Həmkarlarının Yevda Abramovla bağlı TƏƏSSÜRATLARIbackend

Həmkarlarının Yevda Abramovla bağlı TƏƏSSÜRATLARI

Milli Məclisin V çağırış deputatı Yevda Abramov uzun sürən xəstəlikdən sonra dekabrın 6-da axşam saatlarında dünyasını dəyişib.

KONKRET.az bildirir ki, Modern.az saytının əməkdaşı Yevda Abramov haqqında həmkarlarından təəssüratlarını öyrənib.

Millət vəkili Fəzail İbrahimli:

“Yevda müəllim Milli Məclisdə öz sözü, səsi olan deputatlardan idi. O, baxmyaraq ki, milliyətcə yəhudi idi, amma ən böyük azərbaycanlıydı. Yevda Abramov bütün məqamlarda dövlətin, millətin xeyirinə öz sözünü deyirdi. O, dövlətə xələl, qüsur gətirən məmurlara qarşı kifayət qədər ciddi arqumentlərlə çıxış edirdi. Bunlar hamısı siyasi müstəvidir”.

Fəzail İbrahimli qeyd edib ki, Yevda müəllim insani müstəvidə ömrünün ən şirin dövrünü yaşayırdı.

“O, övladlarını yerbəyer etmişdi, əslində indi onun həyatda bir dincəliş dövrü idi. Tanrıdan onun qismət payı belə imiş. Fiziki cəhətdən MM-də ən sağlam insanlardan biri idi. Yevda müəllimin güclü səsi var idi, mikrofonsuz danışanda da eşidilirdi. Mən onu müsbət biri kimi; heç kimə ziyan verməyən, hər şeydən əvvəl özünə hörməti olan biri kimi tanıdım. Beynəlxalq münasibətlərdə o, daima Azərbaycan üçün isti əlaqələrin qurulmasına görə çalışırdı. Azərbaycan xalqı həmişə ona sığınan, bu xalqa xeyirxah münasibət bəsləyən bütün millətlərin nümayəndəsini tarixən də öz ağuşuna alıb. Yevda Abramovu Azərbaycan xalqı deputat etmişdi. Yevda müəllim yəhudilərin nümayəndsi olsa da, onu azərbaycanlılar seçmişdi. Uzun ömür sürmək hamıya qismət olmur, görünür ki, Yevda müəllimin qismət payına da belə yazılmışdı. Elə bir xəstəliyə tutuldu ki, onun dünyada çarəsi yoxdur. Allah Yevda müəllimə rəhmət eləsin, övladlarına, ətrafına səbr versin”!

Deputat Əflatun Amaşov:

“Yevda müəllimə Allah rəhmət eləsin. Eyni komitədə çalışırdıq. O, yəhudi millətinin nümayəndəsi olmasına baxmayaraq, parlamentə Azərbaycanın inkişafı ilə bağlı, ölkədən kənarda; İsraildə, ABŞ-da etdiyi çıxışlarda dövlətimizin ən böyük təbliğatçılarından idi. Yevda müəllim seçicilər tərəfindən ən çox hörmət olunan deputatlardan və kifayət qədər yaxşı yoldaş idi”.

Əflatun Amaşov qeyd edib ki, Yevda Abramov kifayət qədər alicənab, həssas və yaxşı yoldaş idi.

“Allah Yevda müəllimə rəhmət eləsin. O, çox gözəl, dəyərli insan idi. Təəssüflər olsun ki. Mən onun Qubada keçiriləcək dəfn mərasimində iştirak edə bilməyəcəm. Çünki mən Bakıda deyiləm. Modern.az kollektivinə isə təşəkkürümü bildirirəm ki, bu mövzuya həssas yanaşıb”.

Deputat Tahir Kərimli:

“Allah Yevda müəllimə qəni-qəni rəhmət eləsin. O, Azərbaycanı sevən böyük bir insan idi. Biz onunla uzun müddət eyni komitədə; İnsan hüquqları komitəsində çalışmışıq. Yevda müəllimin daim xalq üçün faydalı təkliflərinin şahidi olmuşam. O, həmişə ABŞ-da, İsrail və başqa ölkələrdə yəhudi icmalarla görüşüb, onları Azərbaycanın xeyirinə yönəldərdi”.

Tahir Kərimli qeyd edib ki, Yevda müəllim həmişə xarici ölkələrə Azərbaycan həqiqətlərini çatdırar, Qarabağ məsələsindən hər yerdə danışardı.

“Biz həmkarları olaraq onun xəstəlikdən əziyyət çəkməsinə görə narahat olurduq. Keçən il də gedib İsraildə xeyli müalicə aldı gəldi, şükür etdik ki, sağaldı. Allah rəhmət eləsin bir daha! Mən hesab edirəm ki. Yevda müəllim Azərbaycan xalqı üçün gördüyü işlərlə tarixdə qalacaq. İnsan heç cür inana bilmir ki, belə gözəl insan həyatı tərk edib. Sizlərə isə təşəkkür edirəm ki, onu yada salıb, mövzuya həssaslıqla yanaşırsınız”.

Deputat Əli Məsimli:

“Milli Məclisin deputatı, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakı ilə çoxlarının rəğbətini qazanan, sadə, səmimi, gözəl qəlbli insan-Yevda Abramov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Yevda müəllimin vəfatı ilə bağlı Vahid Əhmədov, Rafiq Məmmədhəsənov və öz adımızdan mərhumun ailəsinə və əzizlərinə dərin hüznlə başsağlığı veririk! Allah rəhmət eləsin”!

Deputat Azər Badamov:

“Azərbaycanı öz canından çox sevən,ictimai-siyasi xadim, dostum və həmkarım Yevda Abramovun vəfatı xəbəri məni çox kədərləndirdi. Kişilik, mərdlik, sözünü üzünə demək, vətənə sevgi Yevda müəllimin həyat tərzi idi. Yevda müəllim deyərdi ki, Azər; Mən Azərbaycanda tək yaşayıram. Övladlarım xaricdədirlər. Çıxışlarımda heç vaxt şəxsi marağım yoxdur. Çıxışlarımdakı bütün emosiyalar vətənimi və prezidentimi sevdiyimdəndir. Deyərdi ki,İstəyirəm torpaqlarımız işğaldan azad olunsun, Azərbaycan daha möhtəşəm görünsün.Allah rəhmət eləsin”!

Deputat Aydın Mirzəzadə:

“Allah rəhmət eləsin, çox yaxşı insan idi. Xarizmatik xarakteri var idi, böyük həyat təcrübəsinə malik idi, insanlarla asanlıqla dil tapırdı. Azərbaycanı çox sevirdi, ölkəmizin xarici ölkələrdə, ilk növbədə yəhudi diaspor dairələrində tanıdılması üçün böyük iş görürdü. Parlament iclaslarının birindən qalmazdı, çox diqqətlə bütün çıxışlra qulaq asardı, özünü də çıxışları həyati idi, çıxışlarında mütləq təklifləri də verirdi. Dəyərli bir yoldaş kimi əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*