Ötən gecə Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin tanınmış dostları onun vəfatı ilə bağlı paylaşım ediblər.
KONKRET.az xəbər verir ki, müğənni Xuraman Şuşalı paylaşımında Könül Vəlibəyli ilə dost olduqlarını, milli geyimlərini hər zaman onun hazırladığını bildirib.
“Özün getdin, ancaq etdiyin yaxşılıqlar qaldı. Mələk kimi hər kəsə yaxşılıq edən Könülüm… Könül heç evdə tapılmırdı, bütün gün xaricdə olurdu. Yerin cənnət olsun. Sən axı heç evdə olmurdun, səfərlərdə olardın. Əcəl necə gəlib səni tapdı… Həmişə tələsirdin, ölümə də tələsdin… Axı mənim ən gözəl milli geyimlərim sənin idi”, – müğənni qeyd edib.
Aparıcı Saleh Bağırov isə K.Vəlibəyli ilə dünən günorta saatlarında görüşdüyünü yazıb:
“Dəhşətlər içindəyəm. Mənim üçün hazırladığı iki yeni pencəyin son tamamlama işlərini gördü, bir-iki günə təhvil verəcəyini dedi. Milli geyimlərimizin inkişafı üçün çox işlər gördü. Ayın 25-də Türkiyəyə səfərə hazırlaşdığını və 2026-cı ilə olan böyük planlarından həvəslə danışdı. Dedik, güldük, həmişəki kimi pozitiv ayrıldıq. Xatirimdə həmişə o gözəl təbəssümünlə, əsl insanlığınla qalacaqsan. Sən nə qəribə və dəhşətsən, ey dünya. Ruhun şad olsun, istedadlı, gözəl, təmənnasız böyük ürəkli dostum…”


