Yaxın günlərdə havada tozun miqdarı normadan çox olacağı ehtimalı var. Maraqlıdır, son günlər havanın küləkli keçməsi tozun miqdarının artmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, hal-hazırda müşahidə olunan hava şəraiti siklon və antisiklonun periferiyalarında yerləşən, yavaş hərəkət edən – stasionar atmosfer cəbhəsinin keçməsi ilə əlaqədardır.
“Havadakı tozun miqdarının normadan çox olması, adətən İran (Dəşti-kəvir səhrası), Qazaxıstan və Türkmənistan ərazisindən (Qaraqum səhrası) ölkəmizin hava məkanına isti və tozlu hava kütlələri daxil olduqda baş verir. Sinoptik xəritələrin analizinə və meteoroloji peyk-radar məlumatlarına əsasən, yaxın günlərdə şərq və şimal-şərq küləklərinin üstünlük təşkil edəcəyi və Türkmənistan ərazisindən (Qaraqum səhrası) isti və tozlu hava kütlələrinin ölkəmizin hava məkanına doğru istiqamətlənəcəyi və Xəzəryanı rayonlarda havadakı tozun miqdarının normadan çox olacağı ehtimal edilir”.
Ekspert qeyd edir ki,qum (və ya toz) fırtınası quraq və yarı quraq bölgələr üçün xarakterik olan meteoroloji hadisədir və əsasən, ilin isti dövrlərində və az rütubətli hava şəraitlərində müşahidə edilir.
“Qlobal miqyasda ən əhəmiyyətli toz mənbələri quraq və yarı quraq bölgələrdə, xüsusilə Afrikadakı Sahara, Asiyada Qobi və Yaxın Şərqdəki Ərəbistan səhrası kimi böyük səhralarda cəmləşib. Qum və toz fırtınalarının fəaliyyəti coğrafi mövqedən, iqlim şəraitindən və yerli ekoloji amillərdən asılı olaraq geniş şəkildə dəyişir. İqlim dəyişikliyi hava şəraitini dəyişdirərək və bitki örtüyünü azaldaraq qum və toz fırtınalarının baş vermə tezliyini artırır. İnsanların təsərrüfat fəaliyyəti (tikinti, kənd təsərrüfatı və s.) və torpağı külək eroziyasına məruz qoyan zəif torpaq idarəetmə təcrübələri vasitəsilə problemi daha da gücləndirir.
Qum və toz fırtınaları dünyanın demək olar ki, bütün ölkələrinə təsir edən ətraf mühit və hava ilə əlaqəli hadisələrdir. Qum və toz fırtınaları tez-tez quru, səhra ərazilərində başlayır, lakin onların təsiri mənbədən çox uzaqlara çata bilir. Güclü küləklər kiçik toz hissəciklərini atmosferə qaldıra və onları qitələr və okeanlar boyunca minlərlə kilometr daşıya bilir. Səhra toz mənbələri daxilində və ya yaxın ölkələrdə qum və toz fırtınaları heyvandarlığa, kənd təsərrüfatına və insan sağlamlığına ciddi ziyan vurur. Həmçinin, havadakı toz havanın keyfiyyətini aşağı sala, günəş işığına mane ola və güclü fırtınalar meteoroloji görünüş məsafəsini məhdudlaşdırdığına görə nəqliyyatın işini pozar . Sahara toz fırtınaları okeanın o tayından minlərlə kilometr məsafəyə daşınaraq Karib hövzəsində gündəlik həyata təsir edə bilir. 2022-ci ilin martında Sahara tozunun Avropada Alp dağlarına təsiri ilə həmin il rekord sayda buzlaqların itkisinə səbəb olub”.
C.Hüseynov sonda əlavə edir ki, toz – Yerin iqlimini xarakterizə edən atmosfer aerozollarının əsas komponentidir.
“Toz hissəcikləri, həmçinin atmosfer dinamikası, buludların əmələ gəlməsi və yağıntı ilə bağlı əks əlaqə prosesləri səbəbindən hava şəraitinə əhəmiyyətli dərəcədə təsir göstərir. Tozun tərkibindəki qida maddələri dəniz və quru ekosistemlərinin qidalanmasına kömək edir”.
Aynurə İsmayıl
KONKRET.az