Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Baş nazir İrakli Kobaxidzenin Bayden administrasiyasının rəsmi qəbulunun dəvətliləri siyahısından çıxarılmasını təsdiqləyib.
KONKRET.az xəbər verir ki, parlament sədri jurnalistlərə açıqlamasında Bayden administrasiyasının bu addımının qeyri-ciddi olduğunu və Gürcüstanın daxili siyasətinə müdaxilə cəhdi olduğunu qeyd edib.
“Özlərinin göndərdikləri dəvəti ertəsi gün geri götürdülər. Bu cür davranış ümumiyyətlə qeyri-ciddidir. Administrasiya tərəfindən gördüklərimiz, ilk növbədə, Amerika və onun xalqına qarşı təhqirdir. Digər tərəfdən, bəzən bu cür hərəkətlər nə qədər anlaşılmaz olsa da müxalifətin vəziyyətinin birbaşa göstəricisidir. Müxalifətin vəziyyəti o qədər acınacaqlıdır ki, hətta ABŞ administrasiyası müxalifətə danışmağa mövzu vermək üçün heç bir standartdan aşağı hərəkətdən çəkinmir. Təəssüf ki, bu da ölkənin daxili siyasətinə müdaxilənin təzahürlərindən biridir. İllərdir ki, ABŞ administrasiyası bizi strateji tərəfdaş adlandırır, onlar heç olmasa gürcü xalqından qonaqpərvərliyi öyrənməlidirlər”, – deyə Şalva Papuaşvili bildirib.(apa)