İcra hakimiyyətləri boyda SOSİAL ƏDALƏT – Nə vaxtacan?backend

İcra hakimiyyətləri boyda SOSİAL ƏDALƏT - Nə vaxtacan?

Yeni Yasamalda işlətdiyi köşkün önünə meyvə-tərəvəz yığan Vüqar Əzizov adlı vətəndaşa icra hakimiyyəti əməkdaşları mane olublar. Satdığı malların səkini tutduğunu deyiblər, o da buna dolanışıq üçün əl atdığını bildirib.

Nə fayda?!

KONKRET.az xəbər verir ki, icra nümayəndələri “dolanışıq” bəhanəsinə məhəl qoymayıblar. Nəticədə 44 günlük müharibə iştirakçısı olmuş qazi etiraz əlaməti olaraq özünü yandırıb. Həmin vaxt ərazidə olan polis əməkdaşları dərhal hadisəyə müdaxilə ediblər. Vətəndaşa ilkin tibbi yardım göstərdikdən sonra təcili tibbi yardım çağıraraq onu xəstəxanaya çatdırıblar. Hazırda vəziyyəti yaxşıdır.

Faktla bağlı araşdırma aparılır.

Əlbəttə ki, qanunun aliliyi qorunmalıdır. İcazə olmayan yerlərdə küçə ticarəti qadağandır. Amma Bakı və digər şəhərlərdə buna imkan verilən çoxsaylı nümunələr mövcuddur. Xalq arasında dolaşan söhbətə görə, müvafiq icra hakimiyyətlərinin “dolya”sını verənlər alver icazəsi ilə təmin olunur. Yəni rüşvət hesabına kimlərəsə imkan verirlər. Əks halda səkini, piyada xəttini daraldan iaşə obyektləri tikilməzdi. Elə icra hakimiyyətləri varlıların məkanlarını yox, kasıbların rəflərini də buna görə dağıdır. Camaat bu fikirdədir. Həm də sözügedən iri obyektlərin bəziləri elə icra başçılarınındır. Lakin məsələni icra hakimiyyəti ölçüsündə kiçiltmək lazım deyil:

– Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin qazi və şəhid ailələri ilə iş sistemini düzgün qurmaması haqqında çox informasiya yayılıb, şikayətlər toplanıb;

– Əgər qazi ona verilən təqaüdlə dolana bilmirsə, bunda Dövlət Sosial Müdafiə Fondu qədər Tarif Şurasının da məsuliyyəti var. Çünki torpaqların azadlığı uğrunda bir insanın sağlamlığı məhdudlaşıbsa, dövlətin müvafiq strukturları onu himayə etməlidirlər. Ölkədəki qiymətlər də elə olmalıdır ki, qazi məcburən küçə alveri, taksi sürücülüyünə əl atmasın;

Bundan başqa, qazi intiharları çox yaşanıb və səbəbləri müxtəlifdir. Rusiyanın ölkəmizdəki səlahiyyətli 5-ci kolonu isə bunu hərbdən psixoloji soyutmaq məqsədilə ilə istifadə edir. Əhali arasında belə şüarlar, suallar çoxalmaqdadır:

• Niyə ancaq kasıblar vuruşmalıdır?
• Qoyduğunuz bu “hörmət”ə görə savaşırdım?
• Ailəmi kim saxlayacaq?

Birinci sualın cavabına gəlincə, bəli varlılar karantin dövründə də uçmağa ölkə tapır. Savaşmışların haqqına girməyim, tutaq ki, varlılar vuruşmur. Kasıblar da müharibəni baykot eləsə, ölkəmiz rus, fars, erməni işğalına məruz qalacaq, xalqımız yeni soyqırımlar görəcək. 5-ci kolonların hədəfi də insanların vətənpərvərlik, döyüşkənliyini minimuma endirməkdir. Xalqın boğazından kəsənlər bunu anlamır, görmürlər? Gözlərin piy tutub? Demirəm ki, cəbhəyə yollanın, demirəm ki, yeməyin, çünki realistəm. Onsuz da boğulana kimi tıxışdırasınız. Deyirəm ki, imkan verin camaat da gün görsün.

Qanı ilə Qarabağa bayrağımızın qırmızısını çəkənlərə qarşı nadürüstlük ən böyük vətən xainliyidir. Qazinin çörəyinə göz dikmək, ermənilərin Qarabağa bərəlməyi qədər alçaqlıqdır. Həmin qazi bizi Qarabağda yaşamağa qoymayan çox erməni terrorçunu yandırıb, bəs vətənində yaşamağa qoymayan azərbaycanlıları neyləsin? Cavabı özünə od vurmaqda axtarıb. Amma bir gün əhaliyə od qoyan rüşvətxor məmurlar indi alışıb-yanan qiymətlər kimi özlərini yandırıb külə dönəcəklər. Külbaş korrupsionerlərin ələnməsi isə dövlət səviyyəsində aparılır. Sadəcə, bəzi harınlar DTX əməliyyatlarının Naxçıvanla məhdudlaşacağını düşünürlər. Çox keçməz, sizin də qapınız döyülər. Belə yazıları oxuyub istehzalı gülümsəməyiniz dəmir barmaqlıqlar arasında qıraşar.

KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*