Gürcüstan azərbaycanlılarının üçüncü qrupu Xankəndiyə səfər etdi – VİDEObackend

Gürcüstan azərbaycanlılarının üçüncü qrupu Xankəndiyə səfər etdi - VİDEO

Gürcüstan azərbaycanlılarının üçüncü qrupunun işğaldan azad olunan ərazilərə səfəri başlayıb.

KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar üçün Xankəndi şəhərində gəzinti təşkil edilib. Onlara şəhər haqqında ətraflı məlumat verilib.

Qonaqlar, həmçinin Qarabağ Universitetinə gəlib, burada yaradılan şəraitlə tanış olub, tələbələrlə görüşüblər. Bildirilib ki, Dövlət Suverenliyi Günündə fəaliyyətə başlayan Qarabağ Universiteti Azərbaycanın davamlı və gələcək inkişafının təminatçısına çevriləcək kadrların hazırlanmasını, gənclərimizin ixtisaslaşmasını uğurla həyata keçirəcək. 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub.

Daha sonra səfər iştirakçıları Xankəndi şəhərində stadiona baş çəkərək, orada yaradılan şəraitlə maraqlanıblar.

Səfər zamanı şəhərdə həyata keçirilən tikinti-quruculuq işləri barədə də məlumat verilib.

Qeyd edək ki, Gürcüstan azərbaycanlılarının səfəri üç qrup halında olmaqla, altı gün ərzində həyata keçirilir. Artıq iki qrupun səfəri başa çatıb. Üçüncü qrupa daxil olan Gürcüstan azərbaycanlıları növbəti gün Şuşa və Ağdama səfər edəcəklər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*