Güney Azərbaycan müstəqil olur, yoxsa Azərbaycana birləşir? – ƏTRAFLIbackend

Güney Azərbaycan müstəqil olur, yoxsa Azərbaycana birləşir? - ƏTRAFLI

Güney Azərbaycanda başlayan azadlıq hərəkatı son günlər daha geniş vüsət alıb. Soydaşlarımız tərəfindən həm yeni dövlət qurmaq, həm də Azərbaycanla birləşmək şüarları səslənir. Nəzərə alsaq ki, mövcud hərəkatın son illərin ən mütərəqqi, məqsədyönlü və strateji hərəkatına çevrilməsi hadisələrin həm də nəticəsiz yekunlaşmayacağından xəbər verir.

Maraqlıdır, Güney Azərbaycan azadlıq hərəkatı müsbət nəticə ilə yekunlaşsa, onun müstəqilliyini elan etməsi daha böyük ehtimalıdır, yoxsa Azərbaycana birləşməsi?

Ümumiyyətlə, mövcud şəraitdə proseslərin gedişini necə dəyərləndirmək olar?

KONKRET.az-a danışan Güney Azərbaycanlı siyasətçi, Azərbaycan Mərkəzi Partiyasının başqanı Saleh Kamrani bildirib ki, artıq 55 gündür ki, İran rejiminə qarşı xalq ayağa qalxıb və ölkənin hər yerində müxtəlif millətlər tərəfindən ciddi mübarizəyə start verilib:

“Bu mübarizənin xüsusiyyətlərindən biri budur ki, ilk növbədə davamlılığını qoruyub, genişmiqyaslıdır. Ən əsası da qadınlar bu prosesdə ciddi fəallıq göstərirlər. Çünki bundan əvvəlki proseslərdə biz belə bir məsələyə şahid olmamışıq. İkinci məqam isə bundan ibarətdir ki, aksiyalar ölkənin müxtəlif millətlərinin yaşadığı coğrafiyada eyni anda davam edir ki, bu da hadisələrin rejim tərəfindən nəzarətdə saxlanıla bilməməsinə səbəb olur. Hərəkatın digər bir özəlliyi isə artıq yeniyetmələrin də aksiyalara qatılmağı, bununla da proseslərin yeni mərhələyə qədəm qoymasıdır”.

“Güney Azərbaycanlılar lap əvvəldən bu aksiyaların tərkibində yer alıb və bu günə qədər də fəaliyyətlərini bu istiqamətdə davam etdirirlər. Bu yolda on minlərlə soyadışımız həbs edilib və rejim tərəfindən qətlə yetirilib. Kərəc şəhərində azərbaycanlı xanım Hədis Nəcəfi və 16 yaşlı Əsra Pənahinin rejimin cinayətlərinin qurbanı olmasını xüsusilə qeyd etmək istəyirəm.

Əlbəttə ki, onlar kimi bir çox Azərbaycan qadını da bu yolda həyatlarını itiriblər. Bu baxımdan, aksiyalarda səsləndirilən şüarlara xüsusi ilə diqqət yetirmək və analiz etmək lazımdır. Çünki aksiyalarda 2 şüarın daha çox nəzərə çarpdığını deyə bilərik. Bunlardan biri İran rejimi əleyhinə səslənən “Ölüm olsun dikaturaya”, digəri və ən əsası isə “Azadlıq, ədalət və milli hökumət” şüarlarıdır. Yəni, azərbaycanlılar bu şüarları səsləndirməklə özləri üçün milli dövlət qurmaq istədiklərini bəyan edirlər”, – deyə siyasi fəal vurğulayıb.

Müsahibimizin sözlərinə görə, “Milli dövlət, Milli hökumət” şüarları məhz İran ərazisində yeni dövlətin qurulmasını nəzərdə tutur:

“Əlbəttə ki, bu dövlət şəraitə uyğun, millətimizin və xalqımızın iradəsinə söykənərək federasiya kimi də formalaşa bilər, sadəcə bir müstəqil dövlət kimi də. O da mübarizənin gedişindən, xalqımızın iradəsindən və regional, beynəlxalq konyukturlardan asılı olacaq. Çünki biz aksiyalar başlayandan gündən etirazlaçıların hər hansı dağıdıcı, cinayət kimi xarakterizə edilən əməllərinə şahid olmamışıq. Buna baxmayaraq, etirazçıların keçmiş aksiyalardan fərqli olaraq təhlükəsizlik qüvvələrinin qarşısından qaçmasını yox, müqavimət göstərmələrini müşahidə edirik. Düzdür, bəzi bölgələrdə İran rejiminə mənsub qüvvələrin öldürülməsini eşidirik, amma, ümumiyyətlə, xalq tərəfindən olan aksiyalar daha çox dinc şəkildə davam edir”.

“Lakin azərbaycanlıların mövqeyi bu məsələdə daha fərqlidir və onların meydanda hansı amalla olması ciddi əhəmiyyət daşıyır. Çünki azərbaycanlılar say baxımından İranın çoxluğunu təşkil edir və geniş bir coğrafiyada kompakt şəkildə yaşayırlar. Azərbaycan və Türkiyə sərhədlərindən İranın siyasi mərkəzi olan Tehrana və Quma qədər azərbaycanlılar məskunlaşıblar. Lakin xalqın istənilən halda tələbi birdir: İran rejiminin dəyişməsi və süquta uğraması. Burada isə Azərbaycan və Türkiyə mediası mühüm rol oynayır. Ona görə ki, bu ölkələr Güney azərbaycanlılarla eyni soydan, eyni dildəndirlər. Bu baxımdan onların Güney Azərbaycanda olan aksiyalara birbaşa təsirləri var. Odur ki, hesab edirəm siyasi xətti aksiyaların hədəflərinə uyğun şəkildə yürütmək daha doğru və daha əlverişli olacaq”, – deyə Kamrani fikirini əsaslandırıb.

Partiya başqanı onu da əlavə edib ki, Azərbaycan milli hərəkatı öz müqəddəratını təyinetməsini qarşısına məqsəd qoyub:

“Öz müqəddəratını təyin etmək prinsipi isə odur ki, Güney azərbaycanlılar öz dövlətini qurmağı, gələcəklərini özlərinin təyin etməsi hədəfini qarşılarına məqsəd qoyublar. Hərçənd ki, Azərbaycan milli hərəkatının əksəriyyəti həmişə istiqlal məfkurəsini dəstəkləyib və siyasətlərini də bu istiqamətdə yürüdüblər. Ancaq buna baxmayaraq, yekun nəticə mövcud şəraitdən və gedişatdan asılıdır”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, siyasi ekspert Elçin Mirzəbəyli isə KONKRET.az-a açıqlamasında bildirib ki, Güney Azərbaycanda milli azadlıq hərəkatları hər zaman olub, bu, yeni dövrün reallıqları deyil:

“Təəssüflər olsun ki, ötən əsrdə Güney Azəbaycanda baş tutan 3 siyasi hərəkat və qısamüddətli dövlətlər beynəlxalq birliklər tərəfindən dəstəklənmədiyi üçün süquta uğrayıblar. Bu gün mövcud molla rejiminin iddialarından asılı olmayaraq bu ölkədə yaşayan ümumi türklərin sayı təxminən 45 milyona qədərdir. Düzdür, bu sayla bağlı müxtəlif rəqəmlər səsləndirilir, amma rejimin özünün hələ 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatına dil müstəvisində təqdim etdiyi hesabatda Azərbaycan türkcəsində danışanlarının sayının İran əhalisinin 32 faizini təşkil etdiyi bildirilib. Məsələyə bu aspektdən yanaşanda deyə bilərik ki, real mənzərə türklərin İran adlanan dövlətin əhalisinin əhəmiyyətli hissəsini təşkil etməsidir. Onlar bu dövlətin çoxluğudur. Baxmayaraq ki, İran konstitusiyası ilə onlara hətta etnik azlıqlara verilən hüquqlar belə, verilməyib, bununla bağlı mövcud rejimin absurd iddiaları, absurd yanamaşları var”.

“İndiki şəraitdə Güney Azərbaycanda cərəyan edən proseslər, həmçinin rejimin davranışları sübuta yetirir ki, nə qədər molla rejimi İranda hakimiyyətdədir, bu ölkədə heç vaxt Azərbaycan türklərinin və digər xalqların hüquqları təmin edilməyəcək. Azərbaycanlıların layiq olduqları və konstitusiya ilə hüquqlarının təmin edilməsi sual altında qalacaq”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan türkləri öz hüquqlarını müdafiə etmək, qorumaq və ölkənin çoxluğu kimi öz haqlarına sahib olmaq hüququna malikdirlər:

“Burada söhbət bir neçə min və ya yüz minlərlə insanın taleyindən yox, milyonlarla insanın taleyindən gedir. Mövcud beynəlxalq hüquq çərçivəsində onların öz hüquqlarını bərpa etmək və gerçəkləşdirmək istiqamətində bütün addımları atmaq hüquqları var. Təbii ki, biz bütün bunların demokratik yollarla həyata keçməsini arzulayırıq. Amma indiki şəraitdə 10 milyonluq toplumun təmsilçilərinin 40 milyonluq topluma yol göstərmək, yaxud onlara münasibətdə hər hansı ideoloji fikir səsləndirmək kimi niyyəti yoxdur, bu, doğru da olmazdı. İran adlanan dövlətdə, öz tarixi vətənlərində yaşayan türklər öz müqəddəratlarını necə həll edəcəklərini kifayət qədər yaxşı bilirlər. Təbii ki, bu istiqamətdə istər Azərbaycanda, istərsə də bütün dünyada onlara mənəvi dəstək verəcək insanlar da kifayət qədərdir. Bu mənada Güneydə baş verən hər hansı bir proses və hadisə bizim soydaşlarımızın da diqqət mərkəzindədir və xüsusi həssaslıqla qarşılanır”.

“Güney Azərbaycanın müstəqil olmaq və ya Azərbaycana birləşmək prosesində ilk növbədə onların öz seçimi olmalıdır. Bu məsələdə hər hansı bir ehtimal irəli sürmək doğru olmaz. Çünki siyasi iradəni ifadə etmək üçün xalqın öz qərarı olmalıdır. Xalq hansı qərarı verəcəksə, hər bir azərbaycanlı da o qərara hörmətlə yanaşacaq. Amma bizim bu məsələdə onlara hər hansı bir yol göstərməyimiz düşünürəm ki, doğru olmaz”, – deyə partiya funksioneri fikrini yekunlaşdırıb.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*