Gopçu “yapçılar” YAP-ı və iqtidarı gözdən salmağa çalışırbackend

Gopçu "yapçılar" YAP-ı və iqtidarı gözdən salmağa çalışır

Bu gün azərbaycanlılar dünyanın ən bəxtəvər xalqıdır. Çünki bu xalq 30 illik bir töhmətdən qurtulub. 3-5 ilə mümkünsüz olanı Azərbaycan xalqı cəmi 44 günə mümkün edib. Azərbaycan tək Ermənistanla deyil, dolayısı ilə xristian dövlətlərinin ən öndə gedənləri ilə mübarizədən qalib çıxıb. Bu böyük qələbənin memarı Prezident İlham Əliyev, icrası isə mübariz Azərbaycan xalqıdır.

Ona görə də istər xalqımız, istərsə də onun lideri hər cür tərifə, hər bir xoş sözə layiqdir. Amma neyləyək ki, təriflərimiz bəzən şit və boğazdan yuxarı olur. Bəzənsə tərif yarışına duranlar nə dediyinin belə fərqinə varmır. Dediyi sözün məsuliyyətini anlamayanın sıradan bir adam olması təbii ki, başa düşüləndir. Lakin məsuliyyətsiz sözün sahibi dünya görmüş, 50 illik partiya və dövlətçilik təcrübəsi olan bir şəxs olanda adamın əli yerdən-göydən üzülür. Eynən Əli Həsənov kimi. Söhbət YAP sədrinin müavini Əli Həsənovdan gedir. El arasında digər Əli Həsənovdan fərqləndimək üçün ona “qaçqınkom Əli” deyirlər…

Çoxdan səssizliyə çəkilən Əli müəllim, nəhayət, bu günlərdə sükutu pozdu. Azərbaycan xalqının və Ali Baş Komandanın qələbə təntənəsinə o da tərif dedi. Amma çox təəssüf ki, qaş düzəltdiyi yerdə vurub gözü çıxartdı. Bizim bu Əli müəllim deyir ki, “İlham Əliyev istəsəydi, bir gündə Xankəndiyə də, Laçına da, Kəlbəcərə də daxil olardı. Amma bunu etmədi”.  Sözə bax, haa…

Bu fikirləri hansısa bir Atobba, Fatmanisə, Güloğlan yox, YAP sədrinin müavini deyir. Necə yəni İlham Əliyev istəsəydi, Xankəndiyə daxil olardı, amma olmadı. Başa düşmürəm, bəyəm ölkə başçısı istəmirdi ki, Xankəndi də, Xocalı da, Əsgəran da erməni mundarlığından təmizlənsin?! Əlbəttə, istəyirdi. Özü də 10 milyonluq Azərbaycan xalqından daha çox. Amma, hörmətli Əli Həsənov deyir ki, “Əgər Azərbaycan o ərazilərə daxil olsaydı, Rusiya kənarda qalacaqdı”. Yenə anlamadım. “Priçom, tut Rossiya”. Bəyəm, ölkə başçısı ordumuzun Xankəndiyə hücum əmrini Rusiyanın xətrinə vermədi (!)? Vallah Məşədi İbad demiş, mən 35 ilin yazı-pozu adamı Əli müəllimin bu sözlərini başa düşmədim, bəs Gədəbydəki, Qusardakı, Yardımlıdakı füqəralar bunu necə başa düşəcək.

Əli Həsənovun sözündən belə çıxır ki, Azərbaycan Prezidenti Rusiyanın siyasi maraqları, daha doğrusu, Vladimir Vladimiroviçin xatirinə Azərbaycan Ordusunun zəfər yürüşünü durdurdu. Və Əli müəllim fikrini inkişaf etdirərək deyir: “Bununla Azərbaycan Prezidenti Rusiyanın, Putinin hörmətini artırdı. Sağ olsun, Vladimir Putin də borclu qalmadı”. Vallah əziz oxucu, bu “uje” bazar söhbətinə döndü. Necə yəni? Biz belə elədik, rus elə elədi, Putin də borclu qalmadı…

Bu yerdə dözməyib 50 ilin partiya, dövlət işçisi və YAP sədrinin müavininə hayqırmaq istəyirəm: Dayan! Azərbaycan Prezidenti 10 noyabr anlaşmasına nə Putinə, nə də Rusiya dövlətinə görə imza atmadı. Bilirsiniz, anlaşmanı niyə imzaladı?

BİRİNCİSİ, 10 noyabr anlaşmasındakı bütün bəndlər Azərbaycanın dövlət və milli maraqlarına tamamilə uyğun idi. Yəni anlaşma Azərbaycanın ərazi bütövlüyünə təminat yaradırdı, suverenliyini qoruyurdu. Ona görə də İlham Əliyev bu anlaşmaya imza atdı.

İKİNCİSİ, bu anlaşma hesabına hələ Yuxarı Qarabağı demirəm, Kəlbəcər, Ağdam və Laçın rayonlarının əraziləri heç bir döyüş əməliyyatı keçirmədən Azərbaycanın nəzarətinə keçdi. Biz 10 noyabra qədər bir çox ərazilərimizi döyüş yolu ilə düşməndən azad etdik. Bu yolda 2 min 8 yüzdən artıq igid hərbçimizi qurban verdik, xeyli miqdarda maddi və texniki itki ilə üzləşdik. Bu hesabla Kəlbəcərin, Ağdamın, Laçının və Yuxarı Qarabağın işğalçılardan azadlığı üçün ən azı 10 min hərbçimizin canından keçməliydik. Hələ hərbi xərcləri və digər itkiləri demirəm. Bax, bu səbəblərə görə İlham Əliyev 10 noyabr anlaşmasına imza atdı. Hörmətli Əli müəllim, siz deyən səbəblərə görə yox…

ÜÇÜNCÜSÜ, müharibə artıq çətin dağlıq relyefə malik ərazilərdə gedirdi. Üstəlik, qarlı-şaxtalı qış qapımızı döyürdü. Belə bir şəraitdə müharibəni daha əvvəlki sürətlə aparmaq mümkün deyildi. Ona görə Azərbaycan Prezidenti 10 noyabr anlaşmasına imza atdı.

DÖRDÜNCÜSÜ, ABŞ-ın prezident seçkilərindən, Avropanın isə pandemiyadan başları ayılırdı. Nəzərə alaq ki, noyabrın 8-də ABŞ–da prezident seçkiləri keçirildi. Bundan cəmi 2 gün sonra isə sülh anlaşması imzalandı. Bəllidir ki, ABŞ, Fransa və Rusiya ATƏT Minsk qrupunun həmsədrləridir. Bu dövlətlər də ermənipərəst mövqe nümayiş etdirdikləri üçün münaqişə 30 ilə yaxın uzandı. İkinci Qarabağ müharibəsi uzanacağı təqdirdə bu dövlətlərin məsələyə aktiv müdaxiləsi ola bilərdi. Və bu müdaxilə yəqin ki, bizim xeyrimizə olmayacaqdı. Dövlətimizin başçısı bütün bunları nəzər alıb anlaşmaya imza atdı, Vladimir Putinə görə yox, ay Əlİ müəllim!

BEŞİNCİSİ, 44 günlük müharibə dövründə Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdi ki, bizim dediyimiz şərtləri Ermənistan hökuməti qəbul etdiyi anda biz müharibəni dayandırmağa hazırıq. Və 10 noyabr anlaşmasındakı bəndlər və şərtlər gözlədiyimizdən də yaxşı oldu. Ermənistan hərbi kapitulyasiyaya məruz qaldı. Məhz ona görə də Azərbaycan sülhə razı oldu.

Bax, hörmətli Əli müəllim, 10 noyabr sülh anlaşmasına Azərbaycan Prezidenti yuxarıda sadaladığım səbəblərə görə imza atdı. Sizin dediyiniz kimi, Putinin xətrinə yox.

O ki qaldı dediyiniz fikrə ki, “Putin dəfələrlə bəyan etdi ki, Azərbaycan öz torpağında müharibə aparır, ixtiyarımız yoxdur ki, Paşinyanın müraciəti ilə kömək edək”. Bu fikrinizə də düzəliş edim. Vladimir Vladimiroviç demişdi ki, “Müharibə Azərbaycanın ərazisində getdiyi üçün ora kənar dövlətlərin müdaxiləsi yolverilməzdir”. Hə, bir də Putin dedi ki, “Rusiya öz milli maraqlarını kimlərinsə ambisiyasına qurban vermək fikrində deyil”.

Bax, belə… Əli müəllim, gördüyünüz kimi, Azərbaycan Prezidentinin atdığı bütün addımlar milli maraqlara hesablanıb. Heç bir dövlətin, heç bir digər ölkə liderinin maraqları Azərbaycan dövlətinin mənafelərindən və maraqlarından üstün ola bilməz. Bunu prezident İlham Əliyev son 17 ildə bəlkə də 100 dəfə göstərib, sübut edib. Ona görə də siz çox böyük yanlışlığa yol verirsiniz. Bu isə sizin nə təcrübənizə, nə də ki tutduğunuz posta yaraşmır. Belə bir söz var, “Danışmaq gümüşdürsə, susmaq qızıldır”. Bəzən insan susanda daha müdrik görünür.

Əli müəllim söylədiyi fikrlərdə daha bir yanlışlığa yol verib. Deyir ki, “Yadıma gəlmir ki, hökumət hər hansı vacib təşəbbüs irəli sürsün, Prezident qəbul etsin. Həmişə təşəbbüskar Prezident özü olub”.

Vallah bu fikri də başa düşmədim. Bununla Əli müəllim nəyi sübut etmək istəyir: “Hökumətin fərsizliyini, yoxsa prezidentin dominantlığını? Hansı yöndən baxsan, bu sözlər yanlış və səhvdir. Belə çıxır ki, Nazirlər Kabineti bürokratik bir aparatdır. Heç bir fəaliyyəti və təşəbbüsü olmayan bir qurumdur. Və yaxud hökumət heç bir təşəbbüslə çıxış etmir, ona görə ki, Prezident o təşəbbüsləri eşitmir. Və ona görə də bütün təşəbbüslər Prezidentdən gəlir.

Əslində, mən Əli Həsənovun nə demək istədiyini bilirəm. Əli müəllim bir qədər orijinal və məlumatlı şəxs kimi danışmaq istəyib. Amma göründüyü kimi, Əli Həsənov türklər demiş bir çuval malı bərbad edib. Təbii ki, Əli müəllimin dediyi fikirlər onun YAP-da tutduğu statusla qətiyyən uyuşmur. Bu cür fikirlər və sözlər YAP-ı və hökuməti gözdən salır. Elə deyilmi, Əli müəllim?!..

Surxay Arakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*