“Yay fəslinin ən ciddi narahatlıqlarından biri olan ağcaqanadlarla mübarizədə istifadə edilən dərman və vasitələr sağlamlıq üçün müəyyən risklər yaradır. Bədənə sürtülən yağ və kremlərin, sprey formasında olanların və havaya yayılmaqla təsir göstərən cihazların hər biri insan orqanizminə ziyandır”.
Bu fikirləri həkim-terapevt Günay Lətifova KONKRET.az-a açıqlamasında səsləndirib.
“Bədənə çəkilən yağ və kremlər ilkin baxışda təhlükəsiz görünsə də, həm allergik fonu olan insanlarda, həm də sağlam fərdlərdə dəri qıcıqlanması və allergik reaksiyalar yaradır. Dərinin müdafiə baryerini zəiflədən bu vasitələr kontakt dermatit, ekzema kimi xəstəliklərin yaranmasına səbəb ola bilər. Belə məhsullardan istifadə edənlərə hər 1-2 saatdan bir dərini yumaq tövsiyə olunur.
Sprey vasitələri də geniş istifadə edilir. Lakin bu tip məhsulların tərkibində olan kimyəvi maddələr tənəffüs yolları ilə orqanizmə daxil olaraq bronxların qıcıqlanmasına şərait yaradır. Bu, allergik reaksiya ilə yanaşı, astma xəstələrində tutmaların artmasına, xroniki respirator problemləri olan şəxslərdə vəziyyətin ağırlaşmasına gətirib çıxarır.
Elektrik enerjisi ilə işləyən və otaq havasına kimyəvi maddə buraxaraq ağcaqanadları məhv edən cihazlar da təhlükəsiz deyil. Havanın buxarlanması ilə yayılmış maddələr tənəffüs yolu ilə insan orqanizminə daxil olaraq xüsusilə uşaqlarda və yaşlılarda bronxların zədələnməsi, allergik öskürək, nəfəs darlığı kimi hallara səbəb ola bilər.
Belə vasitələrdən istifadə edildikdə otağın hər 1-2 saatdan bir havalandırılması tövsiyə edilir”.
G. Lətifova vurğulayır ki, ağcaqanad dişləmələri özlüyündə də ciddi dermatoloji problemlərə səbəb olur. Qaşınma, dəridə qızartı, hətta ekzema kimi xəstəliklərə yol açır. Bu səbəbdən həm ağcaqanad dişləmələrindən, həm də onunla mübarizə vasitələrinin yaratdığı təhlükələrdən qorunmaq üçün ehtiyatlı olmaq vacibdir.
“Allergik reaksiya və ya tənəffüs narahatlığı hiss edildikdə dərhal istifadə olunan məhsul dayandırılmalı və tibbi yardım alınmalıdır. Xüsusilə, allergiyası və ya astma xəstəliyi olan şəxslər bu vasitələrdən istifadə etməzdən əvvəl həkim məsləhəti almalıdır”.
Aynurə İsmayıl
KONKRET.az