Separatçıların keçmiş komandirlərindən biri, general-leytenant Mikael Arzumanyan hakimiyyətin və şəxsən Paşinyanın ona qarşı səsləndirdiyi ağır ittihamlara kifayət qədər sərt reaksiya verib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə “Mənim şərəfim” parlament fraksiyasının katibi Tiqran Abramyan feysbukdakı səhifəsində yazıb.
O qeyd edib ki, 44 günlük müharibə zamanı oktyabrın 27-dən “komandanlığı” general Arzumanyan üzərinə götürüb:
“Belə çətin və ümidsiz görünən vəziyyətdə Arzumanyanın komandanlığa razı olması onun fədakarlığından və iradəsindən xəbər verir. Maraqlıdır ki, generala qarşı çirkin kampaniya başlamazdan əvvəl hakimiyyət onu azadlığından məhrum edib. Onun özünü müdafiə etmək və hakimiyyət orqanlarının müharibə zamanı törətdiyi ağır cinayətlərdən danışmaq imkanları ciddi şəkildə məhdudlaşdırılıb. 44 günlük müharibənin bir çox məqamları açıqlanmamış, şərh edilməmiş qalır və hakimiyyət onları sistemli şəkildə redaktə edir, “günahkar”, “satqın”, “dezertir” təyin etməklə öz dərisini xilas etməyə çalışır”.
Abramyanın sözlərinə görə, müharibədə iştirak edən hərbçilər susmamalıdırlar. Bu yolla hakimiyyətdən qaça biləcəklərini düşünərək susanlar özlərini xilas etməyəcəklər.
İqbal Rzayev,
KONKRET.az