İki nəhəng ölkənin liderinin görüşü bir işə yarayacaqmı? – Ümid hələ də varbackend

İki nəhəng ölkənin liderinin görüşü bir işə yarayacaqmı? – Ümid hələ də var

Dünyanın iki ən böyük dövlətinin lideri San-Fransiskoda görüşəcək. Söhbət ABŞ prezidenti Co Bayden və Çin lideri Si Szinpindən gedir.

KONKRET.az xəbər verir ki, Baydenin San-Fransisko görüşündə bir neçə əsas məqsədi var. ABŞ prezidenti  Vaşinqton və Pekin arasında yaranan gərginliyin azaldılması üçün səylər göstərəcək. Xatırladaq ki, hər iki ölkə arasında gərginliyə səbəb Tayvan məsələsindəki fikir ayrılığıdır.

Qeyd edək ki, bu, Si Szinpinin son altı ildə ABŞ-a Asiya – Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində gerçəkləşən ilk səfəridir. Bayden və Si sonuncu dəfə bir il əvvəl İndoneziyada görüşüblər.

Amerika mətbuatı Bayden – Si Szinpi görüşündə beş mühüm məqama diqqət çəkib.

Yenilənmiş hərbi rabitə…

Ağ Ev keçmiş spiker Nensi Pelosinin Tayvana səfərindən sonra çinlilərin 2022-ci ilin avqustunda kəsdikləri rabitə xəttinin bərpasına diqqət yetirib.

Ağ Ev administrasiyası çinlilərin rabitə kanallarını yenidən açmaqda maraqlı olmadıqlarını bildirib. Prezident bu cür kommunikasiyaların bərpasını Tayvan boğazındakı gərginliyi azaltmağın əsas yolu kimi görür.

Tayvan ətrafında gərginlik…

Baydenin Si Szinpinlə görüşündə Tayvan mövzusunun gündəmə gətirilməsi gözlənilir. Liderlər “sülh və sabitlik konsepsiyası və Tayvan boğazı bölgəsində sülh və sabitliyin qorunmasını” müəyyən edəcək. Görüş Çinin Tayvanı işğalıyla bağlı xəbərdarlığından sonrakı vaxta təsadüf edir. Bayden administrasiyası Tayvanı silahla təmin edib və prezident ABŞ qüvvələrinin Tayvanı hücumdan qoruyacağını bildirib.

Qlobal münaqişələrdə Çinin rolu…

Bayden administrasiyası Pekinin həm Ukraynadakı, həm də İsrail-HƏMAS müharibələrinə reaksiyasını diqqətlə izləyir. Ağ Ev rəsmiləri aylardır Çinin Rusiyanın Ukraynaya müdaxiləsinə dəstək verəcəyi ehtimalı barədə xəbərdarlıq edir. ABŞ, həmçinin, ötən ay Si Szinpinin Pekində Rusiya prezidenti Vladimir Putinlə görüşündən narahatdır. Administrasiya rəsmiləri, eyni zamanda, Çinin Yaxın Şərq münaqişəsindəki potensial rolunu vurğulayaraq, Pekinin İranla əlaqələrindən də narahatlıq ifadə ediblər.

İki ölkənin rəqabət xətti…

Bayden administrasiyası Çin ilə münasibətlərini rəqabət kontekstindən dəyərləndirir. Ağ evdən bildiriblər ki, onlar münasibətlərin münaqişəyə çevrilməməsi üçün ən kiçik detallara belə, diqqət yetirirlər. Rəsmilər, həmçinin, iddia edirlər ki, hərbi əlaqələrin bərpası rəqabəti effektiv idarə etməyin əsas  yoludur və Bayden administrasiyasının Çin ilə münasibətləri onlara rəqabəti cilovlamağa imkan verir.

Fentanil cəbhə xətti…

Ağ Ev rəsmiləri fentanil məsələsində irəliləyişə nail olunmasını və bunun digər mühüm məsələlərin həllinə qapı aça biləcəyini vurğulayıb. Ötən ay ABŞ Ədliyyə Departamenti fentanil və metamfetamin istehsalı, sintetik opioidlərin paylanması və onların hazırlanmasında istifadə edilən kimyəvi maddələrin satışı ilə bağlı cinayətlərə görə Çin şirkətlərinə qarşı səkkiz ittiham elan edib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*