Son vaxtlar gənclərin hərbi xidmətdən yayınma hallarında artım müşahidə olunur. Bu meylin səbəbi yalnız xidmət müddətinin uzunluğu ilə bağlıdır, yoxsa daha geniş sosial problemlərin göstəricisidir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, yayınma hallarının çoxalmasına bir neçə amil təsir edir.
![]()
Ekspertin sözlərinə görə, xidmət müddətinin 1 il 6 ay olması gənclərin motivasiyasına təsir göstərən amillərdən biridir. Hətta ali təhsilli gənclər arasında da bir illik xidmətə meyilsizlik müşahidə olunur.
Üzeyir Cəfərov qeyd edib ki, sosial şəbəkələr, Teleqram kanalları və müxtəlif verilişlər gənclərin fikirlərinə təsir göstərərək onları xidmətdən yayınmağa sövq edir:
“Bu, təkcə Azərbaycanda deyil. hərbi xidmət olan bir çox ölkələrdə oxşar hallar müşahidə edilir.”
Ekspert hesab edir ki, problemin həlli üçün hərbi xidmətin gənclər üçün daha cəlbedici edilməsi vacibdir. Onun fikrincə, xidmət yalnız nizam-intizam deyil, həm də gənclərin şəxsi inkişafına yönəlmiş proqramlarla zənginləşdirilməlidir:
“Xidmət müddətində əsgərlərin asudə vaxtının səmərəli təşkili, maarifləndirilməsi, musiqi zövqünün, intellektual biliklərinin artırılması üçün fəaliyyətlər təşkil olunmalıdır. Maraqlı filmlər, ictimaiyyət nümayəndələri ilə görüşlər, viktorinalar – bütün bunlar xidmətin keyfiyyətini artıran amillərdir.”
Üzeyir Cəfərov əlavə edib ki, Qarabağın azad olunmasından sonra gənclərin bu istiqamətdə maarifləndirilməsi də önəmlidir. Onun sözlərinə görə, hərbi hissələrdən Qənimətlər Parkına ekskursiyalar və müharibə iştirakçıları ilə görüşlər də xidmətə marağı artıran tədbirlər sırasındadır.
Ekspert hesab edir ki, hərbi xidmət modeli gənclərin fiziki hazırlığı ilə yanaşı, onların mənəvi və intellektual inkişafını da nəzərə almalıdır.
Aynurə İsmayıl
KONKRET.az
