backend

İcbari tibbi sığorta bizə nə verəcək? - VİDEO

“Əgər icbarı tibbi sığortam olmasaydı, qızım, mənim səhhətim necə olacaqdı, deyə bilmirəm. Böyük dəstək oldu, sağlamlığıma qovuşdum və bütün tibbi personala minnətdaram”. Xurşud xanım sığortalı pasiyentdir. Özünün də dediyi kimi, əgər icbari tibbi sığortası olmasaydı, yəqin ki, səhhəti ilə bağlı yaşadığı problem daha da dərinləşəcəkdi. Biz də icbari tibbi sığortanın tətbiqinin faydalarından, bu sistemin tətbiqinin hansı dəyişikliklərə səbəb olacağından danışacağıq. Ümumiyyətlə, icbari tibbi sığorta gözləntilərimizi doğruldacaqmı? Millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, icbari tibbi sığortanın tam tətbiqindən sonra hər bir insan biləcək ki, əgər onun başına bir iş gələrsə, pul axtarmayacaq, qohum-əqrəba axtarmayacaq, ondan-bundan borc xahiş etməyəcək: “O, lazım olan müalicə və müayinələrini pulsuz olaraq yüksək təcrübəli həkimlərin nəzarətində həyata keçirəcək”. Professor, kardioloq cərrah Kamran Musayev deyir ki, Mərkəzi Klinik Xəstəxana İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə memorandum imzalayıb: “İcbari tibbi sığortalı xəstələrimizin böyük bir kütləsi Gəncə şəhərimizdəki filialımızda müalicə olunur. Bakıda isə daha ağır xəstələrimizə bu xidməti göstərməyə çalışırıq. Biz burda açıq ürək əməliyyatlarını, uşaqlarda rast gəlinən çox böyük anadangəlmə ürək qüsurlarını əməliyyat edirik. Bir azərbaycanlı həkim kimi mənim üçün çox sevindiricidir ki, bir il yarımdan çoxdur sığortalı xəstələri insanları əməliyyat edə bilirəm və daha əvvəllər əməliyyat olunmayan bu insanlar bu imkandan faydalanır”. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Vüqar Qurbanov bildirib ki, Agentliyin əsas hədəflərindən biri bu xidmətləri əhali üçün əlçatan etməkdir: “İkincisi, sığorta haqqı ödənmiş və sığortalı hesab olunan əhalinin əldə edəcəyi tibbi xidmətləri daha keyfiyyətli şəkildə tətbiq etməkdən ibarətdir. İcbari Tibbi Sığorta Agentliyi bu mövzuda çox işlər görür. 2019-cu ilin sonuna qədər həm qanunvericilik tərəfdən, həm də texniki baxımdan bu işlər yekunlaşmalıdır ki, 2020-ci ildən icbari tibbi sığortanın tətbiqinə başlanılsın”. Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, bu gün insanlarımız üçün ən vacib məsələlərdən biri böyrək və qaraciyər köçürülməsi, orqan transplantasiyası bu paketə daxil olacaq: “Bunun içərisinə koxlear implantasiya da daxil olmaqla bu gün Azərbaycanda icra olunan əməliyyatlar daxil olacaq. Bu məsələdə ən vacib şərtlərdən biri odur ki, bu vəsaitin böyük bir hissəsi tibbi sığorta qurumunun üzərinə düşəcək, kiçik bir hissəsi vətəndaşın üzərinə düşəcək. Onkoloji xəstəliklər də bu siyahıya daxildir”. Professor, kardioloq cərrah Kamran Musayev İcbari Sığorta üzrə Dövlət Agentliyinin bu məsələyə çox professional yanaşdığını söyləyib: “Sizin də dediyiniz kimi, bahalı əməliyyatların əksəriyyəti tibbi sığortada əks olunur. İcbari Sığorta üzrə Dövlət Agentliyinin açıqladığı nəticələrə baxdığımız zaman bu özünü doğruldur. Göstərilən xidmət və ödəniş arasında bir balans mövcuddur. Düşünürəm ki, 2020-ci ildən başlayaraq İcbari Sığorta üzrə Dövlət Agentliyi eyni prinsiplərlə çalışmağa davam edəcəksə, bu sahədə ciddi problem yaşanacağını düşünmürəm”. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Vüqar Qurbanov xidmətlər zərfində əsas seçim meyarının daha çox nəyə əsaslandığını açıqlayıb: “Ölüm riski olan xəstəliklər təminat altına alınıb, əlillik riski olan xəstəliklər təminata alınıb. Bunlar əsasən oynaqdaxili endoprotez əməliyyatları, anadangəlmə kar, eşitmə qüsurlu uşaqların əməliyyatları da tibbi sığorta paketinə daxil edilib. Onkoloji xəstəliklər necə? Bildiyiniz kimi, Azərbaycan Respublikasında bir sıra dövlət proqramları var. Onkoloji xəstələr, şəkərli diabet xəstələri, irsi qan xəstəlikləri olanlar dövlət tərəfindən tam təminata alınıb. Bu proqramlar bitənə qədər sığorta təminatı düşünülmür” .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*