İctimai nəqliyyatda sərnişinlərin mobil telefondan istifadəsinin qadağan olunması məsələsi bəzən gündəmə gəlsə də, bu, praktik olaraq real görünmür. Ekspert hesab edir ki, belə bir qərarın tətbiqi həm çətin, həm də məqsədəuyğun deyil.
Nəqliyyat eksperti Aslan Əsədov KONKRET.az-a açıqlamasında bildirib ki, sükan arxasında telefon istifadəsi yolverilməzdir və qanunla qadağandır:
“Qanunvericiliyə əsasən, sükan arxasında telefondan istifadə edən hər bir şəxs, kimliyindən asılı olmayaraq 50 manat məbləğində inzibati qaydada cərimə olunur”.
Ekspertin sözlərinə görə, sərnişinlərə telefon istifadəsinin qadağan olunması isə müsbət qarşılanmazdı:
“Bu məsələ ilə bağlı sərnişinlər hər zaman normal yanaşıblar. Onların telefondan istifadəsinə qadağa qoymaq mümkün deyil və belə bir təşəbbüs də real görünmür. Amma sürücülər üçün bu, mütləq şəkildə qadağandır”.
Beləliklə, sərnişinlər üçün telefon istifadəsinə məhdudiyyət nəzərdə tutulmasa da, sükan arxasında bu qaydanı pozan sürücülər ciddi şəkildə cərimələnir.
Aynurə İsmayıl,
KONKRET.az