Həsəd və təkəbbürlüyü bir tərəfə atıb, özümüzü bu millətin qulluqçusu kimi aparsaq…backend

Həsəd və təkəbbürlüyü bir tərəfə atıb, özümüzü bu millətin qulluqçusu kimi aparsaq...

Cəmil MƏMMƏDLİ

Tək çarəmiz…

Hələ 20-ci əsrin əvvəllərində D.Uotson psixologiyanın şüur fenomeni ilə deyil, davranışlarla məşğul olmasının vacibliyini deyirdi. Onun fikirlərinə görə, istənilən növ fəaliyyət, xarici stimullara qarşı cavablar silsiləsidir. Yəni hər hansı bir fəaliyyət, ətraf aləmin impulslarına qarşı orqanizmin verdiyi şərti və qeyri-şərti reflekslər kompleksidir. Hətta bunu ifadə edən düstur da var idi. “S-R”
Sonralar isə onun ardıcılları bu düsturu “kənar dəyişənlərin” də təsirini ifadə edərək təkmilləşdirdilər. S-V-R
B.Skinner “V”-nin mahiyyətini izah edərkən bildirirdi ki, istənilən davranışı formalaşdıran stimulların hamısı, heç də bir-birinin eyni olmayıb, bir-birindən fərqlənir. Skinner iki növ stimul göstərirdi: mövcud və gözlənilən stimullar.
Məsələn, kimsə öz evində oturub, soyuqdursa, dərhal sobanı yandırması və ya istidirsə, kondisioneri qoşması mövcud stimullardır. Bu hər hansı bir insanın ətrafın, özünə qarşı aşkar təsirlərinə, stimullarına verdiyi birbaşa reaksiyalardır.
Ancaq bütün stimullar heç də həmişə bu cür aşkar görünmür. Məsələn, çox vaxt insan özü istəməsə belə, səhər tezdən yuxudan qalxır, işi ürəyincə olmasa da, məcbur işə gedir, axşama qədər işləməli olur. Onu heç kəs yuxudan oyanmağa məcbur etmir, həmçinin işləməyə də. Məsələ bundadı ki, burada onu fəaliyyətə təhrik edən stimullar onun bu davranışlarından sonra yerləşir və o, bunu dərk edir. Bilir ki, yuxudan vaxtında durmasa, işə gecikə bilər. İşə gecikməsinin sayından və nəticəsindən asılı olaraq iş yerini, işini itirə bilər. İşini itirsə isə məişət problemləri, maliyyə çatışmazlığı ona əziyyət verə bilər və s.
Skinner bu iki stimulun ortaya çıxardığı davranışları da bir-birindən fərqləndirir və birincini-RESPONDENT, ikincini isə – OPERANT davranış adlandırır.
İnsanın əli qaynar suya dəyəndə dərhal çəkməsi “respondent davranış”, hansısa bir məqsədə can atması, həmçinin siyasi mübarizələrə qatılması “operant” davranışdır. Yəni bir insanın hər hansı bir stimulun, impulsun nəticəsini əvvəlcədən dərk edərək anlaması, onu lazımi “operant davranışa” istiqamətləndirən səbəblərin ən vacibidir.
Bunları sadalamaqda məqsədim, özümü çoxbilmiş göstərmək deyil, sadəcə xatırlatmaq istədim. Xalqın siyasətdən kənar qalmasına tənə edənlər, onun biganəlik və apatiya xəstəliyinə tutulduğunu hiss etmirlər, görəsən?
Görəsən, anlamırlar ki, əvvəlcə bu xalqı tarixlər boyu siyasətə qarışmadan nələri itirdiklərini dərk etmək üçün cahillikdən elmə, təhsilə dəvət etməlidirlər? Doğrudan anlamırlar ki, maariflənməmiş bir xalq üçün hakimiyyətdə kimin olmasının heç bir zərrə qədər də fərqi olmayacaq?
İndi texnologiyanın elə bir inkişaf dövrünü yaşayırıq ki, heç kəs tribuna davası edə bilməz. Sadəcə bircə email açaraq, özün üçün bloq yarada bilərsən.

Bu da sənə tribuna!

Və ya sosial şəbəkələrin yaratdığı imkanlardan yararlanaraq xalqı maariflənməyə, vətənpərvərliyə səsləyən məqalələr yaza bilərsən.

Əgər bəzi “zurnalist və mıxbirlər” kimi İP dilənmək üçün müğənnilərin qıçlarının arasından yox, tariximizin bizə verdiyi dərslərdən, dünya güclərinin min bir hiylə ilə kiçik dövlətlərin başına gətirdiyi müsibətlərdən yazsaq, az da olsa, abırlı bir oxucu kütləsi əldə etmiş olarıq. Bütün həsəd və paxıllığı, içimizdəki kin-küdurəti, təkəbbürlüyü bir tərəfə atıb, özümüzü bu millətin qulluqçusu kimi aparsaq, əminəm bu xalq özünə gələcək. Yoxsa ziyalımızın da, siyasilərimizin də, siyasi mövqeyindən asılı olmayaraq böyük əksəriyyəti “xoşbaxtlığa” qafiyə axtaran Moşunun günündədir…

Və bu qarşısı alınmadığı müddətcə daha pis nəticələrə gətirib çıxaracaq!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*