Girov tələbi götürüldü: Sahibkarlara – ŞAD XƏBƏRbackend

Girov tələbi götürüldü: Sahibkarlara - ŞAD XƏBƏR

Azərbaycanda əhalinin layiqli həyat səviyyəsini təmin etmək və sosial rifahını yüksəltmək, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafına xidmət üçün sahibkarlıq kreditlərinin verilməsi zamanı təminatla (girov) bağlı tələblər aradan qaldırılıb.

KONKRET.AZ bildirir ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata görə, son illərdə həyata keçirilən, konkret hədəflərə yönəlmiş məqsədyönlü islahatlar nəticəsində ölkədə biznes və investisiya mühitinin əlverişliliyi daha da artırılıb.

Həyata keçirilmiş islahatlar çərçivəsində ölkədə kredit zəmanət mexanizmi və həmin mexanizm çərçivəsində dövlət büdcəsi vəsaiti hesabına faiz subsidiyalarının verilməsi kimi maliyyə dəstəyi aləti yaradılıb.

2018-ci ilin sonlarından etibarən İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən kredit zəmanət mexanizminin və faiz subsidiyalarının verilməsinin tətbiqinə başlanılıb, bu dövr ərzində Fondun dəstəyi ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə (qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də, digər sənaye məhsullarının istehsalı və emalı) 41,759,000 manat məbləğində sahibkarlıq kreditlərinin verilməsinə nail olunub.

Dövr ərzində Fond tərəfindən mövcud problemlərin öyrənilməsi və kredit zəmanət mexanizminin təkmilləşdirilməsi məqsədilə dövri olaraq müvəkkil banklarla və sahibkarlarla görüşlər keçirilib, bu sahədə beynəlxalq təcrübə araşdırılaraq müvafiq təhlillər aparılıb.

Təhlillər kiçik və orta sahibkarlıq subyektlərinin banklara müraciət edərkən təminatla (girovla) bağlı yüksək tələblərlə rastlaşdıqlarını və nəticədə onların maliyyə mənbələrinə (kredit) çıxış imkanlarının məhdud olduğunu göstərib.

Aparılmış təhlillərin nəticəsi olaraq, zəmanət mexanizminin tətbiqində risklərin tənzimlənməsi baxımından tam yeni yanaşma tətbiq edilib və mövcud mexanizm çərçivəsində sahibkarlıq kreditlərinin verilməsi zamanı təminatla (girov) bağlı tələblər aradan qaldırılıb.

Həyata keçirilmiş dəyişikliklər nəticəsində artıq Fondun kredit reytinqi modelinə əsasən aşağı risk kateqoriyasına aid edilmiş, lakin təminat səviyyəsi qənaətbəxş olmayan sahibkarlar üçün Fondun zəmanəti ilə təminatsız sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılıb.

Mövcud mexanizm çərçivəsində verilən sahibkarlıq kreditləri üzrə təminata dair tələblərin aradan qaldırılması daha çox sahibkarlıq subyektinin maliyyələşməsinə, təminat yetərsizliyi olan sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılmasına, nəticə etibarilə iqtisadiyyatın şaxələnməsinə, iqtisadi aktivliyin və ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsinə şərait yaradacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*