Güclü qar nəticəsində 72 kilometrlik Cəlilabad-Yardımlı yolunda hərəkət bir neçə gündür ki, kifayət qədər məhdudlaşıb. Cəlilabad-Yardımlı istiqamətində olan kəndlərdə qarın hündürlüyü 40 sm-ə çatıb.
KONKRET.az xəbər verir ki, bu yolla bağlı rayonun Buravar, Badamağac, Əsədli, Ləkin, Musalı, Şatırlı və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaradıb.
Yerli sakinlərin sözlərinə görə, bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 30-40 santimetrə qədər çatıb. Cəlilabad rayon icra hakimiyyətinin müavini, fövqəladə hallar komissiyasının sədri Qalib Xudaverdiyevin verdiyi məlumata görə, 3 gündür aramsız yağan qarın hərəkət çətinliyi yaratdığı yolda qar təmizləyən texnika və işçi qüvvəsi səhər saatlarından başlayaraq yolun açılmasını həyata keçirirlər.
Qeyd edək ki, bölgədə qar yağışı fasilələrlə davam edir. Ən çox qar ucqar dağ kəndlərində yağıb, burada qarın hündürlüyü 30-40 sm-ə çatır. Sinoptiklər gün ərzində yağıntının davam edəcəyini və bəzi yerlərdə intensivləşəcəyini bildirir.