Azərbaycanın qan yaddaşına həmişəlik həkk olunmuş Xocalı soyqırımı hər il olduğu kimi bu il də dünyanın hər tərəfində anıldı. Belə anım tədbirlərindən biri də Niderland Krallığında Azərbaycan Türk Kültür dərnəyinin təşəbbüsü ilə keçirildi. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birgə təşkil olunmuş fotosərgi və anım tədbiri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənmişdir.
KONKRET.az xəbər verir ki, Haaqa şəhərində keçirilən bu anım mərasimində Azərbaycan Respublikasının Niderland Krallığındakı səlahiyyətli və fövqəladə səfiri Fikrət Axundov, Türkiyə Cümhuriyyətinin Niderland Krallığındakı səfirinin müstəşarı Pınar Gülün Kayseri, Niderlandın D66 partiyasının Haaqa şəhəri üzrə bələdiyyə başçısının müavini Saskiya Bruines, CDA pariyasından Niderland Xarici İşlər Nazirliyinin əməkdaşı Heidy van der Ploeg, Belçika Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, həmçinin jurnalistlər İlqar İlkin və Vasif Həsənli, Niderlandda yaşayan digər türkdilli xalqların təşkilat sədrləri, Niderlandın Xristian Demokrat və Denk partiyalarının yetkili üzvləri, habelə Avropada yaşayan Azərbaycan-Türk diasporasının nümayəndələri iştirak etdilər.
Tədbir Xocalı abidəsi önündə bir dəqiqəlik sükutla başladı. Şəhidlərin ruhuna Haaqa şəhəri məscidinin imamı Şeyx Məhmət Olqun tərəfindən Quran oxundu. Xocalı qurbanlarına Haaqa şəhərində ucaldılmış abidə önünə çiçək və çələng qoyulduqdan sonra toplantı zalında anım tədbiri davam etdirildi.
Hollanda Azərbaycan Türk Kültür dərnəyinin başqanı İlhan Aşqın gələn qonaqlara təşəkkür etdi və öz çıxışında bildirdi ki,o zaman dünya ictimaiyyəti Xocalı faciəsinə biganə qalmasaydı, din, etnik ayrı-seçkilik etməsəydi bəlkə də bu gün Ukrayna faciələri baş verməzdi: “Bu gün 30 ildir ki, tarixdə ən qanlı faciə olan Xocalı soyqırımı törədilib. Biz bu soyqırımı sadəcə olaraq bizə qarşı törədilmiş faciə deyil, bütün insanlıq əleyhinə olan bir qətliam olaraq görürük. Bu cür vəhşilikləri törədənlər isə mütləq cəzalarını almalıdırlar”.
Azərbaycanın Niderland krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov çıxışında bildirdi ki, 1992-ci ildə ermənilər dinc əhaliyə qarşı soyqırım törətməklə tarixdə ən böyük vəhşiliklərə imza atdılar: “Dinc əhaliyə qarşı bu cür vəhşilik törədilməsinin səbəbini ermənilər bizim torpaqlarımızda özlərinə dövlət qurmaq cəhdlərinin tərkib hissəsi olaraq görürdülər. Onlar bu cür vəhşilik törətməklə isdəyirdilər ki, azərbaycanlılar arasında xof yaratsınlar, onları öz torpaqlarından didərgin salsınlar. Ermənilər Azərbaycan ərazisində özlərinə ikinci dövlət yaratmağa çalışırdılar. Bu gün Niderlandda da müxtəlif millətlər kompakt halında yaşamaqdadırlar. Bu o demək deyil ki, onlar bir gün bu ölkədə öz dövlətlərini qurmalıdırlar”.
Türkiyə Cümhuriyyəti Böyükelçi müstəşarı Pınar Gülün Kayseri də çıxışında Xocalı soyqırımını dünyanın ən böyük faciələrindən biri hesab edərək, qeyd etdi ki, bu soyqırımın tanınması üçün mücadilə davam etdirilməlidir.
Tədbirdə çıxış edən ATXƏM-in sədri İlham İsmayılov və MQF-nin prezidenti Rauf Zeyni Xocalı soyqırımının dünyada tanıdılması üçün görülən işlərlə bağlı məlumat verdilər. Çıxışlarda qeyd olundu ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Xocalı soyqırımı qurbanlarının qisasını alsa da, bu soyqırımın dünyada tanıdılması prossesi davam etdirilməlidir. Bu soyqırımın ermənilərin tarixində qara ləkə olaraq qalması üçün vətəndaş cəmiyyəti nümayəndələrinin, Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyətinin genişləndirilməsinin vacibliyi xüsusi vurğulandı.
Tədbirin sonunda Xocalı soyqırımı qurbanları üçün ehsan verildi.