalını peyk anteni və ya internet vasitəsilə arayan deyil!! (Xüsusən, “Xosonı Baku”ya görə…).

Kanal seçimi zövq, təcrübə tələb edir. Əgər düyməcikləri basa-basa gəlib sevdiyin müğənnidə duracaqsansa, bu, təsadüfdür: müğənnilər özləri televiziya studiyalarını gəzirlər. Seçim prosesində telekanalın öz məhsulu əsas meyar olmalıdır.

Kənddə istirahət zamanı küçəmizdəki bir evin sahibəsindən süd, qatıq alırdım. Böyük mətbəxdəki televizor daim işləyirdi. Həmişə də “Space” kanalında. İlk dəfə düşündüm ki, qadın yəqin kanal gəzirdi, mən gələndə bunda qaldı. Sonra ev yiyəsinə yazığım gəldi ki, televizoru yalnız 1 kanalı göstərir. Beşinci dəfə soruşdum ki, belədirmi. Qadın qəşş etdi:

– Yox, 2500 kanal var.

Faciəyə bax: iki min beş yüz kanal arasından “Space” seçilib! Çəkinmədən deyə bilərəm ki, həmin qadın və qızları ərlərini telekanaldan daha tez-tez dəyişirdilər♥.

“Space” qətiyyən ciddi kanal deyil. O, sənətkarlıqdan məhrum olan keçmiş kinorejissor Vaqif Mustafayevin yaradıcılıq koması vəziyyətindəki eqosunu süni surətdə yaşatmaq üçün qurulan “kefkom”lar məclisidir. Çingiz Əhmədov, Kamran Həsənli… Baxsaydım, digər komediantları da tanıyardım. Xalqa bir-birinin doğum günü məclislərini təqdim edir, yeyib-içir, yallı gedirlər. Fonoqramdan səs “çilənir”, sponsorlardan pul gəlir…

Telekanal rəhbərləri təkcə kef məclislərini və əl hərəkətlərini göstərmir, özlərini bacarıqlı mütəxəssis, kreativ televiziyaçı, ağıllı şəxsiyyət kimi təbliğ edirlər. Ayıb deyilmi ki, onlar özgə verilişlərinin titrlərində öz adlarını yazdırırlar: “İdeya müəllifi …”, “Layihə rəhbəri …”?!! Bu yerdə Ramiz Mehdiyev yada düşür. Bilirsənmi neçə kitab müəllifinə təkid edib ki, onu həmmüəllifliyə götürsün? (Mən də bilmirəm. Heç özü də. “Yazdığı” kitablarda nədən bəhs olunduğunu da bilmir).

R.Mehdiyevi həmmüəllifliyə çox götürüblər. Çünki onun adı ilə nəşriyyat qapısını açmaq asanlaşırdı. Qurduğu, qoruduğu sistem belə işləyirdi.

Güman etmirəm ki, məqaləni burayadək yalnız həmfikirlərim oxuyublar. Lakin hətta onlar da maraqlana bilərlər ki, televiziya şirkətlərində müsbət məqamlar yoxdur? Niyə ki? Dublyajı saymasaq – yaxşı filmlər, çox zaman iyrənc olan şərhləri nəzərə almasaq – yüksək səviyyəli oyunlar. Və, əlbəttə, ayrı-ayrı şöbə, redaksiya və xidmətlərdə çalışan bəzi kadrlar. Zəhmətkeş, təvazökar insanlar. Yeri gəlmişkən, AzTV-də “Səhər” proqramının rəhbəri və aparıcısı var idi – Rəşad Mehdili. Teleməkanda öz sahəsinin lideri. Daha görünmür ekranda. Yəqin Rövşən-kilometrin düşüncəsiz kadr siyasətinin güdazına gedib. O qədər düşüncəsiz ki, yeni ştat yaradır və… tezliklə qapadır. İllərlə ixtisaslaşmış, işində püxtələşmiş adamı vəzifədən vəzifəyə, sonra …bayıra atır. Təcrübəli, bilikli işçinin çıxarılmasına yalnız təəssüflənmək olar. Şübhəsiz, belə gündən Rövşən Məmmədovun özü üçün də var. Amma o zaman heç kəs arxasınca “Heyf!” deməyəcək.

Söhbəti şəxslərdən (şəxsiyyətlərlə çaşdırma!) uzaqlaşdırmaq istəsəm də, non-qrat personlarının özləri buna imkan vermirlər. Xarici teleməkanda çoxmu “möhürlü” veriliş tanıyırsan? Mən ikisini xatırlayıram: “Pozner”, “Veçerni Urqant”. Əhalisi bizimkindən 15 dəfə çox olan Rusiyada. Bəs Azərbaycanda neçədir? “Ay Zaur” (“Xəzər”), “Mikayılla” (“Space”), , “Fatehin divanı» (İTV), “Nanəli”, “Zaurla günaydın” (ATV)… Günay Zaurun arvadı olduğundan, özünü proqramın birinci ledisi duya bilər…

Belə ad paradı nəyə bənzəyir? Yadıma mini-marketlər düşür: qapının üstündə özlərinin, oğul, qız, arvad, məşuqələrinin adlarını yazırlar.

Televizora baxmaq – onu çevirib arxasını seyr etmək deyil. Tamaşaçı məhz ekrana baxır və film, idman yarışı, hadisə, mənzərə, auditoriya, həmsöhbət və s. ekranda tam şəkildə görünməlidir. Amma bəzən ekran sahəsinin 15-25 faizi yad, başlıcası – gərəksiz yazılarla doldurulur. Məsələn, müzakirə edilən mövzunun adı ekranda saxlanılır. Hər 2-3 dəqiqədə təkrarlanan eyni xəbər, valyuta məzənnəsi, neft barrelinin, qızıl-gümüşün qiyməti… Bu informasiya kim üçünsə maraqlıdır. Amma iqtisadiyyat xəbərləri blokunda. Gün ərzində 1-2 dəfə. Heç kəs ekranda qiyməti gördükdə qaçıb pul dəyişmir, neft, qızıl almır. Bu işlərlə ciddi məşğul olanlar isə bankların, birjaların saytlarında “otururlar”.

…Və sonda – hava haqqında.

Hava haqqında danışan ol, amma olma havalı! Hava məlumatçısına görə Vaqif Mustafayevə xüsusi “RESPEKT”!

Eyni günün proqnozunu müxtəlif kanallarda fərqli görmüşəm. Xəbərlərin sonunda hansısa kanal hava məlumatını dolğun, digəri seyrək verir. “CBC” ekranının tutumu ayrı vaxt dəyişkən işıqlı rəngbərəng informasiya yamaqları ilə zəngindir. Ekran Yeni il “yolka”sını xatırladır. Xəbərlərin hava məlumatında isə əcaib dizaynlı pəncərələrdə Azərbaycan əhalisini maraqlandırmayan şəhərlər, məsələn, Sidney görünür. Bunu nəinki yazmaqdan əvvəl, yazandan sonra da düşünməyiblər. Beləcə – neçə ildir düşünmürlər.

A.ƏZİZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*