Mən bu adamı 30 ildir ki, tanıyıram. 80-lərdə ADU-nu (indiki BDU) qurtarıb MEA-nın Geologiya İnstitutuna təyinatla gəlmişdim. İbrahim Quliyev 10 ildi bu institutda işləyirdi, elmlər namizədi idi. Azərbaycanca bir kəlmə bilmirdi, rusdilli idi. 90-ların əvvəllərində biz Azər Qasımzadə (Allahın rəhmətinə qovuşub) ilə İnstitutda Xalq Cəbhəsinin (AXC) özəyini yaratdıq. Artıq İnstitut direktorunun I müavini olan İbrahim Quliyev də bizə qoşuldu. Onun “yuxarıdan” göndərildiyini bilirdik, amma xətrinə dəymirdik. Həmin dövrdə mən artıq elmlər namizədi idim, həm də “Aydınlıq” qəzeti ilə əməkdaşlıq edirdim. Eyni zamanda İnstitutda AXC özəyinin divar qəzetini buraxırdım. İstər-istəməz İbrahim müəllimlə rastlaşırdıq, danışırdıq, münasibətlərimiz yaranırdı.
90-ların ortalarında Prezident Heydər Əliyev “Xalq Qəzeti”ni öz himayəsinə götürdü və “Aydınlıq” qəzetinin kollektivi “Xalqa” getdi. Mən də bir müddətdən sonra siyasi icmalçı kimi onlara qoşuldum. Akademiyadan getdim, amma Geologiya İnstitutunun rəhbərliyi, o cümlədən İbrahim Quliyevlə əməkdaşlığı davam etdirdim. Bu adamlar yaxşı alimdirlər, öz işlərini bilirdilər, amma azərbaycanca bilmirdilər. Mən təmənnasız, köhnə tanışlıq xatirinə onların məqalələrini, müsahibələrini həm tərcümə edirdim, həm də “Xalq Qəzeti”ndə verirdim. İnsafən, Mahal İsmayıloğlunun dövründə bu, çətin deyildi, mərhum təmənnasız redaktor idi.
Yaxşı yadımdadır, 2004-cü ildə AMEA-nın hələ Yer Elmləri bölməsinin rəhbəri olan akademik Akif Əlizadənin 70 yaşı bitirdi. İbrahim Quliyev onun həyat və yaradıcılığı haqqında rusca samballı bir məqalə hazırlamışdı və yubilyarın xoşuna gəlmişdi. Mən həmin məqaləni Azərbaycan dilinə tərcümə etdim və “Xalq Qəzeti”ndə verdim. Qəzetin redaktoru artıq Həsən Həsənov idi və “100 dollar”sız atasının da yazısını vermirdi. Mən birtəhər qılığına girdim (onda hələ münasibətlərimiz yaxşı idi) və yazının yarı qiymətini öz cibimdən verdim. Yazı Akif Əlizadənin və İbrahim Quliyevin xoşuna gəldi və onlar məni MEA-nın Yer Elmləri bölməsinə Mətbuat Xidmətinə dəvət etdilər. Yeri gəlmişkən, onda MEA-da mətbuat xidməti sistemi yox idi və hər şeyi sıfırdan başlamaq lazım gəldi.
Düzü çatdıra bilmirdim, bir yandan qəzetin işi, bir yandan mətbuat xidməti, bir yandan da akademiklərin məqalələrinin tərcüməsi. 10-15 qrankalıq (A4) elmi məqalənin tərcüməsi sizə asan gəlməsin, gecəm-gündüzüm yox idi. Hər məqalənin tərcüməsi bir neçə gün vaxt aparırdı, tərcümə pulu vermirdilər, üstəlik yazının qəzetdə çap pulunu da mən verməli olurdum. Məni yarım ştata elmi işçi götürmüşdülər, aldığım 150 manat da belə gedirdi. Halbuki, bir elmi məqalənin tərcüməsi hardasa elə bu qədər edirdi. Ona görə də. 2008-ci ildə Bakı Polisinin rəhbərliyi məni “Polis” qəzetinə redartor dəvət edəndə ikiəlli razılaşdım…
- Mən “Polis” qəzetində hardasa 10 il işləmişəm. Bu müddətdə MEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin 10-15 elmi məqaləsini tərcümə etmişəm. Yeri gəlmişkən, akademikin qəribə iş manerası vardı, məni AMEA-nın Prezidiumuna dəvət edir, işimdən-gücümdən avara edirdi. Mən rəsmi ərizə yazıb icazə alırdım, Akademiyaya yollanırdım. İbrahim müəllim məni hörmətlə qəbul edir, hətta çay təklif edirdi. Deyirdi ki, bu yaxınlarda AMEA-nın Neft İnstitutu açılacaq, direktor özü olacaq, məni də dərhal yarım ştata, yaxşı maaşa dəvət edəcək. Və tərcümə üçün bir-iki samballı elmi məqalə verirdi. Dostlar deyəcək ki, mən niyə avam olmuşam, gopçu akademikin yalanlarına aldanmışam. Əvvəla, AMEA-nın Neft İnstitutu doğrudan da açıldı və İbrahim Quliyev direktor təyin edildi, amma məni işə dəvət etmədi. Sonra, məni Bakı Polisdə pis öyrətmişdilər. Polisdə bir zabit, xüsusən də yüksək çinli rəis sənə söz verdisə, deməli 100 faiz həyata kecəcək. Amma Akademiyada hətta akademiklər gopçu imiş…
2017-ci il şəxsən mənə, ümumən bizim ailəyə qara gəldi. Səhv etmirəmsə, ilin əvvəlində Bakı Polisin rəis dəyişdi, sonunda isə mənim tələbə oğlum evimizin yanında 3-4 avtomobilin iştirakı ilə qəza törətdi. Ölən və yaralananlar oldu, məsələni araşdıran isə olmadı, oğlumu həbs etdilər. Bu hadisədən sonra yeni rəhbərliyin də mənə münasibəti dəyişdi. Necə deyərlər, adama “get” demirlər, amma qapını göstərirlər. Artıq 2018-in payızı idi və İbrahim Quliyev mənə zəng etdi. Adəti üzrə “gəl” dedi, mən də getdim. Dedi AMEA-nın prezidentinə mətbuat katibi lazımdır, işləyərsənmi?! Dedim işləyərəm, dedi get, president səni gözləyir. Prezident akademik Akif Əlizadə idi, məni yaxşı qəbul etdi, hətta çay da təklif etdi. Danışdıq, razılaşdıq, dedi İbrahim müəllimlə əlaqə saxlayarsan, işə çıxarsan . Qəbuldan sonra İbrahim müəllimin yanına qayıtdım. Mənə bir “flyaş”da tərcüməlik material verdi, dedi nə vaxt işə çıxırsan? Dedim bir fəaliyyət proqramı hazırlayım, gəlim. Razılaşdıq…
İşə qayıdan kimi Bakı Polisin rəhbərliyinə məruzə etdim, dedim mən gedirəm. Ərizəmi yazdım, sonra bir həftə gecə-gündüz yatmayıb materialları tərcümə etdim, üstünə də fəaliyyət proqramını əlavə edib imeyllə İbrahim müəllimə göndərdim. Bir gün keçdi, üç gün keçdi, səs gəlmədi. İbrahim Quliyevə zəng etdim, cavab vermədi. Ertəsi gün bir neçə dəfə daqlbadal zəng etdim, yenə cavab vermədi. Axşamüstü özü zəng etdi ki, dalbadal zəng edib məni narahat eləmə, lazım gəlsə özümüz səni taparıq. Mən bir həftə gözlədim, sonar İbrahim müəllimin “flyaş”ını (yəqin yadından çıxmışdı!) zibil yeşiyinə atdım. İçində ayrı materiallar da vardı – gücüm nəyə çatırdı?!
Artıq gopçu akademikin zəngindən 2 il keçir… Lazim “muəllim” gəlmir, mən də işsizəm…
P.S. Rus dilinde bir ” ПОРЯДОЧНОСТЬ” sozu var, Azərbaycan diline “ALICƏNABLIQ” kimi tərcume olunur…