Sərdar Cəlaloğluna
“Mirzə Fətəli Axundov, Cəfər Cabbarlı… Rusiyanın tapşırıqlarını yerinə yetiriblər”, “Xürrəmilər “qeydir”, “Babəkin arvadı erməni olub”, “Füzulinin içindəki zəhərləri neçə yüz illərdir içirik”, “Vaqifi Qarabağ xanının qardaşı, arvadının üstündə öldürdü”, “Sərdar Cəlaloğlu Babəki və Koroğlunu düşmən, Füzulini kafir çıxartdı”, “Babəklə Koroğlu Azərbaycan dövlətçiliyinə qarşı vuruşan adamlar olublar”, “Babəklə Koroğlu Azərbaycan xalqının qəhrəmanları olmayıblar”, “Əslində, Babək xəlifəyə yalvarıb ki, “bağışla məni” — ŞOK açıqlama”, “Qaçaq Nəbi keçi oğrusudur”, “Həcər Nəbinin 40-ı çıxmamış erməniyə ərə gedib, sonra da 7 dəfə ərə gedib, 2-si də erməni” və sair[1]. Bunlar Sərdar Cəlaloğlunun illərdir KİV-ə dedikləridir. Bu “hərşeyşünas”ın hədəfi bütünlüklə Azərbaycan xalqıdır, onun mənəvi dəyərləridir, əsrlərdir inandığı, sevdiyi, mahnı, dastan qoşduğu, film çəkdiyi, roman, povest, hekayələr həsr elədiyi tarixi şəxsiyyətləridir.
Bizim bu “sərdari-milli”nin ağzından çıxan hər şeyi ermənilər göydə qapıb “kamali-ədəblə” yayırlar, dərhal sevinclə xəbər başlıqlarına, manşetlərə daşıyırlar, xalqımızı ona istinadla lağa, məsxərəyə qoyurlar: “Кёроглы и Бабек не являются национальными героями Азербайджана – лидер азербайджанской партии, также главный демократ Азербайджана выступил против героизации фольклорного образа народного героя азербайджанцев – Кёроглу, поскольку он не драматический, а комический герой. «Когда он попадает в неприятности, облачается в женские одеяния и сбегает, или просит о спасении коня, или представляется ашугом. В фольклоре у Кёроглу на самом деле нет никакого героического образа»,- заявил азербайджанский политик.”[2]
Düşmən (baxır kim üçün) dəyirmanına su tökmək, erməniyə “pas ötürmək” buna deyirlər, bir qardaşı Avropada, özü də ki başkənd Bakıda illərdir bu xalqın mənəviyyatını gülləbaran edirlər, nə abır bilirlər, nə həya, yalan, uydurma, şər-şəbətələrin həddi-hüdudu yoxdur: İsrarla fakt, mənbə istəyən jurnalistə cavabı da əcaib: “ məndən deməkdi, gedin araşdırın də…” https://www.facebook.com/100033462930001/videos/330144981953938
Özünə, oxucusuna hörmət edən sayt, qəzet, belə axmaq fikirlərə və onu səsləndirənə heç salam da verməli deyil, yalanı ağzına almaq kimi onu yaymaq da elə ona şərik çıxmaqdır, erməniçiliyə xidmətdir, amma bizdə elə həvəslə tirajlayırlar ki…
Haqsızlıq önündə susmaq günahdır, həm də dəqiq bilirsən ki bu ağ yalandır, həm də çətindir, çünki heç bir əsası olmayan hərzə-hədyanların nəyinə cavab verəsən axı…
Digər fikirlərinə cavab verilib, ancaq heç bir təsiri olmayacağına əminəm, çünki S.C danışmalıdır, gündəmi məşğul etməlidir, təbii ki demokratiya, azadlıqdan yox, xarakterinə uyğun belə şeylərdən.
Bu günlərdə yenə öz şərəfsiz missiyasına davam edib – “Səngər TV” adlı internet üzərindən.
Nəbi ilə Həcər Babək, Nigar, Koroğlu kimi uzaq dövrün adamları deyil ki, 60-70 il əvvələ qədər Zəngəzur, Naxçıvan, Qars, Urmuda onları görüb tanıyan nə qədər adam sağ idi, sadə qəbri, üstündə yazısı (1954-1919), yaşadığı evin xarabalığı indi də durur. Həcər Nəbinin ölümündən (1851-12 may 1896-cı il) sonra bir müddət qaçaq dəstəsinə başçılıq etmişdi, Nəbini xaincəsinə qətlə yetirənləri cəzalarına çatdırmışdı, bir müddət sonra Aşağı Molludan qohumları yerli hökumətlə dil tapıb, razılıq alıb Həcəri Arazın o tayından gedib gətirmişdilər. Bir müddət sonra ərə getmişdi, təklif də Həcər xanımdan gəlmişdi, keçmiş düşmənçiliklərini davam etdirənlərin, onu rahat buraxmayan namərdlərin ağzını yummaq, dul qadın adını üstündən götürmək üçün yaxın qohumu, qonşusu çoban Həmzəyə getmişdi, onun halalı ölmüşdü, körpələri ilə tək qalmışdı. Qaçaq Nəbinin həyatı, mübarizəsi haqqında 1-ci ən etibarlı, dolğun mənbə onların müasiri olmuş Zəngəzur qəzasının sonuncu qazısı, tarixçi, tərcüməçi, folklorşünas, bolşeviklərə qarşı “Cihad Bəyannaməsi”nin və silahlı üsyanın rəhbəri olmuş Bəhlul Behcətin (1869-15.03.1938) 1920-ci illərdə qələmə aldığı “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” kitabıdır [3], AMEA Tarix İnstitutunun nəşr etdiyi “Qubadlı: qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” monoqrafiyasıdır, bu kitablarda, nə qədər kitab, məqalədə bu məsələ dəfələrlə vurğulanıb.
Bu evlilikdən onların qızı Zeynəb, Zeynəbin Əliabbasla evliliyindən bir neçə övladı olmuşdu ki, biri də Əliş Məhərrəmov idi. 1941 – 45 müharibəsindən orden, medallı, yaralı qayıdan Əliş kişi ahıl yaşında 93-ün avqustun 31-də məhləsində 3 ermənini murdar edib özü də qətlə yetirilmişdi, oğlu İlqar Sumqayıtdan gedib yağı tapdağında olan kəndlərdən həftələrlə yalnız gecələr yol gedib atasının cismini tapıb dəfn eləmişdi, digər oğlu I Qarabağ savaşında könüllü döyüşüb ömürlük əlil olmuşdu. Bunu Qubadlıda bilməyən yoxdur ki, Həcəri görüb tanıyan nə qədər adam sağ idi, 70-ci illərə qədər, törəmələrini kimdən soruşsan adbaad sayarlar.
Qaçaq Nəbi , Həcər barədə cəfəng uydurmaları bitib tükənmir “sərdari-milli”nin.
“Müxbir: – İndi də deyirsiniz ki, Qaçaq Nəbi keçi oğrusu olub…
– Qardaşım, bunu mən yox, Maksim Qorki yazıb. Bunu dəfələrlə demişəm, bir dəfə də təkrar edirəm. Maksim Qorki “Qafqaz quldurları” əsərində yazır. Mənbəni də göstərirəm, gedin oxuyun da… Özü də orada deyir, “Qara Nəbi”. [4]
Bu adamın rusca savadı bu qədər düşük səviyyədədir ki, proletar Maksim Qorkinin «Разбойники на Кавказе» oçerkində belə açıq yazdığını da düz anlamır: “Максим Горький о Баку. Уезжая из Баку, Горький увозит с собой большую любовь к азербайджанскому народу и его культуре и создает ряд художественных произведений, непосредственно связанных с Азербайджаном. Он публикует цикл очерков под названием «Разбойники на Кавказе», которые помогли внести ясность в один запутанный вопрос из области азербайджанской фольклористики: провести разграничительную черту между разбойничьей деятельностью Кара Наби, обыкновенного грабителя и бандита, и освободительной борьбой популярного в народе Гачага Наби, возглавившего в конце XIX века крестьянское движение в Азербайджане.” [5] (M.Qorki: adi bir soyğunçu quldur olan Qara Nəbinin fəaliyyəti ilə XIX əsrin sonlarında Azərbaycanda kəndli hərəkatına rəhbərlik etmiş xalq arasında populyar olan Qaçaq Nəbinin azadlıq mübarizəsi arasında bir ayrım xətti çəkin.)
Cəlaloğlu heç olmazsa, orta məktəbdə oxuyanda dərsliklərdə yazılanlardan bilməli idi ki, Qaçaq Nəbi ilə Qara Nəbi tamam başqa adamlar idi, çarizmin yerli idarələri Qaçaq Nəbini xalqın gözündə nüfuzdan salmaq üçün Qara Nəbini ortaya atmışdı, onun elədiklərini Qaçaq Nəbininn adına yayır, yazırdı və Qaçaq Nəbi də onun adından qətl-qarətlər törətdiyinə, kasıb-kusubun son çörəyini əlindən aldığına görə Qara Nəbini layiq olduğu, haqq etdiyi şəkildə öldürmüşdü.[6]
Bu S.Cəlaloğlunun tarixi mənbələrə, sənədlərə etinasızlığı bu şəkildədir. Nə deyəsən. Adam ərəb dilində yazıb oxumağı da bilmir, ancaq Qurana 22 kitablıq izah yazır.[4]
M.Ə.Rəsulzadənin ən yaxın silahdaşlarından olmuş Hüseyn Baykara “Azərbaycan Milli İstiqlal Mücadiləsi” kitabının “Azərbaycan tarixində qaçaq hərəkatı” bölməsində “Qaçaq Nəbinin istismarçı imperializmə və rus çar rejiminə qarşı partizan mübarizə aparması”nı, Qaçaq Nəbinin sevilməsinin əsas səbəbini onun “əsarət zəncirinə yenilməzliyində”, “türkə yaraşır məğrur hali”ndə görən çoxsaylı sənədlərlə ortaya qoyub, dəfələrlə bu faktı xüsusi vurğulayıb, onu bütün digər qaçaqlardan üstün tutub. [7]
Tanınmış alim, professor Füzuli Bayat “Qaçaq folkloru sosial-iqtisadi və siyasi-mədəni kontekstdə” (Bakı, Elm və təhsil, 2019) kitabında maraqlı müqayisə aparıb; Аzərbаycаnın аyrı-аyrı qəzаlаrındа 100-dən аrtıq qаçаq dəstəsi olub ki, onların da içərisində ən şöhrətlisi Qаçаq Nəbinin və Qаçаq Kərəmin dəstəsi idi. Aşağıdakı müqayisə Qaçaq Nəbinin xalqın şifahi yaddaşında nə qədər möhkəm yer tutduğunun ifadəsidir; folklorumuzda araşdırmaya cəlb olunan 11 qaçaq dastanında cəmi 164 qoşma, gəraylı vardır ki, bunun da 83-ü, yəni yarıdan bir az çoxu Qaçaq Nəbinin payına düşüb. Bura yazılan roman, povest, pyes, poema, şeir, hekayələr, filmlər, Türkiyə və Güney Azərbaycanda bizdən heç də az sevilməyən Nəbi-Həcər ünvanlı dastan, şeirlər, Məhəmmədhüseyn Şəhriyarın dillər əzbəri məşhur “Qaçax Nəbi” şeiri də daxil deyil.
Nəbi, Həcərin mücadiləsinin kimlərə qarşı olduğunu anlamaq üçün B.Behcətin kitabının mündəricatındakı bəzi başlıqları köçürüb bura qoyuram; “Nəbinin Sarımsaqlı dağında Naxçıvan naçalniki Slovenski ilə davası və qar tığına düşməsi”, “Qaçaq Nəbinin Ərikli dağında üç naçalniklə davası”, Kürdlər, Göyçə, Naxçıvan, Zəngəzurdakı Çətəndaş, Qoparandağ, Qısırdağ, Güllüpir, Murov, Dikpiləkən və digər savaşların hamısında Nəbinin dəstəsi ilə döyüşənlər rus naçalnik, pristav, saldat, kazakları, erməni hampaları idi. Bu savaşların iştirakçıları, şahidləri, söyləyənlər, savaş yerlərinin dəqiq coğrafiyasına qədər hamısı kitabda yerbəyer, adbaad göstərilib və arxiv sənədlərli-yerli hakimiyyət nümayəndələrinin raport, məruzə, teleqramları ilə eyni məzmundadır. 1890-cı illərdə Peterburq, Tiflisdə çıxan “Qafqaz”, “Zaqafqaziya”, “Novaya vremya” qəzetlərində dəfələrlə Qaçaq Nəbinin rus, erməni silahlı dəstələrinə necə divan tutduğundan yazmışdı. [3]
Ordubadın Qarçıvan kəndində yaşayan ermənilər Nəbidən intiqam almaq, həm də çar hökumətinin hər tutulan, öldürülən qaçaq üçün ayırdğı pul mükafatına sahib olmaq üçün qardaşı Mehdini gecə ikən qaldığı evdə doğram-doğram edirlər. Nəbinin 23 iyul 1894-cü ildə o ermənilərdən aldığı intiqam, kəndə girmək üçün qurduğu planı Peterburqda çıxan “Kafkaz” qəzetinin müxbiri yerli-yataqlı yazıb çap etdirmişdi. Nəbi rus naçalniki, qaçaqları rus kazakları geyimində kəndə girib hamını kilsəyə doldurur, Mehdinin ölümündə əli olan hər kəsin cəzasını verir, toplanan qəniməti 17 dəvəyə yüklədir, yol boyu kasıb kəndlilərə payladır, qalanını Arazın o tayına keçirdir, burda yoxsullara payladır. Qəzetin yaymış olduğu məlumatda, İrəvan general-qubernatorunun Tiflisə raportunda hampa və varlı keşişlərdən qarət edilmiş əmlakın dəyəri 29 min rubl göstərilir. Xəyanətkar ermənilərə layiqli dərs olan Qarçıvan hadisəsi uzun müddət xalqın yaddaşından silinmədi, yeni mahnılara, dastanın bir səhifəsinə çevrildi. [9]
Və bir də Peterburq sarayı Gəncə, İrəvan, Tiflis general qubernatorlarının Qacarlar dövlətinin generalları ilə birlikdə 20 ildən çox Qaçaq Nəbini aradan götürmək üçün apardıqları mübarizənin nəticəsiz qaldığını görüb nəhayət çar sarayının ən təcrübəli xəfiyyə generalı D.Skalonu Qafqaza ezam eləmişdi, onun cızdığı planla razılaşan iki adam tapmışdılar, o da illərlə Qaçaq Nəbi ilə duz-çörək kəsmiş naxçıvanlı hacı Fərəc və Şahhüseyn idi ki, aldığı pul, qızıl, mülkün müqabilində Qaçaq Nəbini qətlə yetirməyə razılaşırlar, pusquda durub 1896-cı il martın 12-də Novruzqabağı çərşənbədə gecəsi Kərbəla ziyarətindən qayıdan Nəbini Urmunun Larni kəndində dəyirmanın yanında arxadan güllələyib qaçırlar. Arxivlərdə nə qədər pul-para, qızıl aldıqları barədə də vəkalətləri də saxlanır. [8]
Sərdar Cəlaloğlu indiyədək arxivlərə giribmi, bilmirəm. Mən isə arxiv sənədlərinə istinadla yazılan faktları ona xatırladıram: 1831-ci ildə S.Cəlaloğlunun doğulub böyüdüyü Naxçıvandan 14 km aralıdakı Cəhri kəndində 338 ailə – təsərrüfat var idi, bundan 130-u erməni ailələri idi. Cəhridə ermənilərdən 38 toxucu, 6 dülgər, 1 dəmirçi, ildə 1060 tümən dövriyyəsi olan 2 tacir, 4 keçəçi, 1 bərbər, 1 pinəçi, 17 zərgər, 1 bərbər var idi. Tatarlarda (Azərbaycan türkləri) 70 tümənlik illik dövriyyəsi olan 2 ticarətçi, 3 dəllək, 1 papaqçı, 3 toxucu, 2 dərzi-vəssalam. Mənbə.[10] Və o mənbədə mənsub olduğunuz nəslin keçmişini də arayıb görə bilərsiniz.
Heç nə təsadüfi deyil, hər şeyin nədəni vardır, C.Sərdarın danışdığının, danışmağının da. Nəbi ilə Həcərin və mənim doğulub böyüdüyüm Qubadlıda erməni cinsinə mənsub ikiayaqlı yaşamayıb. (Mənbə: Hacı Nərimanoğlu “Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi” kitabı)
Və bir də Azərbaycanda demokratiya anlayışına, düşüncəsinə “dempart” sədri Sərdar Cəlaloğludan ağır zərər vurmayıb, adam boşuna hər şeydən danışır, bircə demokratiyadan başqa, bir qardaşı Avropadan, özü də başkənd Bakıdan döşüyürlər bu xalqın olub qalan dəyərlərinə, durmaq bilmədən iftiralar yağdırır. Vətən şəxsiyyətləri ilə Vətən olur, ucalır, böyüyür, tanınır, sevilir, ruhları göydən dirilərə baxan o kutsallara atılan daşlar qayıdıb daş atanın öz başına düşür.
Şərəfli, gərəkli işlərlə məşğul olun, xalqın heysiyyətinə toxunduğunuz yetər, yaş ötür, Sərdar Cəlaloğlu. Böyütməyə, ucaltmağa çalışın ki, özünüzə də pay çatsın, heç nə gec deyil. Həyatınızın heç olmasa qalan hissəsini xeyirli işlərə sərf edin ki, ünvanınıza yağdırılan nifrinlərə hədəf olmayasız.
Yazıqlar olsun, çox ayıb missiyanız var, ayılın, tövbə qapısı hər zaman açıqdır!
İstinad mənbələri:
[1] https://musavat.com/news/serdar-celaloglu-babeki-ve-koroglunu-dusmen-fuzulini-kafir-cixartdi_212429.html
[2] https://armenpress.am/rus/news/717642/kyorogliy-i-babek-ne-yavlyayutsya-nacionalniymi-geroyami-azerbaiydzhana.html
[3] səh.138
[4] https://www.xural.com/sərdar-cəlaloglu-qaynar-qazanda-iii-sonuncu-hissə-qacaq-nəbi-keci-ogrusu-olub-video/
[5]https://ourbaku.com/index.php/%D0%9C%D0%B0%D0%BA%D1%81%D0%B8%D0%BC_%D0%93%D0%BE%D1%80%D1%8C%D0%BA%D0%B8%D0%B9_%D0%B8_%D0%91%D0%B0%D0%BA%D1%83 abzas 5.
[6] Azərbaycanda qaçaq hərəkatının bilinməyən tərəfləri, Elnur Bədəl, femida.az. 03 Avqust 2016
[7] “Azerbaycan istiklal mücadelesi tarihi”. İstanbul, 1975. https://www.edebi.net/ index.php/kardes-edebiyatlar/azerbaycan-edebiyat/azerbaycan-cumhuriyeti/ 4892-huseyn-baykara-az-rbaycan-milli-istiqlal-mucadil-si
[8] ЦГИА Груз ССК, ф. 12, оп.1473, лис.65-68, ÇQİA Qruz. SSR.f.12, op.1,d.1-1473, v.3-4, 65. və sair
[9] Nərimanoğlu H.”Qaçaq Nəbi tarixdə, elmi, yazılı və şifahi ədəbiyyatda, incəsənətdə”, səh.44-48
[10]Naxçıvan əyalətinin və Ordubad dairəsinin kameral təsviri, “Elm və Təhsil”-2021, səh.363
Qeyd: Azərbaycan xalqının milli azadlıq hərəkatı və qəhrəmanlıq tarixində xüsusi yeri olan, 25 ildən çox rus çarizminin işğalçılıq siyasətinə, bu imperiyanın əlaltısı olan nankor, xəyanətkar erməni hampalarına, sapı özümüzdən olan zalım xan, zülmkar bəylərə qarşı silahlı partizan mübarizəsinin başında duran Qaçaq Nəbiyə və ən yaxın silahdaşı, ömür-gün, əqidə yoldaşı qaçaq, qoçaq Həcər xanım haqqında daha ətraflı bilgi almaq istəyənlər məqalə müəllifinin kitabına baxa bilər:
http://zengezur.com/KITABLAR/Haci-Nerimanoglu_Qachaq%20Nebi1.pdf
Hacı NƏRİMANOĞLU,
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru