Ermənistanın müharibə dövründə Azərbaycana qarşı klaster bombalardan istifadə etdiyi bir daha sübuta yetirilib. Və “Human Rights Watch” insan haqları təşkilatı dekabrın 15-də “Ermənistan Azərbaycana qarşı klaster bombalarından istifadə edib” adlı hesabat yayıb.
Hesabatla bağlı KONKRET.az-la fikirlərini bölüşən Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib ki, klaster silahlardan istifadə müharibə qanunlarının pozulması deməkdir: “Təşkilatın hesabatından da göründüyü kimi, Azərbaycan Ordusundan fərqli olaraq, Ermənistan hərbi birləşmələri arsenalında olan “Toçka-U” və “İskəndər” ballistik raketləri, “Smerç” və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemlərindən istifadə etməklə, altı həftəlik müharibə dövründə Azərbaycanda əhalinin sıx yaşadığı yaşayış məntəqələrinə dəfələrlə klaster bombalar atıb. Onların mülki əhaliyə qarşı belə qəddar formada rəftarı, əlbəttə, beynəlxalq təşkilatların da mütləq “gözünə girməlidir”.
Millət vəkili qeyd edib ki, təşkilatın araşdırmaçıları bu ilin noyabrında Azərbaycana səfərləri zamanı üç rayona klaster bombaları ilə dörd hücumun gerçəkləşdirildiyini sənədləşdiriblər: “Sənəddə qeyd olunub ki, bu hücumlarda ikisi uşaq olmaqla azı yeddi mülki şəxs öldürülüb, iki uşaq daxil 20 nəfər yaralanıb. “Human Rights Watch” II Qarabağ müharibəsində Azərbaycanın da dörd hücumda klaster sursatlara əl atdığını sənədləşdirdiyini, hücumlardan üçünün Xankəndinə, birinin Hadruta endirildiyini bildirib. Ermənistandan fərqli olaraq bu silahlarla yalnız hərbi hədəflər vurulub. Bizim ordu mənfur düşmənlərimiz kimi ləyaqətsiz deyil ki, mülki insanları hədəf alsın. Biz haqq savaşında yalnız hərbi birləşmələrə, terrorçulara qarşı vuruşmuşuq və onları torpaqlarımızdan qovmuşuq. Qeyd edək ki, təşkilat oktyabrda Ermənistanın Azərbaycanın Bərdə şəhərinə klaster bombası ilə hücumda 21 dinc sakinin öldürüldüyünü, 70 nəfərin yaralandığını sənədləşdirib. Azərbaycana hücumların biri Bərdədə, ikisi Goranboyda, biri Tərtərdə qeydə alınıb. Qurum hücum vaxtı həmin ərazilərdə, yaxud onların yaxınlığında hərbçi personalın, avadanlığın, texnikanın mövcudluğunu müəyyənləşdirə bilməyib”.
KONKRET.az