“İçməli su mənbələri getdikcə tükənir” – ARAŞDIRMAbackend

"İçməli su mənbələri getdikcə tükənir" - ARAŞDIRMA

Bəxtiyar HÜSEYNOV,
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin əməkdaşı

“… İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su – bütün bunlara biz çox böyük diqqət göstərməliyik”.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Yeni əsrin başlanğıcında  bəşəriyyətin  qarşısında  duran ən vacib məsələlərdən biri  ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə  edilməsi  və  onun  ilkin  vəziyyətinin gələcək nəsillər üçün  mühafizə olunmasıdır. Bu məsələlərin daim diqqətdə saxlanılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Əlbəttə, bu, təsadüfi deyil, çünki söhbət insanların sağlamlığından gedir. Yer üzündə əhalinin sürətlə artması, yeni-yeni təbii ehtiyatların  istifadəyə  verilməsi, kənd  təsərrüfatının sənayeləşdirilməsi, texniki  tərəqqinin  sürətləndirilməsi ətraf mühitə öz təsirini bilavasitə göstərir. Bununla  belə  elmi  texniki inqilab  bir  tərəfdən  əhalinin  təbiətdən  asılılığını  azaldır və onların təbii  ehtiyatdlardan  istifadəsini  asanlaşdırır. Digər  tərəfdən isə elmi texniki tərəqqinin nailiyyətlərindən səmərəli istifadə edilməməsi ekoloji  tarazlığı  müəyyən qədər pozur. Məsələn, hava, dəniz, şirin su hövzələri çirklənir, meşələr  məhv  olur, torpaq  örtüyü  sıradan  çıxır, bitki  və  heyvan  növlərinin  sayı  azalır.

Göründüyü  kimi  təbiətlə  harmonik münasibət qurulmadıqda əlavə problemlər yaranır.  Bütün  bunlar  tələb  edir  ki, təbiətin  mühafizəsi  sistemli  aparılmalıdır.  Yəni, təbiətə  və  onun  sərvətlərinə  laqeyd  baxanlara qarşı ciddi mübarizə aparmaq üçün təbiətə münasibətdə ekoloji maarifləndirmə  işi  mühüm  əhəmiyyət  kəsb  edir.  Bildiyimiz kimi, ətraf  mühitin  mühafizəsi və təbii sərvətlərdən səmərəli  istifadə  sahəsində  bir  sıra  normativ  aktlar  qəbul  olunmuşdur.  Şübhəsiz, bunlar  təbiətin  mühafizəsi  və təbii sərvətlərdən səmərəli istifadə olunması istiqamətində çox mühüm  addımlardandır. Xüsusilə də, ümummilli liderimiz  Heydər Əliyevin  bununla  əlaqədar imzaladığı  bir  çox  sərəncamlarında təbiətə və ətraf mühitə qayğının  davamlı təzahürlərini görürük. Bunlara onun “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi  haqqında”  qanunun tətbiq  edilməsi barədə  fərmanı, “Azərbaycan  Respublikasında ekoloji cəhətdən dayanaqlı, sosial-iqtisadi inkişafa dair Milli Proqram” və “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”ının təsdiqi barədə sərəncamlarını misal  göstərmək  olar.

Bu gün bəşəriyyət bioloji müxtəlifliyin getdikcə azalması, iqlim  dəyişmələri, ozon  qatının dağılması, hidrosferin çirklənməsi, turş yağışlar və s. bu kimi qlobal ekoloji problemlərlə üz-üzədir.  Bütün dünyada olduğu ki, ölkəmizdə də ekoloji problemlərlə mübarizəyə böyük diqqət yetirilir, onların mütərəqqi həlli yolları axtarılır.

Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi sahəsində bir sıra nəzərəçarpacaq işlər artıq həyata  keçirilib və bu istiqamətdə zəruri nailiyyətlər əldə olunub. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji  Təhlükəsizlik Xidmətinin gördüyü inzibati və maarifləndirici tədbirlər artıq öz bəhrəsini verməkdədir.

Son zamanlar Gürcüstan və Ermənistan ərazisindən birbaşa su hövzələrinə atılan məişət tullantıları və sənaye müəssisələrin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrinin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunmaqdadır.

Ətraf mühiti çirkləndirən əsas faktorlardan  biri  də  plastik  qablar və polietilen torbalarla bağlı tullantılarıdır. Xatırladaq ki, 1960-cı illərdə məişət tullantılarının  tərkibində plastik tullantıların  miqdarı 1 faiz təşkil etdiyi halda, hazırda bu göstərici 12 faizdən çoxdur. Ən əsası isə plastik tullantılar təbiətdə yüz illər ərzində  parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və su hövzələrini çirkləndirir, kənd təsərrüfatı  torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

  • Ötən əsrin ortalarında dünya üzrə təxminən 1,5 milyon ton plastik məmulatlar istehsal olunub. Həmin göstərici 1990-cı ildə təxminən 67 dəfə artaraq 100  milyon tona çatıb. 2015-ci ilə qədər isə  bu rəqəm 3 dəfədən çox artıb və təxminən 322 milyon tona bərabər olub.

Plastik məmulatların istehsalının belə sürətlə artması plastik tullantıların, daha böyük templə çoxalmasına təkan verib. Hazırda plastik tullantıların yaranması  tempinin azaldılması istiqamətində mühüm addımlar atılır.

İnsan orqanizminə zərərli maddələrin 80 faizi plastik tullantılardan daxil olur. Belə ki, plastik məhsulların tərkibinin əsasını insan sağlamlığı üçün təhlükəli olan bisfenol A maddəsi təşkil edir. “Bisfenol A” fenol qrupuna aid olan üzvi birləşmədir. Bu maddə suda zəif həll olunsa da, çənlərdə uzun müddət qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə  yaradır.

Araşdırmalar göstərir ki, hər il 500 milyard plastik boru istehsal edilir…

Dövlət Statistika Komitəsinin məlumatına  görə, 2017-ci ildə Azərbaycanda istehsal olunan plastik qablaşdırma məhsullarının həcmi  2010-cu illə müqayisədə  təqribən  2,5  dəfə  artıb, eyni zamanda, 2009-cu illə müqayisədə 5 dəfə çox plastik qablaşdırıcı idxal  edilib. Ölkədə hər il orta  hesabla  adambaşına  24  kiloqram  plastik tullantı yaranır. Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı  tədbirlərin görülməsi zəruridir.

Ölkədə  emal və xidmət müəssisələrinin qurulmasına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb.

Prezident İlham Əliyev  2019-cu  il  fevralın  7-də  “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair  2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Sərəncam da imzalayıb.

Bü gün atmosferin çirklənməsi də əsas ekoloji problemlərdən biridir. Belə ki, atmosferin çirklənməsi sənaye, nəqliyyat və s. sahələrdə çox böyük həcmlərdə müxtəlif yanacaq növlərindən istifadə ilə əlaqədardır. Bu sahələrdən hər il havaya 20 milyard tondan artıq bərk və qaz halında hissəciklər daxil olur.  Mineral yanacağın və müxtəlif növ tullantıların yandırılmasından əmələ gələn karbon turşusu və sulfidli qaz atmosferi daha çox çirkləndirir. Bütün bunlar atmosferin temperatur rejiminə,  optik xassələrinə ayrı-ayrı regionları hava şəraitinə mənfi təsir edir. Tədqiqatçılar sulfidli qazların turş yağışlar əmələ gətirməsini yaxşı bilirlər. Avropa və Şimali Amerikada geniş yayılan bu yağışlar meşələri, şirin su hövzələrindəki canlı aləmi məhv edir, kənd təsərrüfatı məhsullarının keyfiyyətini və məhsudarlığını aşağı salır. Ona gərə də atmosferin mühafizəsi ən vacib ekoloji məsələlərdən biri hesab edilməlidir. Çünki atmosfer yerdə həyatın yaranması və inkişafını təmin edən əsas amillərdən biridir. Atmosfer hər şeydən əvvəl tənəffüs üçün canlı orqanizmlərə lazımdır. Əgər insan qidasız 60 gün, susuz 6-7 gün qala bilərsə, havasız 4 dəqiqədən artıq yaşaya bilməz. Atmosfer yerdə qaz dövranının, enerji və maddələr mübadiləsinin həyata keçirilməsində də ardıcıl rol oynayır, rütubət dövranını təmin edir. Atmosferin fiziki və kimyəvi xüsusiyyətlərinin dəyişməsi ilk növbədə insanların sağlamlığının, yaş həddinin və iş qabiliyyətinin azalmasına səbəb ola bilər.

Bütün bunlardan qaçmaq üçün istehsalat texnologiyasının təkmilləşdirilməsi həlli vacib məslələrdəndir.  Belə ki, texnoloji cəhətdən müasir avadanlıqlar havaya zərərli maddələrin daxil olmasının qarşısını alır. Bununla yanaşı, yaşıllıqlar da atmosferin tənzimlənməsində mühüm rol oynayır. Təkcə onu demək kifayətdir ki, bir hektar meşə sahəsi bir ilə 18 mln kub metr havanı zəhərli maddələrdən təmizləyir və 10-20 tona yaxın karbon qazı udur. Eyni zamanda onu da qeyd edək ki 1 ha  meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur ki, bu da saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. Doğurdan da ətraf mühitin mühafizəsində, ekoloji tarazlığın pozulmasının qarşısının alınmasında, atmosfer havasının çirklənmələrdən qorunmasında meşələrin rolu əvəzsizdir.

Atmosferin çirklənməsinin qarşısını almaq üçün maarifləndirici tədbirlər də çox böyük əhəmiyyət kəsb edir. Hər il respublika ərazisində “Təmiz hava aylığı” nın keçirilməsi məhz bu məqsədə xidmət edir.

Ətraf mühitə mənfi təsir göstərən amillərdən biri də müharibələrdir. Müharibələr nəticəsində çoxlu insan tələfatı ilə bərabər, ətraf mühitə, təbiətə, xüsusilə də biomüxtəlifliyə və su hövzələrinə çox ciddi ziyan dəyir.

Məlum olduğu kimi dünyada su qıtlığı özünü qabarıq şəkildə göstərir. Təbii ki, bu ilk növbədə israfçılığın nəticəsidir. İçməli su mənbələri getdikcə tükəndiyinə görə insanların yaşaması üçün çox ciddi problemlər yaranır. Axı su həyat mənbəyidir. Əgər biz suya olan gündəlik tələbatı bildiyimiz halda israfçılığa yol veririksə, tullantıları dənizə, çaylara atırıqsa, heç şübhəsiz bu da orada yaşayan canlı orqanizmin, bitki örtüyünün məhvinə, getdikcə su mənbələrinin tükənməsinə,  daha doğrusu, nəticə etibarı ilə su qıtlığına gətirib çıxarır. Bunun qarşısını almaq üçün müasir texnologiyalar hesabına sutəmizləyici qurğulardan istifadə edilməsinə böyük ehtiyac duyulur.

Azərbaycanda su ehtiyatlarının məhdud olduğu bir zamanda bu ehtiyatlardan səmərəli istifadə, əldə olunan suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ölkəmizin hər bir vətədaşı üçün ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 saylı sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” bu məqsədə hədəflənmişdir.

Qeyd edək ki, ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 308 nömrəli Qərarı yuxarıda qeyd etdiyimiz problemlərin həllində mühüm rola malikdir. Belə ki, sözügedən qərarda su obyektlərinə çirkləndirici maddələrin axıdılmasına, atmosfer havasına çirkləndirici maddələrin atılmasına, tullantıların yerləşdirilməsinə görə ödəniş normativlərin tətbiqi nəzərdə tutulur. Məlumat üçün bildirək ki, bundan əvvəl bu ödənişlər cüzi miqdarda idi. Elə buna görə də Nazirlər Kabinetinin yeni qərarında ödəniş normativlərinin artırılması zərurəti yarandı. Təbii ki, bu qərar qısa müddətdə öz səmərəsini göstərməli,  idarə və müəssisələrin rəhbərləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin qərardan irəli gələn vəzifələri, göstərişləri rəhbər tutmalı və fəaliyyətlərini bu tələblərə uyğunlaşdırılmalıdırlar. Təbii ki, bu, nəticə etibarı ilə ətraf mühitin qorunmasına və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə gətirib çıxaracaq. Elə buna görə də, Nazirlər Kabinetinin bu yeni qərarı yerlərdə böyük ruh yüksəkliyi və razılıqla qarşılanıb.

…Bəşər övladı yarandığı gündən təbiətlə həmahəng yaşayıb, həyatını onunla təmasda, ünsiyyətdə  qurub. Başqa sözlə desək, insan zaman-zaman təbiətin  bir parçası olaraq inkişaf edib, formalaşıb.  Bəlkə biz ona görə də təbiətə ana  demişik.  Onu  müqəddəsləşdirmiş, əziz  tutmuşuq. Amma təəssüf ki, illər və  qərinələr uzunu ana dediyimiz təbiətə qənim kəsilənlər də var. Belə laqeyd insanlar bir qayda olaraq təbiətin nemətlərini talayıb, ehtiyatlarını, resurslarını tükədiblər. Ona görə də indi təbiəti və ətraf mühiti qorumağa həmişəkindən daha çox ehtiyac duyulur.

Fəxrlə qeyd etməliyik ki, ölkəmizin başçısı bu sahədə dünyanın ən ali mükafatına layiq görülüb. Biz də öz fəaliyyətimizlə möhtərəm Prezidentimiz İlham Əliyevin etimadını doğrultmalı, təbii sərvətlərimizi bir əmanət kimi qoruyub gələcək nəsillərə çatdırmalıyıq.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*