Bakıda artan nəqliyyat sıxlığının qarşısını almaq üçün zaman-zaman müxtəlif təkliflər səsləndirilir. Onlardan biri də “hər ailəyə bir avtomobil” məhdudiyyətinin tətbiq olunması ideyasıdır. Bəs bu yanaşma real nəqliyyat həlli ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bu yanaşma məcburetmə yolu ilə deyil, qanunvericilik səviyyəsində əsas götürülə bilər.
“Hər ailəyə bir maşın prinsipini qanun kimi əsas götürmək olar. Amma bu şərtlə ki, ona əməl olunsun və məcburi xarakter daşımasın. Bu yolla məsələnin həllinə müəyyən qədər nail olmaq mümkündür. Bugün kiməsə məcburən nəqliyyat vasitəsi alma demək düzgün sayılmaz.”
Ekspertin sözlərinə görə, avtomobil sahibkarlığı birbaşa sosial rifah səviyyəsi ilə bağlıdır:
“Nəqliyyat vasitəsi kifayət qədər bahalıdır və bu, insanların maddi imkanlarına söykənir. Ona görə də heç kimə “sən maşın alma” və ya “maşın alıb tıxac yaradırsan” demək doğru olmaz. Bu, dövlətin strukturuna təsir edən amildir.”
Aslan Əsədov vurğulayıb ki, bu sahədə əsas yol maarifləndirmə və təbliğat ola bilər:
“Bir ailədə 5 nəfər varsa, 5 avtomobilin olması məcburi deyil. Daha məqsədəuyğun olan bir avtomobildən ümumi istifadənin təşviqidir. Xarici təcrübələrə baxanda da görürük ki, ailədə bir nəfər avtomobildən istifadə etməklə digər üzvlərin nəqliyyat tələbatını qarşılayır.”
Ekspert əlavə edib ki, şəhər nəqliyyat infrastrukturunda əsas meyar nəqliyyat vasitələrinin hərəkət rentabelliyinin qorunmasıdır:
“Burada rentabellik dedikdə, istifadə olunan nəqliyyat vasitələrinin şəhər yükü ilə nisbəti nəzərdə tutulur. Yəni bir avtomobilin müəyyən vaxt ərzində nə qədər məsafə qət etməsi və şəhər nəqliyyat sisteminə nə dərəcədə yük yaratması əsas götürülməlidir.”
Aynurə İsmayıl
KONKRET.az

