“Bu aksiyalarda biz də millət vəkili kimi çıxış etmək istəyirik. Ancaq hər şeyin vaxtı var. Hələlik QHT və ictimaiyyət nümayəndələri, ekoloqlar və media mənsubları sözünü deyir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında xocalıdan olan millət vəkili Elman Məmmədov səsləndirib. O və həmkarı Aqil Abbas vətəndaşlarımızın Şuşa-Xankəndi-Laçın yolunda keçirdiyi aksiyada millət vəkillərinin iştirakına dair mövzuya münasibət bildirib.
Elman Məmmədov aksiya başlayan gündən məsələ ilə bağlı mövqe sərgilədiyini diqqətə çatdırıb: “Etirazçılar belə bir vəziyyətdə çox vacib olan missiyanı yerinə yetirirlər. Bu, hələ başlanğıcdır. Hesab edirəm ki, tələblər genişlənməlidir. Mən Xocalıdan olan məcburi köçkün kimi öz evimə getmək istəyirəm. Necə olur ki, sülhməramlılar separatçıları bu ərazilərə yerləşdirir, ancaq torpağın əsl sahiblərinə öz evlərinə getmək qadağan edilir. Otuz ildən çoxdur azərbaycanlılar öz ev-eşiklərindən didərgin salınıblar. Buna münasibət bildirməyənlər indi Azərbaycanı yolu bağlamaqda ittiham edirlər. Digər tərəfdən üçtərəfli razılaşmaya əsasən Qarabağdan çıxarılmalı olan separatçılar hələ də oradadırlar. Sayı təqribən 30-40 min olan erməni üçün özlərini məhv edənlər, 400 mindən çox Naxçıvan əhalisinin 30 ildən çoxdur blokadada qalmasına niyə göz yumurlar?. Niyə Zəngəzur dəhlizini açmırlar? Biz də bunu tələb edirik. Əgər onlar Zəngəzurdan bizə yol vermirsə, o zaman biz niyə 30-40 min erməniyə yol açmalıyıq? Hər şey qarşılıqlı olmalıdır. Bu tələblər ortaya qoyulmalıdır”.
Elman Məmmədov bildirib ki, Azərbaycan parlamentində bir neçə millət vəkili öz çıxışında Şuşa-Xankəndi-Laçın yolundakı aksiyaya qoşulmaqla bağlı fikir səsləndirib: “Bu aksiyalarda biz də millət vəkili kimi çıxış etmək istəyirik. Ancaq hər şeyin vaxtı var. Hələlik QHT və ictimaiyyət nümayəndələri, ekoloqlar və media mənsubları sözünü deyir. Lazım gələndə hamımız birləşəcəyik. Şəxsən mən bir millət vəkili kimi aksiyaya qoşulmağa hazıram. Heç birimizin canı oradakı insanlardan əziz deyil. Hər birimiz vətənimiz üçün nə lazımdırsa, onu da etməyə hazırıq”.
Mövzu ilə bağlı qısa fikirlərini KONKRET.az-la bölüşən deputat Aqil Abbas bildirib ki, məsləhət olarsa, millət vəkilləri də sözügedən aksiyaya qoşulacaq: “Amma məsələni hələ ki, siyasiləşdirmək istəmirlər. Hazırda könüllülər iştirak edir. Lazım olsa, deputatlar da gedəcəklər”.
Aqil Abbas bir millət vəkili kimi hər zaman xalqın yanında olduğunu vurğulayıb: “Əgər imkan olsa, gedərəm. Milli Məclidə bu barədə fikir səsləndirilib. Ancaq rəhbərliyin nə qərar verəcəyini deyə bilmərəm”.
Müşviq Tofiqoğlu,
KONKRET.az