Həmişə adı müxtəlif qalmaqallarda hallanan Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov yenidən məhkəməyə verilir.
KONKRET.az xəbər verir ki, buna səbəb yaşadığı, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 23 ünvanındakı binada lifti özününküləşdirməsidir.
Belə ki, o, yaşadığı blokdakı liftlərdən birinə kod qoyduraraq, yalnız ailə üzvlərinin istifadəsinə icazə verib. İş adamının bu hərəkəti qonşular tərəfindən ciddi narazılıqla qarşılanıb. Onun özünü, ailə üzvlərini əlahiddə şəxslər hesab etməsi, qonşularını aşağılaması böyük qəzəb yaradıb.
Lakin bu narazılıq, qəzəb Hacı Mazanı narahat etmir. O, özünün tikdiyi binada hər cür səlahiyyətlərə sahib olduğunu bildirib.
Binan sakinləri deyiblər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət hazırlayırlar:
“Bu adamın hərəkəti hamıda dərin nifrət yaradıb. Onsuz da liftlər yaxşı işləmirdi, tez-tez xarab olurdu. Ona görə də yuxarı mərtəbədə yaşayanlar çox əziyyət çəkir. Belə bir vaxtda Hacı Mazan liftlərdən birini zəbt edir, kod qoydurur, sakinlərin istifadə etməsinə icazə vermir. Təsəvvür edin ki, onlarla şəxs lift gözlədiyi bir vaxtda Mazan padşah ədasıyla öz şəxsi liftinə minib gedir. Heç kimə də qulaq asmır. Deyir, binanı mən tikmişəm, nə istəsəm edə bilərəm”.
Bəs sakinlər nə etməlidirlər? Binanı tikən şəxsin lifti “özəlləşdirmək” hüququ varmı? Şikayətçilər hansı addımları atmalıdır?
Məsələ ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, Hacı Mazanın bu hərəkəti tam qanunsuzdur:
“Çoxmənzilli binalarda sahə mülkiyyətçilərinin ümumi əmlakı deyilən bir anlayış var. Ümumi əmlaka daxildir bir nəfərdən artıq sahə mülkiyyətçisinə xidmət göstərmək üçün nəzərdə tutulan bütün qurğu və avadanlıqlar. Bura aiddir, liftlər, meydançalar, pilləkən qəfəsləri, işıqlandırma üçün olan cihazlar, generatorlar, qaz təchizatını həyata keçirən qurğu və avadanlıqlar, su sistemləri və s. Binanın yerləşdiyi torpaq sahəsi daxil olmaqla onun ərazisində sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulan nə varsa, bu sahə mülkiyyətçilərinin ümumi əmlakı sayılır. Bundan hamı bərabər hüquqlarla istifadə imkanına malikdir.
Binanı iki formada – mənzil tikinti kooperativi, yaxud MMC formasında tikmək olar. Mənzil tikinti kooperativi payçılardan formalaşır. Burada binanın vəzifəli şəxslərindən tutmuş, bir otaqlı ən aşağı kvadratlı mənzilə sahib olan payçıya qədər hamı eyni hüquqlara malikdir. MMC isə yalnız binanın tikintisi dövründə o binada fəaliyyət göstərir. Ondan sonra isə hər hansı formada , yəni idarəetmə, yaxud digər istiqamətlərdə iştirakı yolverilməzdir”.
R. Osmanlı qeyd edib ki, sakinlər bununla bağlı məhkəməyə müraciət edə bilərlər:
“Ölkədə kommunal təsərrüfata nəzarət edən, onu həyata keçirən qurumlara, eyni zamanda məhkəməyə sakinlər müraciət edə bilərlər. Bu sahə mülkiyyətçilərinin hüquqlarının məhdudlaşdırılmasıdır”.
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov da belə halların yolverilməz olduğunu deyib:
“Tikinti norma və standartları var. Memar o layihəni hazırlayanda tikinti norma və standartlarına istinad edir. Binada liftlərdən istifadə mənzil mülkiyyətçilərinin bərabər hüquqlu paylı mülkiyyətidir. Kiminsə orada artıq, yaxud əksik hüququ yoxdur. Kiminsə lifti özünküləşdirməsi yolverilməzdir. Binada hər şəxsə məxsus mənzilin içərisindən başqa çöldə dəhliz, bloklar, pilləkənlər, liftlər, zirzəmi, binanın fasad hissəsi, binanın həyəti ümumi paylı mülkiyyətdir. Hamının orada payı bərabərdir. Ən azı hər blokda iki lift olmalıdır. Biri yük, digəri sərnişinlər üçün nəzərdə tutulur. Eyni zamanda hər hansı bir forsmajor hal üçün əlavə pilləkən olmalıdır. Bütün bunlar tikinti norma və standartlarında var. Orada kiminsə əlahiddə hüququ və ya vəzifəsi nəzərdə tutulmayıb. Eyni zamanda heç bir sahibkarın belə addım ata bilməz. Çünki sahibkar binanı tikib təhvil verənə qədər sahibkardır. Ondan sonra onun səlahiyyəti bitir. Sakinlərin bu barədə etirazını 100% haqlı hesab edə bilərik. Sakinlər yalnız məhkəməyə müraciət edərək məsələni mübahisələndirə bilərlər”.
Əmlak eksperti Elnur Fərzəliyevin fikrincə isə sakinlərin bir liftin ümidinə qalması həm də təhlükəsizlik baxımından yolverilməzdir:
“Bir lift iki dəfə artıq istifadə olunduğu üçün qısa müddətdə sıradan çıxır və istənilən vaxt bədbəxt hadisə baş vermə ehtimalı yaranır. Vətəndaşlara verilmiş lifti özünküləşdirmək birbaşa məhkəmə predimetidir. Çünki orada yaşayan onlarla ailənin liftdən istifadə hüquqları tapdalanır. Bunu kiminsə özünküləşdirməsi o qədər insanların hüquqlarının tapdanması deməkdir”.
Qeyd edək ki, Hacı Mazan sonuncu dəfə mənzil satdığı şəxsin evinə hücum etməsi, onu döyməsi ilə gündəmə gəlmişdi.
Həmin vaxt ona cinayət işi açılmışdı.
(Bakupost.az)