“III qrup üzrə qəbul imtahanlarına esse də əlavə olunsun” – Müəllimlərdən təklifbackend

"III qrup üzrə qəbul imtahanlarına esse də əlavə olunsun" - Müəllimlərdən təklif

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının II mərhələsi fənn blokları üzrə kağızdaşıyıcıları vasitəsilə sınaq imtahanı keçirib.

Sınaq imtahanları sosial şəbəkələrdə müəllimlər və abituriyentlər arasında müzakirələrə səbəb olub. Onlar qeyd edir ki, imtahan tapşırıqları məntiqi bacarıqlarını yox, “əzbərçiliyini” yoxlamağa istiqamətlənib.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a danışan  Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur İbrahimova deyilənləri təsdiqləyib.

O bildirib ki, suallarda elə də çətinlik yox idi, lakin abituriyentdən maksimal şəkildə diqqət tələb olunurdu:

“Azərbaycan dili və ədəbiyyatla bağlı suallarda elə bir çətinlik görmədim.  Bu tipli tapşırıqlar əsasında ikinci dəfədir imtahan keçirilir. Keçən il qəbul imtahanları yeni modellə keçirildiyənə görə artıq abituriyentlər, müəllimlər bu tapşırıqlarla tanışdılar.  Bu il sualların müəyyən qədər qəlizləşməsi normal haldır. Lakin çox çətin suallar deyildi və şagirdlər də cavablandırmaqda çətinlik çəkməmişdilər.  Lakin bir mühüm xüsusiyyəti qeyd etmək istərdim. DİM-in əvvəlki illərdə tərtib etdiyi tapşırıqlar müəyyən qədər məntiqi təfəkkürə əsaslanırdı. Amma budəfəki sınaqda belə tapşırıqlara rast gəlmədim.  Suallar şagirdin məntiqi təfəkkürünə yox, diqqətinə yönəlmişdi. Yəni şagird suala cavab vermək üçün hər hansı əsəri diqqətli oxumalı, təhlil etməlidir.  Məsələn, ədəbiyyat fənninə aid suallarda  daha çox əsərlərin təhlilinə yer verilmişdi. Bu da şagirdlərdən xüsusi diqqət tələb edirdi. Suallarda xırdalıqlar, detallar nəzərə alınıb. Bir növ cavab vermək üçün şagird materiallı  əzbər bilməlidir”.

“Bizə əzbərçilik lazım deyil”

Aynur müəllim vurğulayıb ki,  müasir təhsildə  şagirdin məntiqi təfəkkürünün yoxlanılması daha faydalıdır. Hətta III qrup üzrə sənəd verən abituriyentlərin yaradıcı təfəkkürü yoxlamaq üçün esse də qəbul imtahında tələb oluna bilər:

“Hesab edirəm ki, şagirdlərin məntiqi təfəkkürünə istiqamətlənən suallar salınsa, daha faydalı olardı. Çünki bizə əzbərçilik lazım deyil.  Şagird materialı əzbərləyib testdən yüksək bal toplayaraq  keçsə də, onun məntiqi təfəkkürü inkişaf etməyəcək.  Artıq o, təhsilinin bakalavr, magistr pilləsində də yaradıcı insan kimi formalaşmayacaq ki, bu da müsbət hal deyil.

Bundan əlavə,  bir müəllim kimi təklif edirəm ki, III ixtisas qrupu üzrə imtahan verən şagirdlər üçün  esse yazısı üzrə qabiliyyət müsabiqəsi əlavə olunsun.  Bu qrupa sənəd verən abituriyentlərin gözəl nitq, yazı bacarıqları, yaradıcılığı formalaşmalıdır.   Təbii ki, bu bacarıqların təməli orta məktəbdə formalaşır. Əgər qəbul imtahanlarında da tələb olunsa, şagirdlər onun üzərində daha məqsədli, məsuliyyətli çalışarlar”.

“ Suallar Sovet təhsil sisteminə daha çox uyğun idi”

Müəllim Orxan Əhmədov da mövzu ilə bağlı öz münasibətini bildirib.

“ DİM-in keçirdiyi budəfəki sınaqda suallar öz ağırlığı ilə seçilirdi. Şagirdin məntiqi və tənqidi təfəkkürünə əsaslanmaqdan daha çox sovet təhsil sisteminə uyğun idi.  İmtahanda əzbərçilik əsasında qurulan suallar yox, mövzular arası əlaqələndirmə, məntiqi təfəkkürə istiqamətlənən tapşırıqların olmasının tərəfdarıyam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*