Geyiminə həssas Brejnev, kaprizli Pelşe, etinasız Suslov – Zıkina dərziləri necə mükafatlandırıb?backend

Geyiminə həssas Brejnev, kaprizli Pelşe, etinasız Suslov – Zıkina dərziləri necə mükafatlandırıb?

Belə bir deyim var ki, adamı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Yəqin ki, bu ifadə siyasi liderlərə aid deyil. Çünki onlar görüşdən əvvəl bir-biriləri haqqında yetərincə informasiyalara malik olurlar. Amma bütün bunlara baxmayaraq, dünyanın əksər ölkələrində birincilərin geyimi ilə xüsusi məşğul olan personal və xidmətlər mövcuddur.

SSRİ-nin mövcud olduğu dövrdə də bu məsələ diqqətdən yayınmayıb. 1930-cu illərin sonlarından isə rəhbərlərin qarderob təminatı rəsmiləşib, Mərkəzi Komitənin işlər idarəsinin tabeliyində əşya təminatı xidməti yaradılıb və bu xidmətin əsas obyekti Moskvanın çox tanınmış bir məkanında, Kutuzuv prospektində yerləşən xüsusi atelye olub. Uzun illər bu atelyeni “Kreml atelyesi” adlandırıblar. Məhz burada çalışanlar yalnız Kreml məmurları üçün geyimlər tikiblər – üst geyimlərindən tutmuş, ayaqqabılara, baş geyimlərinə qədər…

Xüsusi atelyenin ümumi giriş qapısından başqa ikinci bir girişi də olub. Bu qapı yüksəkçinli Kreml məmurları üçün nəzərdə tutulub. Nə İosif Stalin, nə Nikita Xruşov, nə Leonid İliç Brejnev, nə də Andropov və Çernenko heç vaxt atelyeyə təşrif buyurmayıblar. Mixail Qorbaçov isə ümumiyyətlə bu atelye haqqında çox da məlumatlı olmayıb və elə onun hakimiyyətinin son illərində atelye öz xüsusi statusunu itirib.

Uzun illər atelyedə işləyən Vasili Şimko rəhbərlərə xidmət göstərdiyi illərdəki maraqlı məqamları jurnalistlərlə belə bölüşüb:
“Mən Nikita Xruşovun dövründən xüsusi atelyedə işləməyə başlamışam. Bütün dövrlərdə digər böyük qurumlarda da, Müdafiə Nazirliyində, DTK-da, Daxili İşlər Nazirliyində və s. xüsusi atelyelər fəaliyyət göstərib. Amma buna baxmayaraq, həmin qurumların rəhbərləri bizim xidmətlərimizdən daha çox istifadə ediblər. Məsələn, daxili işlər naziri Nikolay Şelokov kostyum və paltolarını bizim atelyedə sifariş edirdi, DTK sədri Yuri Andropov da dərzilərimizi tez-tez kabinetinə çağırtdırırdı.

Andropov adətən tünd rəngli parçalara üstünlük verirdi. Paltosunu isə həmişə uzun tikdirirdi. Bir dəfə cəsarət edib ona iradımı bildirdim:

– Yuri Vladimiroviç, bu ölçülər standarta uyğun deyil, palto sizin dizinizdən çox aşağı düşəcək.

O, mənim bu iradıma əsəbiləşmədi və gülümsəyərək cavab verdi:

– Vasya, (Andropov mənə belə müraciət edirdi) gəl bir-birimizin işinə qarışmayaq, zövq məsələsində mübahisə etmək ağılsız bir işdir.

Andropovun görkəmi çox ciddi olsa da, o, çox mülayim adam idi.

Ən qəliz “müştəri”lərdən biri Siyasi Büronun üzvü, Partiya Nəzarəti Komissiyasının sədri Arvid Pelşe idi. Pelşeni geyindirmək sözün əsl mənasında problemə çevrilirdi. Təkcə parça seçiminə ən azı 10-15 gün vaxt lazım olurdu. Ölçü məsələsində isə Pelşe millimetrlərə qədər xırdalığa gedirdi. Amma sonda işimizdən razı qalırdı…”

Xüsusi atelyenin baş inzibatçısı işləmiş Olqa Frolovanın da xatirələrində maraqlı məqamlar çoxdur:

“Siyasi Büro üzvləti, Mərkəzi Komitənin katibləri çox nadir hallarda atelyeyə gəlirdilər. Adətən, bizim mütəxəssislər onların kabinetinə gedirdilər. Mixail Suslov, Konstantin Çernenko, Andrey Qromıko, Qriqori Romanov və bəzi digər məmurlar, ümumiyyətlə, bizim heç bir xidmətimizdən istifadə etmirdilər.

Suslov yerli trikotaj fabriklərinin istehsal etdiyi geyimlərdən istifadə edirdi. İşlər idarəsində hər geyimin istifadə müddəti müəyyən olunmuşdu. Məsələn, ildə iki dəfə alt paltarları, bir dəfə ayaq geyimləri, iki ildə bir dəfə baş geyimləri almağa icazə verilrdi. Suslov bu “reqlamentə” ciddi riayət edirdi. Hətta o, dövlət hesabına aldığı kostyumlarda ölçü problemi olanda belə bizə müraciət etməzdi. Bir az uzun, bir az gödək məsələsi onu narahat etmirdi.

Qromıko qarderobunu şəxsi vəsaiti hesabına zəngiləşdirirdi. Tez-tez xarici ölkələrdə səfərdə olan xarici işlər naziri səfər zamanı az da olsa geyim almağa vaxt tapırdı.

Leonid İliç Brejnev əvvəlki rəhbərlərdən fərqli olaraq geyim məsələsinə çox həssas yanaşırdı. O, kostyum tikdirəndə xoşladığı köynəklərin və qalstulların rəngini və naxışlarını əvvəlcədən dərziyə bildirirdi ki, parça seçimində uyğunluq yaratsınlar. Ümumiyyətlə, Leonid İliç zövqlü geyinməyi xoşlayırdı. Baş katibin ailə üzvləri də bizim atelyenin xidmətlərindən istifadə edirdilər…”

Uzun illər xüsusi atelyedə çalışan Qalina Tretyakova da atelyenin fəaliyyəti haqqında maraqlı açıqlamalar verib:

“Bəzi hallarda atelyenin təminatında problemlər yaranırdı. Keyfiyyətli xammal əldə etməkdə Ticarət Sənayə Palatası və “vneştorq” bizə kömək edirdi. Atelye bütün gücü ilə işləyirdi. Fəaliyyətimizdən narazı qalan yox idi. Eyni siyasətə qulluq edənlərin fərqli zövqləri olsa da, biz onların tələblərini, istəklərini yerinə yetirməyi bacarırdıq.

Birincilərin də bizə qarşı münasibəti yüksək səviyyədə idi. Biz maaşımızı, 13-cü əmək haqqını, bayram mükafatlarını Mərkəzi Komitənin işlər idarəsindən alırdıq. Yəni bütövlükdə tabeçiliyimiz bu idarəyə idi. Amma buna baxmayaraq, Moskva rəhbərliyi bizə həmişə böyük diqqət və qayğı göstərirdi. Moskvanın birinci katibi Viktor Qrişinin hər dəfə atelyeyə gəlməsi şəxsi problemlərimizin həllində böyük rol oynayırdı. Qrişin atelyedə çalışanların bir neçəsinə mənzil, digər bir neçə nəfərinə torpaq sahələri vermişdi. Məişət problemlərimiz olanda biz böyük ərklə ona müraciət edirdik, o isə böyük məmnunniyyətlə problemin həllində bizə öz köməkliyini əsirgəmirdi.

“Müştəri”lərimiz təkcə dövlət məmurları olmurdu. Kosmonavtlar, incəsənət xadimləri, tanınmış idmançıların da yolu atelyedən düşürdü.

Yaxşı yadımdadır, 1978-ci ildə Yeni il tədbirləri ərəfəsində iş gününün sonuna 5-10 dəqiqə qalmış SSRİ xalq artisti Lyudmila Zıkina atelyeyə gəldi. Bir neçə saatdan sonra Kremldə keçirilən tədbirdə çıxış etməli idi. Səhnə paltarında kiçik düzəlişlər etməyi bizdən xahiş etdi. Çox həyəcanlı idi. Dərzilərimiz zərgər dəqiqliyi ilə xalq artistinin istədiklərini etdilər. O, hətta onların bu peşəkarlığına təəcübləndi. Köməkçisi çantadan pul çıxarmaq istəyəndə inzibatçımız qəti şəkildə imtina etdi. Zıkina təşəkkürünü bildirib atelyedən çıxdı. Səhərisi gün işə gələndə atelyenin qarşısında bir maşın dayanmışdı, sürücü atelyenin açılmasını gözləyirdi. Nəhayət, biz qapını açıb içəri keçəndə, o bizə yaxınlaşdı:

– Sizə hədiyyə göndəriblər.

Mən təəccüblə soruşdum:

– Səhər-səhər nə hədiyyə? Kim göndərib? Bəlkə ünvanı səhv salmısınız? Bura atelyedir.

– Lyudmila Zıkina göndərib.

Sürücü bunları deyib maşından 3 iri qutunu atelyeyə gətirdi. Xalq artistinin göndərdiyi konyaklar və şirniyyat Yeni il bayramı üçün əsl sürpriz idi…”

1991-ci ildən sonra atelye öz statusunu itirib. İndi bu atelyedə istənilən şəxs arzuladığı geyimi sifariş edib özünü süquta uğramış SSRİ-nin “dövlət məmuru” kimi apara bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*