Xəbər verdiyimiz kimi, Azərbaycanda halal dərman vasitələri ilə bağlı dövlət standartı qəbul edilib. Artıq bu gündən etibarən həmin vasitələrin daşınma və saxlama qaydaları da müəyyən edilib.
Lakin ötən yazılarımızda da qeyd etdiyimiz kimi, belə bir qərar cəmiyyətdə heç də birmənalı qarşılanmır, əsas diqqətin keyfiyyətə yönəldilməsi ilə bağlı fikirlər üstünlük təşkil edir.
Maraqlıdır ki, ümumən halallıq standartı deyiləndə nə nəzərdə tutulur və bunun dərmanlara şamil edilməsi niyə bu qədər əhəmiyyətlidir?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarına beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov aydınlıq gətirib. Bildirib ki, halal standart artıq bir çox qida məhsullarında tətbiq olunur: “Xüsusilə toyuq və ət məhsullarında, kolbasaların üzərində bunu tez-tez görürük. “Halal” ərəb dilindən tərcümə edildikdə “qanuni”, “icazə verilən” deməkdir. Bunun konkret bir standartı mövcuddur. Belə məhsullar Allah-Təalanın halal buyurduğu maddələrdən hazırlanmalı və mütləq halal qazancla əldə olunmalıdır. Burada söhbət birbaşa olaraq qidanın özündən, qida maddəsindən, onun qatqısından, hansı formada hazırlanmasından gedir.
Halal qida Beynəlxalq Kodeks Alimentarius Komissiyasının sənədlərində birbaşa olaraq islami qaydalara görə qadağan olunan hər hansı elementi ehtiva etməyən və ondan tənzimlənərək hazırlanan, daşınan, saxlanılan məhsul olaraq müəyyənləşdirilir. Bu o deməkdir ki, bir çox İslam ölkələrində bu standart olmadan hansısa məhsul dövlət səviyyəsində istehlak edilə bilməz. Məsələn, ərəb ölkələrində bu, bir çox məhsullara tətbiq edilir. Tutaq ki, Birləşmiş Ərəb Əmirliklərinə ət və ət məhsulları apararkən bu standartın tətbiqi mütləqdir. Yəni bayaq sadaladığımız qida zəncirinin mərhələləri islami qaydalara uyğun olaraq həyata keçirilməlidir”.
Ekspert hazırda ölkəmizdə dərman preparatlarına da tətbiq olunan bu standartların yeni bir praktika olmadığına diqqət çəkib: “İslam ölkələrində bu qaydalar çoxdan tətbiq olunur. “Halal dərman” dedikdə onun hazırlanmasında yuxarıda qeyd etdiyim bütün məsələlərə riayət olunmalıdır. Yəni şəriətdə qadağan olunmuş komponentlərdən istifadə olunmamalıdır. Məsələn, islamda jelatin konkret olaraq qadağan edilir. Elə dərmanlar var ki, heyvan mənşəli vasitələrdən hazırlanır. Və ya tərkibində pankreatin olan dərman preparatları donuzun hansısa elementlərindən götürülür. Yaxud qan azlığını tənzimləmək üçün istifadə olunan Albümin, Gematogen var. Uşaq qidalarında rəngləndirici kimi istifadə olunan Karmin var. Dərman preparatlarında bundan yeni bir forma almaq üçün istifadə edilir. Və yaxud spirt. Əksər tibbi məhlulların hazırlanmasında bir nömrəli vasitədir. Bunları sadalamaqla onu demək istəyirəm ki, İslamda bu elementlər konkret olaraq qadağan edilib. Və əgər şəriətdə bunlar qadağan olunubsa, dərmanlarda da halallıq gözlənməlidir. Yəni xammalın əldə olunmasında, məhsulların hazırlanmasında, daşınmasında, anbarlaşdırılmasında bütün proseslər islami, şəriət qaydalarına icazə verilən formada həyata keçirilməlidir”.
A.İbrahimovun fikrincə, Azərbaycanda da bunun tətbiqi doğru addımdır: “Məlumdur ki, Azərbaycan dünyəvi dövlətdir, burada dindar da, müsəlman da, ateist də yaşayır. Yəni dünyanın bir çox ölkələrindən fərqli olaraq bizdə multikulturalizm geniş yayılıb. O baxımdan hesab edirəm ki, ölkəmizdə də bu standartların tətbiq edilməsi təqdirəlayiq haldır. Təbii ki, bu həm də insanların fərdi seçiminə bağlı bir məsələdir. Avropa ölkələrində də belədir. Məsələn, insan var ki, büdcəsinə, tələbatına müvafiq olaraq GMO-lu (geni dəyişdirilmiş – red.) məhsullar seçir. Təbii ki, ölkəmizdə də belə bir seçim imkanı tam azaddır. Amma mən bütün hallarda bu standartların tətbiq edilməsini müsbət dəyərləndirirəm. Çünki Azərbaycanda şəriət qaydaları ilə ayaqlaşan insanlar çoxdur və onların inanclarına, seçimlərinə hörmətlə yanaşmaq lazımdır”.
Sevinc Paşayeva,
KONKRET.az