“Halal dərman haqqında düşünməkdənsə, ölkəyə idxal olunan vasitələrin tərkibinə ciddi nəzarət etmək lazımdır”
Azərbaycan insanı istehlak etdiyi bəzi qida məhsullarının halal-haramlığı ilə əlaqədar suallarına tam cavab tapmamış, ortaya halal dərmanlarla bağlı fikirlər atılıb.
Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu ölkədə halal dərman vasitələrinə dair dövlət standartı qəbul edib. Bu standart İslam Qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir. Halal dərmanların istehsalı ilə bağlı tələblərə gəlincə, burada ilk növbədə onların şəriətlə icazə verilən heyvani və bitki mənşəli məhsullardan tədarük edilməsi nəzərdə tutulur.
Ölkəmizə idxal olunan dərman vasitələrinin tərkibinin son dönəmlərdə ciddi narahatlıq doğurduğu bir vaxtda belə bir standartın qəbul edilməsi sözsüz ki, cəmiyyətdə heç də birmənalı qarşılanmayıb. Əksəriyyət düşünür ki, dərmanların halallığına yox, keyfiyyətinə üstünlük vermək daha vacibdir.
Mütəxəssislər də bu məsələdə oxşar qəti mövqe sərgiləyirlər.
KONKRET.az-a mövzu ilə bağlı fikirlərini bölüşən qida texnoloqu Ağa Salamov halallıq standartlarının zamanla mübahisəli mövzulardan olduğuna diqqət çəkib. Bildirib ki, bu, şəffaflığa və keyfiyyətə əsaslanan bir prosesdir: “Təəssüf ki, bəzi işbazlar bundan öz mənafeləri üçün istifadə edirlər və çox vaxt istehlakçıları aldadırlar”.
Dərman preparatlarının halallığına gəlincə, ekspert hesab edir ki, əgər bir şey insanın xəstəliyinə çarədirsə, onda heç bir halal-haramlıq axtarmaq lazım deyil. “Götürək elə spirti. Tibbi alətləri dezinfeksiya etmək üçün bu məhluldan istifadə olunur. İslama görə, spirt haram sayılır, düzdürmü? Amma onun tibdə istifadəsi zəruridir. Və əgər haram dediyimiz istənilən vasitəni həkim məsləhət bilirsə, o zaman onun istifadəsi zəruri olur və haramçılıq yaratmır”.
A.Salamov hesab edir ki, halal dərman haqqında düşünməkdənsə, ölkəyə idxal olunan vasitələrin tərkibinə ciddi nəzarət etmək lazımdır: “Mən 4 il Almaniyada yaşamışam. Orada mədəmdən əməliyyat olunmuşdum. Azərbaycanda məni sağalda bilmirdilər. Amma ora getdim və həkimlər məni bir dərmanla müalicə elədilər. İldə iki dəfə o dərmanı atmaqla sağaldım, çəkim də normallaşdı. Özümü yaxşı hiss etməyə başladım. Dörd ildən sonra Azərbaycana qayıdanda həmin dərmanı tapmadım. Həkim başqa müalicə yazdı. Amma o dərmanların heç bir faydasını görmədim, üstəlik, onlardan zəhərləndim də. Faydasını da ona görə görmədim ki, Azərbaycana gətirilən dərmanların çoxu Avropadakı dərmanlarla eyni tərkibdə deyil. İşbazlar dərmanları sifariş edəndə tərkibindəki inqrediyentlərin sayını azalmağı tapşırırlar. Bunu da ona görə edirlər ki, az xərcə düşsünlər. Ona görə də ölkəmizdə satılan dərmanlar xəstəyə lazımi təsir göstərmir. Və əgər indi halal-haramdan danışırlarsa, birinci növbədə halallıq odur ki, Azərbaycana idxal olunan dərmanların tərkibinə müdaxilə etməsinlər, orijinal preparatlar gətirsinlər.
İkincisi isə əgər heyvan mənşəli bir dərman bir müsəlmanın həyatını xilas edəcəksə, ona faydası olacaqsa, burada halal-haramlıqdan danışmaq yersizdir. Yəni əgər belə bir dərmana ciddi ehtiyac varsa, Allah-Təala onu insana halal buyurur. Ona görə də hesab edirəm ki, bu yanaşmalar absurddur və işbazlar tərəfindən ortaya atılmış növbəti marketinq hiyləsidir”.
Sevinc Paşayeva,
KONKRET.az
Eynşteynə isnad edilən bir deyimi xatırladım: iki şeyin hüdudu yoxdur,insan axmaqlığının və kainatın,hərçənd ki,ikincisindən əmin deyiləm.
Kişi hər dəfə olduğu kimi düz deyibmiş.