Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin görüşü konstruktiv və işgüzar şəraitdə keçib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, görüşün əsas xüsusiyyətlərindən biri də tərəflər arasında vasitəçilərsiz – hər hansı üçüncü tərəfin iştirakı olmadan birbaşa aparılması olub. Hacıyev vurğulayıb ki, məhz bu format danışıqlarda real irəliləyişlərə yol açıb.
“Əldə edilmiş razılaşmalar sülh sazişinin mətninin razılaşdırılması və sərhədlərin delimitasiyası istiqamətində müsbət dinamikanın olduğunu göstərir. Bu da bölgədə sabitliyin möhkəmlənməsi üçün ümidverici haldır”, – deyə o qeyd edib.
Prezidentin köməkçisi əlavə edib ki, Əbu-Dabidə keçirilən görüş zamanı sülh müqaviləsinin paraflanması məsələsi də müzakirə edilib. Azərbaycan bu istiqamətdə yaradıcı diplomatiya prinsipindən çıxış edərək konkret təklif irəli sürüb.
Lakin Hacıyev bəzi həssas məsələlərin hələ də qalmaqda olduğunu qeyd edib: “Əsas məsələlərdən biri Ermənistan Konstitusiyasında sülh prosesinin ruhuna zidd müddəaların yer almasıdır. Bundan əlavə, ATƏT-in Minsk Qrupunun tam ləğv edilməsi məsələsi də açıq qalır. Bu addımlar reallaşmadığı təqdirdə, paraflama məsələsi müzakirə mövzusu olaraq qalacaq”.
Sonda o, iki ölkə arasında sülh müqaviləsinin bu ilin sonuna qədər imzalanması ehtimalına da toxunaraq bildirib:
“Bu barədə dəqiq proqnoz vermək çətindir, lakin hazırkı dinamika nikbinlik üçün əsas yaradır”.