Şimali Darfur əyalətinin El-Koma bölgəsində gecə saatlarında Ümumdünya Ərzaq Proqramı (WFP) və BMT-nin Uşaq Fondunun (UNICEF) yük maşınlarının karvanına hücum edilib.
KONKRET.az xəbər verir ki, bu barədə UNİCEF-in nümayəndəsi “Reuters” agentliyinə müsahibəsində bildirib.
“Ərzaq daşıyan və El Faşer şəhərinə girmək üçün icazə gözləyən konvoya hücum edildiyi barədə məlumat aldıq”.
Sudanda vəziyyət 2023-cü ilin aprelində ordu komandiri, Suveren Şuranın sədri Əbdülfəttah əl-Burhan ilə Çevik Müdaxilə Qüvvələrinin lideri Məhəmməd Həmdan Daqalo arasında baş verən qarşıdurma səbəbindən kəskin şəkildə gərginləşib. Merova və Xartum şəhərlərində başlayan münaqişə qısa zamanda ölkənin digər bölgələrini də əhatə edib.
Son məlumatlara görə, davam edən döyüşlər minlərlə insanın ölümünə, on minlərlə insanın yaralanmasına və 13 milyondan çox sudanlının evlərini tərk etmək məcburiyyətində qalmasına səbəb olub.
Müşviq Tofiqoğlu
KONKRET.az