Hərbi qulluqçular icbari narkoloji müayinədən keçiriləcək – RƏSMİbackend

Hərbi qulluqçular icbari narkoloji müayinədən keçiriləcək - RƏSMİ

Azərbaycanda hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçiriləcəklər.

KONKRET.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Narkoloji xidmət və nəzarət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Sənədə əsasən, peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər, habelə müddətli həqiqi hərbi xidmətə çağırılan, həqiqi hərbi xidmətə daxil olan və həqiqi hərbi xidmət keçən şəxslər “Narkoloji xidmət və nəzarət haqqında” Qanuna uyğun olaraq icbari narkoloji müayinədən keçirilirlər.

Narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilməsi təmin edilir.

“Narkoloji xidmət və nəzarət haqqında” Qanuna uyğun olaraq, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər. Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*