“Güclülər qalib gəldi, zəiflər isə məğlub oldu” – Fəzail Ağamalıbackend

“Güclülər qalib gəldi, zəiflər isə məğlub oldu” – Fəzail Ağamalı

Xəbər verdiyimiz kimi, 6-cı çağırış Milli Məclis artıq bir neçə gün bundan əvvəl öz işinə başlayıb.

KONKRET.az parlamentin ilk iclasında gedən proseslər və digər məsələlərlə bağlı Salyan-Neftçala seçki dairəsindən deputat seçilən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdan müsahibə alıb.

– Fəzail bəy, Milli Məclis artıq öz işinə başlayıb və sədr təyin olunub. İkin verilən qərarları necə  dəyərləndirirsiz?

– Bəli, biz artıq bir neçə gün bundan öncə tarixi bir prosesin nöqtəsini qoyduq. Konstitusiya Məhkəməsi 6-cı çağırış millət vəkillərini təsdiq etdi. Martın 10-da cənab Prezidentin iştirakı ilə Milli Məclisin ilk iclası keçirildi. Həmçinin parlamentin rəhbər orqanlarına seçkilər baş tutdu. Və artıq Milli Məclisi formalaşmış bir parlament kimi qiymətləndirmək olar. Bundan sonra biz təbii ki, komitələr və parlament səviyyəsində qanunların müzakirəsinə başlayacağıq. Bütövlükdə bundan sonra da parlament özünün sərhədləri daxilində fəaliyyətini quracaq. Tamamilə əminəm ki, xalqın ondan gözləntilərini doğrultmağı bacaracaqdır.

– Sizin fikrinizcə, bu dəfəki parlamentdə seçilmişlər oldu, yoxsa təyin olunmuşlar?

– Öncə deyim ki, bu ifadə xalq tərəfindən etimad göstərilməyənlərin və parlamentə seçilməyənlərin kəşfidir. Parlament seçkiləri yetərincə gərgin keçdi, ciddi və siyasi rəqabətlə müşahidə edildi. Əvvəla əvvəlki seçkilərdən fərqli olaraq, burada çoxsaylı namizədlər seçilmə şanslarını ortaya qoydular və öz imkanlarını ölçüb biçmə niyyəti ilə seçkiyə qatıldılar. Onların  içərisində gənclər xüsusi ilə fəal idi. Bu da müsbət haldır və görünən odur ki, Azərbaycan gəncliyi bütövlükdə (Qeyd edir: Ayrı-ayrı epizodları çıxmaq şərtilə) özünün dövlətçiliyinə, ölkəmizdə gedən siyasi proseslərə kifayət qədər aktiv münasibət bəslədiyini nümayiş etdirdi. Və dövlətçiliyimizin qorunmasında iştirak etmək, həmçinin seçildikdən sonra öz potensialını, dünya görüşünü və biliyini sərf etmək niyyətini ifadə etdi. Dairələr üzrə namizədlər çox olsa da, hər dairədən bir namizəd seçilməliydi. Və daha çox o şəxslərə üstünlük verildi ki, onlar siyasi proseslərdə kifayət qədər təcrübəli idilər. Seçilmiş olduqları dairələrdə insanlarla  əhəmiyyətli və ciddi şəkildə ünsiyyət qura bilmişdilər. Həmin dairədə olan insanların içərisində yer almışdılar, onlara açıq olmuşdular. Eyni zamanda, onların üzləşmiş olduqları problemlərin (Qeyd edir: Öz səlahiyyətləri daxilində) həll edilməsi üçün kifayət qədər çalışmışdılar. Bu cür insanlara seçkidə üstünlük verildi. Yeni namizədlərin təbii ki, böyük siyasi təcrübələri yox idi. Həmçinin, onların mütləq əksəriyyətini həmin dairələrdə sadəcə seçki prosesində tanıdılar. Bir şəxsin Milli Məclis kimi ciddi bir qurumda fəaliyyət göstərməsi üçün bir aylıq müşahidə müddəti kifayət deyil. Nəzərə alsaq ki, bəzi dairələrdə 40-dan çox məntəqə var idi və bir ay ərzində hər məntəqədəki evləri gəzmək, insanların hamısı ilə ünsiyyət qurmaq, onların rəğbətini qazanmaq mümkün ola bilməzdi. Həm də ki, onlar bu vaxta qədər nə siyasətçi kimi cəmiyyətdə özlərini tanıdıblar, nə mediaya açıqlama  veriblər, nə də özlərini çalışdıqları sahələrdə peşəkar kimi təqdim ediblər. Belə olan halda o, bir ayda ən populist çıxış etsə belə insanlar ölçür, biçir və layiq olanı seçir. Namizədlərdən daha çox dövlətçiliyə töfhə verə bilən, bu siyasi proseslərdə indiyə qədər üstün mövqedə çıxış edən, xalqla iç-içə, dövlətlə bərabər olan şəxslərə xalq üstünlük verdi. Yeni gələnlər arasında sosioloq, politoloq və ya bir iqtisadçı kimi KİV-lərdə çıxış edənlərin xeyli hissəsini mən bu dəfə məclisdə gördüm. Və beləliklə üstün keyfiyyətlərə malik olanlar xalqımız tərəfindən etimad göstərilərək seçildi, güclülər qalib, onlardan zəiflər isə məğlub oldu. Bu baxımdan seçkilər düşünürəm ki, şəffaf, demokratik, azad və ədalətli keçdi. Məğlub olanlara sözüm budur ki, qoy özlərini gələcək siyasi mübarizələr üçün bundan sonra da elə yetişdirib hazırlasınlar ki, gələcək siyasi mübarizədə nəyəsə nail ola bilsinlər. Çalışsınlar ki, populizmdən kənar olsunlar, özlərini xalqa təqdim edə bilsinlər. Üstəlik, güclü namizədin arxasınca düşərək onun haqqında qara piardan, həmçinin ayrı-ayrı saytlara pul verib, mənbəyi bilinmədən meydana çıxan internet tv-lər vasitəsilə qarayaxmalar etməsinlər. Bu yaxşı yol deyil. Eyni zamanda kiminsə vasitəsi və tapşırığı ilə namizədə, həmçinin seçkilərə mane olmaq niyyəti ilə, seçkilərdə problem yaratmaq üçün qoşulmasınlar. Çünkİ belə hallar onların tərcümeyi-halına heç də müsbət elementlər gətirmir. Sadəcə olaraq seçkilərə səmimi, qanun çərçivəsində qoşularaq xalqın etimad və inamını qazansınlar.

– 6-cı çağırış əvvəlkilərdən nə ilə fərqlənəcək?

Əvvəla, bu parlament, ölkədə aparılan və geniş miqyas daşıyan islahatların əsas tərkib hissəsidir. 2018-ci ilin aprelində prezident İlham Əliyev yenidən Azərbaycan xalqının yüksək etimadını qazanaraq dövlət başçısı seçildikdən sonra ciddi islahatlara start verdi. Ali və icra strukturlarında əhəmiyyətli islahat aparıldı, yeni hökumət təşkil olundu. Prezident Administrasiyasında struktur dəyişikliyi oldu, Baş nazir daha gənc, enerjili, kifayət qədər təcrübəsi, yüksək intellekti olan Əli Əsədovla əvəz olundu. Demək olar ki, hökumət 40-60 yaş arasında, ayrı-ayrı sahələr üzrə cəmiyyətimizdə nüfuz qazanan, təcrübə əldə edən insanlardan formalaşdı. Daha sonra Nazirlər Kabinetinin özündə də struktur dəyişiklikləri aparıldı. Məhkəmə-hüquq sisteminin yenidən qurulması və islahatların aparılması haqqında cənab Prezident sərəncam və fərmanlar verdi. Artıq orada da proseslər başlayıb və ümidvaram ki, həmin proseslər bundan sonra daha intensiv xarakter daşıyacaq. Hakimiyyətin iki qolunda əgər islahatlar aparılırsa, deməli, parlamentdə də bu aparılmalı idi. Parlament də bu prosesdən kənarda qala bilməzdi və növbədənkənar parlament seçkilərinə qərar verildi. Bu gün Milli Məclisə 42 yeni sima gəldi. Parlamentin yeni rəhbərləri artıq Milli Məclisdə seçildi və çoxlarının gözləmədiyi proses yekun həllini tapdı.

Fəqan Muxtar

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*