Girov kreditləri ilə bağlı VACİB AÇIQLAMA: Əgər qızıl qoyub pul götürsəniz…backend

Girov kreditləri ilə bağlı VACİB AÇIQLAMA: Əgər qızıl qoyub pul götürsəniz...

Son vaxtlar vətəndaşlar arasında qızıl girovu ilə kredit götürmək tendensiyası artmaqdadır. Qiymətli metalın dəyərinin sabitliyi və bazarda etibarlı təminat vasitəsi kimi qəbul olunması bu növ kreditlərə marağı daha da artırır.

Maraqlıdır, qızıl girovu ilə verilən kreditlərin faiz dərəcələri adi istehlak kreditlərindən fərqlənirmi və qızılın bazar qiymətindəki dəyişiklik bu kreditlərin şərtlərinə təsir göstərə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, qızıl girovu ilə kredit verilməsi “lombard krediti” adlanır və bu cür kreditlər həm lombardlar, həm də banklar tərəfindən təklif olunur.

Xalid Kərimli

Ekspertin sözlərinə görə, girovla verilən kreditlərdə risk az olduğundan faizlər də nisbətən aşağıdır:

“Ümumiyyətlə, təminatlı kreditlərdə faizlər daha əlverişli olur. Bu, təkcə qızıl deyil, digər təminatlı kreditlərə də aiddir. Çünki risk aşağıdır”.

Xalid Kərimli əlavə edib ki, qızılın bazar qiymətinin dəyişməsi kreditin şərtlərinə birbaşa təsir etmir. Yalnız qızılın qiyməti artdıqda, eyni miqdarda qızıl üçün daha çox məbləğdə kredit götürmək mümkündür:

“Məsələn, beş il əvvəl eyni qızıl üçün min dollar kredit almaq olurdusa, indi həmin qızılın dəyəri artdığı üçün üç min dollara qədər kredit almaq mümkündür. Amma qızılı girov verdikdən sonra onun qiymətinin dəyişməsi artıq kredit şərtlərinə təsir göstərmir.”

Ekspertin sözlərinə görə, istehlak kreditlərində də girovlu və girovsuz növlər mövcuddur. Girovlu kreditlərdə faizlər aşağı, girovsuz kreditlərdə isə risk çox olduğuna görə faizlər yüksək olur.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*