İctimai nəqliyyatla bağlı sürpriz: 60 qəpiyə iki dəfə getmək üçün…backend

İctimai nəqliyyatla bağlı sürpriz: 60 qəpiyə iki dəfə getmək üçün…

Azərbaycanda ictimai nəqliyyatda qiymətlərin bahalaşması fonunda müəyyən müzakirələr gedir. Bildirilir ki, bir sıra Avropa ölkələrində ictimai nəqliyyat müəyyən əhali kateqoriyaları üçün pulsuz və ya güzəştlidir.

Eyni təcrübənin Azərbaycanda tətbiq olunması mümkündürmü?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, insanlar bu mövzuda əsasən Avropanın inkişaf etmiş ölkələri ilə müqayisələr aparırlar:

“Halbuki həmin ölkələrdə avtomobil, avtobus və digər nəqliyyat vasitələrinin istehsalı var. Bu ölkələr həm istehsalçıdır, həm də istifadədədir. Büdcəyə, əhalinin yaşayış səviyyəsinə baxdıqda, onların müharibə, sosial narahatlıq kimi problemləri uzun müddət yaşamadığını görürük. Belə dinc ölkələrdə ictimai nəqliyyatın güzəştli və ya pulsuz olması mümkündür, amma burada da bu sistemi tətbiq etməzdən əvvəl sınaqlar aparılır, yoxlanılır. Biz isə 10 milyon əhalisi olan bir ölkə olaraq, Almaniya kimi planlı şəhərlərdə tətbiq olunan sistemlərlə özümüzü müqayisə edirik. Bu, absurddur. Şirkət yarım milyon manat vəsait sərf edərək avtobus alırsa, qazanc da əldə etməlidir”.

Ekspertin sözlərinə görə, hazırda problem ondadır ki, ictimai nəqliyyat yalnız dövlət və sahibkarların əlindədir:

“Bələdiyyələrin öz nəqliyyatı yoxdur, icra hakimiyyətləri isə əvvəllər mövcud olan sistemləri ləğv edib ki, yalnız sahibkarlar işlədib idarə etsinlər. Sahibkar yarım milyona və ya 300 min manata avtobus alır və bunun texniki xidmətini göstərməli, yanacaq və ehtiyat hissələrinin baha olması fonunda gediş haqqını hesablamalıdır. Məsələn, əvvəl 10 manatlıq və ya 5 manatlıq əyləc qəliblərini dəyişən usta indi daha yüksək qiymət tələb edir. Hər kəs öz zəhmətinin dəyərini bilir, sahibkar da öz sərmayəsini qorumaq istəyir. Bu səbəbdən, gediş haqqı sahibkarın hesablamasına görə müəyyən edilir. Dövlət yarısını subsidiya şəklində ödəyir, vətəndaş isə digər yarısını”.

Elməddin Muradlı bildirib ki, Azərbaycanın imkanları genişləndikcə ictimai nəqliyyatın pulsuz və ya güzəştli olması mümkündür:

“Güzəştlər ilkin mərhələdir, pulsuzluq olması isə hələ ki real görünmür. Lakin müəyyən kateqoriyalara – tələbələrə, məktəblilərə, təqaüdçülərə güzəştlərin tətbiqi mütləqdir. Bunun üçün aylıq və illik kart sistemləri mövcud olmalıdır. İllik kart alan vətəndaş görməlidir ki, gedişi aylıq paketdən daha sərfəlidir və beləliklə insanlar ictimai nəqliyyata daha çox maraq göstərəcəklər. Bundan əlavə, 90 dəqiqəlik gediş sistemi tətbiq oluna bilər: bir gediş üçün ödəniş etdikdə, həmin müddət ərzində digər ictimai nəqliyyat vasitələrində əlavə ödəniş lazım olmayacaq. Məsələn, metrodan çıxıb avtobusa minərkən artıq ödəniş etməyəcək. Bu yanaşma vətəndaşa həm maddi qənaət edir, həm də ictimai nəqliyyatı daha əlçatan edir. Ümumilikdə, texnoloji yeniliklərin tətbiqini, güzəştlərin artırılmasını gözləyirik. Amma hazırda Azərbaycanda bütün ictimai nəqliyyatın pulsuz olması real deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*