“Təbriz” MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə ötən iclasda iki qərarın icrası ilə bağlı məlumatlar elan edilib.
Hakim bildirib ki, təqsirləndirilən Nofəl Hacıyevə məxsus əmlakların üzərinə həbs qoyulub, həmin qərar icraya yönəlib. Bundan başqa, telefon danışıqları ilə bağlı sorğu göndərilməsi məsələsi də araşdırılacaq.
Qeyd edək ki, ötən məhkəmə iclasında “Atlant” istirahət mərkəzinin sahibinin vəkili Nofəl Hacıyevə məxsus 7 milyon manatlıq əmlakın üzərinə həbs qoyulması istənilmişdi.
Daha sonra Nofəl Hacıyev vəziyyətinin yaxşı olmadığını deyib. O, məhkəmədə iştirak edən maraqlı şəxs, “Atlant”ın sahibi Tahir Qədəşovu ittiham edib: “Mən 30 il sənin qulun olmuşam. Allah sənə lənət eləsin”.
Tahir Qədəşov isə onun bu fikirlərinə əhəmiyyət verməyib. Bu mübahisə zamanı Nofəl Hacıyevin səhhəti daha da pisləşib. Məhkəmə zalına tibbi bacısı dəvət olunub, onun səhhəti yoxlanılıb və tibbi yardım göstərilib. Tibbi müayinədən sonra məlum olub ki, təqsirləndirilən şəxsin təzyiqi yüksəldir. Bu səbəbdən iclasını təxirə salınması qərara alınıb.
Proses iyunun 19-da davam edəcək.
Xatırladaq ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 172 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib.
Nofəl Hacıyev “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni olmaqla yanaşı, mərkəzin şəriklərindən biri hesab olunur. İttihama görə, vətəndaşlardan toplanan vəsait “Atlant”ın təmir və tikinti işlərinə sərf olunub. Cinayət işi çərçivəsində “Atlant” istirahət mərkəzinin əmlakına həbs qoyulub. Əgər məhkəmə hökmü çıxarılarsa, bu əmlak zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər.
Məhkəmədə “Atlant”ın sahibi Tahir Qədəşovun da məsuliyyətə cəlb olunması tələb edilmişdi. Bu vəsatət hələlik baxılmamış qalır. İstirahət mərkəzi Nabran qəsəbəsində dəniz sahilində yerləşir.