İkili standartların karuselibackend

İkili standartların karuseli

İşğal edilmiş torpaqları bir-bir azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir. Məqsəd Ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşmüş Ermənistanı xilas etməkdir. Bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı Şuranın daimi üzvlərinin, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 4 qətnaməyə istinad edilməməsi də təsdiq edir ki, hər şey Ermənistanı düşdüyü vəziyyətdən çıxarmağa yönəlib.

Bunlar Qərb dünyası üçün səciyyəvi olan ikili standartların təzahürüdür: Bu qurumlar çalışırlar ki, Ermənistanı tam iflasdan xilas etsinlər və Azərbaycanın öz doğma torpaqlarını qaytarmasına müəyyən əngəllər yaratsınlar. Bu, çox qəribə bir haldır. Dünya vaxtilə Azərbaycanın torpaqları işğal ediləndə, bununla bağlı BMT qətnamələri qəbul ediləndə, Xocalı soyqırımı törədiləndə dillərini udublarmış kimi susub dayanmışdı. İndi isə Azərbaycan öz torpaqlarını işğaldan azad edir, faktiki olaraq yerinə yetirilməsi BMT-nin borcu olan həmin qətnamələri yerinə yetirir, imkan vermir ki, tarixi ərazilərimizi başqa bir dövlət mənimsəsin və orada 2-ci bir erməni dövləti yaratsın.

Ölkəmizin əks-hücum əməliyyatlarını qınamağa çalışanlar sanki unudurlar ki, 30 ildir işğal altında olan bu torpaqların azad edilməsi BMT Nizamnamənin 51-ci maddəsinə və beynəlxalq hüquq normalarına tam uyğundur, Azərbaycan sadəcə olaraq torpaqlarını azad etmək məqsədilə işğalçı dövlətə qarşı mübarizə aparır. Bizim bundan başqa bir niyyətimiz yoxdur. Birdən-birə bəzi beynəlxalq subyektlərin, eləcə də dövlətlərin, hətta Roma papasının da həyəcanlanması insanı heyrətləndirir, ciddi təəccüb doğurur, sanki bugünkü dünyamızda haqqın və ədalətin deyil, qoluzorluluğun, bəlkə də, cunqli qaydalarının hökm sürdüyünü düşünmək istəyir. Qarabağda dünya müharibəsi baş vermir ki?! Kiminsə torpaqları ilhaq edilmir ki?! Azərbaycan dövləti işğal edilmiş torpaqlarını mənfur işğalçıdan, bu bölgəyə 200 il bundan əvvəl köçürülmüş, elə həmin vaxtdan da azərbaycanlılara qarşı yağı düşmənə çevrilmiş barabar toplumdan azad edir. Onlar isə şivən qopararaq xislətlərinə xas olan bütün eybəcərlikləri işə salmaqla bütün dünyaya onların bu torpaqlardan zorakılıqla qovulması ilə bağlı uydurmalar yayır, dünyanı çaşdıran bəyanatlar verir, ölkəmizə qarşı ciddi təhdid və təzyiqlər yağdırırlar. Hanı bəs deyirdiniz qan töküb torpaqlarınızı almışıq, gücünüz varsa, siz də eyni şeyləri edin – qan töküb torpaqlarınızı geri qaytarın. Biz də onu edirik. Bu qədər bəsit.

Onu da təssüf hissi ilə qeyd etməliyik ki, əzəli, erməni lobbi təşkilatları tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağla bağlı, həm bölgənin, həm münaqişənin tarixi ilə bağlı dünyaya yanlış, saxta məlumatlar ötürərək ümumi ictimai fikirdə təhrif edilmiş təsəvvürlər yarada bilmişlər. Amma bu məsələləri sırf xristian təssübkeşliyi, ikili standartlarla yozmağa çalışan dövlətlər də az deyil. Onların içərisində Fransa dövləti, onun prezidenti Emmanuel Makron və ölkə KİV-lərinin qərəzkarlığı, işğalçı dövləti mümkün olan bütün vasitələrlə müdafiə etməyə çalışması xüsusi diqqət çəkir.

Fransada hakimiyyətlə islam cəmiyyəti arasında qarşıdurma Nitsa və Avinyonda baş verən qanlı hadisələrlə davam edib. Fransanın Avinyon şəhərində naməlum şəxs polislərə bıçaqla hücum edib. Asayiş keşikçiləri atəş açıblar, nəticədə həmin şəxs aldığı güllə yaralarından dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırma başlayıb.

Xatırladaq ki, elə dünən Nis şəhərində Notre-Dam kilsəsinin qarşısında naməlum şəxs bıçaqla ətrafdakılara hücum edərək üç nəfəri öldürmüş, bir neçəsini yaralamış, sonra da polis tərəfindən atəşlə yaralanaraq saxlanmışdı. Fransa Müsəlman İmanı Şurası bu hadisəni pisləyərək ölkə müsəlmanlarını mövlud mərasimlərini təxirə salmağa çağırıb.

Hazırda Fransada Xüsusi Terror Əleyhinə Prokurorluq araşdırma aparır. Öncədən də zaman-zaman dini qarşıdurmaların yaşandığı Fransada indi baş verən hadisələrin fitilini oktyabrın 16-da dərs zamanı Məhəmməd peyğəmbərin (s) karikaturalarını göstərən müəllim Samuel Patini çeçen miqrantların ailəsindən olan bir şəxsin paytaxtın düz ortasında qətlə yetirməsi ilə alovlandırdı. Onu da qeyd edək ki, oktyabrın 28-də “Charlie Ebdo” jurnalı izləyicilərinə yeni karikaturanı da təqdim edib. Həmin karikaturada Türkiyə prezidenti Ərdoğan bir qadınla yarıçılpaq vəziyyətdə, əlində alkoqollu içki ilə təsvir olunub. Biabırçılıq…

Makron isə hadisəyə münasibətində bildirib ki, Fransa karikatura çəkmək hüququndan imtina etməyəcək, o cümlədən də peyğəmbərlə bağlı. İddia edib ki, fransız müəllim uşaqlara söz azadlığı öyrətdiyi üçün qətlə yetirilib və qətli mövhümatçılıq və zorakılıq saydığını bildirib.

Baş verənlərin ardından hadisə daha böyük əks-sədaya səbəb olub. Fransanın müxtəlif şəhərlərində minlərlə insan qətlə yetirilmiş müəllimin anım aksiyasına çıxıb. Bəzi şəhərlərdə müəllimin dərsdə nümayiş etdirdiyi karikaturalar projektor vasitəsilə hökumət binalarında canlandırılıb. Nəticədə bütün dünyanın islam liderləri Fransaya boykot elan edib, prezident Makronu terroru dəstəkləməkdə və dinlərarası nifaqı qızışdırmaqda günahlandırıblar. Makrona qarşı etirazlar Türkiyə, Suriya, Liviya, Pakistan, İraq, Banqladeş, Somali, Hindistan və Qəzza zolağında təşkil edilib. Ən böyük mitinq Banqladeşdə keçirilib. Aksiyada 40 min nəfərdən çox insan iştirak edib və onlar Makronun müqəvvasını yandırıblar. Bununla yanaşı, İslam dünyasında Fransa istehsalı olan məhsullar boykot edilməyə başlanıb. Türkiyə, Küveyt, İordaniya, Banqladeş, Qətər və Sudanda Fransa məhsulları mağazalardan yığışdırılıb. Boykota Azərbaycan vətəndaşları da dəstək verir. Türkiyə prezidenti Ərdoğan şəxsən öz xalqını Fransa məhsullarını almamağa çağırıb. Etiraz aksiyaları müsəlmanların kütləvi yaşadığı Rusiyanı da bürüyüb. Bir qrup müsəlman Rusiyanın Moskva şəhərində, Fransa səfirliyinin qarşısında “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturasının nəşr edilməsinə görə mitinq keçirib. Aksiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dayandırılıb və təzyiqlə etirazçıların əksəriyyəti oradan uzaqlaşdırılıb. Qalanlar növbə ilə peyğəmbərin xatirəsinin qorunmasını ifadə edən pankart ilə səfirliyin önündə etirazlarına davam etdirirlər.

Qeyd edək ki, Fransa bu məsələdə daha çox Türkiyənin üzərinə getməklə prosesi siyasiləşdirməyə çalışır. Ölkənin məhz siyasi rəhbərliyinin ötürməsi ilə “Şarli Hebdo”Jurnalı islamı və Türkiyə rəhbəri sayın Ərdoğanı hədəfləyən karikaturaların sayını xeyli artırıb.

Türkiyə Diyanət İşləri Nazirliyi “Şarli Hebdo” jurnalına qəti etirazını bildirib. Bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb. Nazirlik dünya ölkələrini müsəlmanların dəyərlərini qorumağa səsləyib:

“Son zamanlarda Fransa başda olmaqla, Avropada islama və müsəlmanlara yönəldilmiş təhqir və hücumların çox ciddi şəkildə artdığını görürük. “Şarli Hebdo” adlı jurnal da mənfur nəşrləri ilə bu vəziyyətə rəhbərlik etməkdədir. Bu jurnal son nəşrində yenə Peyğəmbərimizi və Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan çox çirkin bir karikatura dərc edib. Ölkə rəhbərlərini müsəlmanların dəyərlərini və müqəddəs olanlarını qorumaq, hər cür təhlükəsizliyi təmin etmək, eləcə də vətəndaşlıq hüquqları tələblərinin təmin edilməsi üçün məsuliyyətlərini icra etməyə dəvət edirik”.

Fransa əhalisinin 40 faizini müsəlmanlar təşkil edir və hazırkı hadisələrin kökündə ölkədə yaşayan müsəlmanları azaltmaq məqsədi durur. Bunlar vaxtilə Fransanın müstəmləkə halına saldığı Əlcəzair, Mərakeş və Tunisdən gələnlər və digər müsəlman inanclı insanlardır. Makron isə  radikal millətçi, qatı xristian təəssübkeşi və yerə-göyə sığmayan islamafobdur. Fransa uzun müddətdir ki, ölkədə müsəlmanların sayını azaltmağa çalışır. Bu səbəbdən məscidlərin tikilməsini çətinləşdirir və ya icazə vermir. Müsəlmanlara işləmək üçün oturum icazəsinin verilməsinə süni əngəllər yaradılır, onları ən adi işlərə belə götürmək istəmirlər. Yəni möhtərəm Makronun sayəsində bu ölkədə rasizm, hətta aparteid cücərtiləri boy verməyə başlayıb. İndi isə müsəlmanlara qarşı sözün həqiqi mənasında total hücuma keçiblər. Ancaq bundan əvvəl İslam dininin problemli din olmasını şüurlara yerləşdirmək istəyirdilər. Bunun ardınca İslamı terrorizmlə eyniləşdirməyə başladılar. İndi isə islamafobiyanı bütöv bir sistem halında anti-İslam təbliğatına çevirməyə çalışırlar. Fransada bəziləri açıq deyir ki, Fransa fransızlar üçündür, məqsədimiz bu ölkəyə yerləşmiş müsəlmanları ölkədən çıxarmaqdır. Bu dalğada Makron həm də  dünya arenasında onun siyasətinə qarşı çıxıb onu ifşa edə biləcək, ona rəqib ola biləcək yeganə şəxsi – Ərdoğanı, həmçinin Türkiyəni, türk dünyasını hədəfə götürüb. Fransa mətbuatında Turan ordusu deyilən ordu çox hallandırılır. Bu, hazırda bir ideya olsa da, onlar bunu gerçəkləşmiş, baş tutmuş bir hal kimi təqdim edirlər. Turançılığın gələcəkdə dünya üçün yeni bir gərginlik mənbəyi olacağından danışırlar. Bunun başında da Ərdoğanın durduğunu qeyd edirlər. Halbuki hələ ortada ideyadan başqa heç nə yoxdur.

Bəzi Avropa ölkələrində, xüsusilə də Fransada ən ciddi problem İslam dəyərlərinə hücumdan ibarətdir: Bu hücumun başında isə Məhəmməd peyğəmbərin şəxsiyyətinin ələ salınması, karikarutalarla onu nüfuzdan salmağa cəhdlər və bu kimi yaramaz əməllər, ksenofobiya tipli ideyalar gəlir. XVIII əsrdə Böyük Fransa inqilabı ilə dünyaya qardaşlıq, ədalət, bərabərlik ideyalarını bəxş etmiş fransız xalqı XXI əsrdə belə murdar ideyaların əsirinə çevrilib və heç nəyin fərqinə varmadan Makron həzrətlərinin lütfü ilə bunu tirajlayırlar. Bu gün Fransa sözün həqiqi mənasında multikulturalizmə, tolerantlığa, sivilizasiyalararası dialoqa qarşı savaşan qəddar bir ölkəyə bənzəyir. Bu ölkənin ideya cəbhəxanasında bir-birindən murdar, çirkli tezislər var. Ona görə də, ölkənin özündə hazırda ciddi problemlər yaşanır. Sarıjiletlilər yenidən həyəcan təbili çalıb, ölkədə bəzi iqtisadi haqlarını yenidən gündəmə gətirir, pandemiyaya görə tətbiq edilən karantin və qadağalara etiraz edirlər. Makronun bir prezident kimi səriştəsiz olduğu, ölkə idarəçiliyində ciddi qüsurlara yol verdiyi, siyasi prosesləri proqnozlaşdırmağı və ondan öz xalqının rifahı naminə istifadə etməyi bacarmadığı, demoqoqika ilə siyasi dvidentlər əldə etməyə çalışdığı göz qabağındadır. Sivilizasiyalararası münasibətlərin tənzimlənməsində radikal millətçi, hətta bəzən şovinizm mövqeyində dayanmaqla Avropanın siyasi nüfuzuna ciddi ziyan vurur, təkcə Fransanın deyil, həm də bütün Avropa dəyərlərinin universal xarakterini təhlükə altına qoyur. Bu, çox perspektivsiz və yaramaz bir siyasi xətdir.

Fransa söz azadlığı prinsipi belə ikili standartlarla tətbiq olunur: Bu ölkədə islam dinini, onun müqəddəslərini təhqir edən karikaturalar yayanların gül üzünə “püff” deməyərək bunu söz azadlığı ilə əsaslandırırlar. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fransız jurnalistin hazırladığı reportaj, xüsusilə Bərdəyə atılan ballistik raketlər və onun qurbanları barədə olanlar telekanalın saytından silinir, müəllifə xəbərdarlıq edilir, erməni lobbisinin tələbi ilə söz azadlığının tapdalanmasına əhəmiyyət belə verilmir. Al bu da sənin İnsan haqlarına dair Cenevrə Konvensiyan və ikili standartların başgicəlləndirən hekayəsi. Çox təəssüf ki, hazırda ikili standartlar təkcə Fransada deyil, Avropanın digər ölkələrində də meydan sulayır. Gəncəyə, Bərdəyə atılan ballistik raketləri ermənilər Suriyadan gətirilmiş muzdlu döyüşçülərin atdığını dünyaya sırımağa çalışır, bəzi Qərb ölkələri bunu göydəcə tutur… Bu gülməli bir açıqlamadır. Çünki muzdlu döyüşçülərdə (onlar, əslində, Azərbaycanda yerli-dibli yoxdur) ballistik raketlər haradandır və onlar niyə özlərinin yerləşdiyi bölgəni raket hücumuna məruz qoymalıdırlar?! Halbuki bizim mövcud sistemlər, xüsusilə süni peyklərimiz atılan raketlərin haradan gəldiyinin dəqiq koordinatlarını müəyyənləşdirib. Cəbhə xəttindən xeyli uzaqda olan yaşayış bölgələrinin ermənilər tərəfindən raketlə atəşə tutulması Avropa mətbuatının səhifələrində, demək olar ki, işıqlandırılmır. Ermənistana “atılan” ballistik raketlərdən (halbuki Azərbaycanda beləsi yoxdur, olsa da, bəlli səbəblərdən ata bilmərik) dil-boğaza qoymadan danışıb yazan “Emnistyen İnterneşnl”, “Humayn Rights Vatch” kimi təşkilatlar Tərtər, Gəncə, Bərdə terror aktları haqqında bir kəlmə də olsun hələki danışmayıblar. Nə deyəsən, xristian təəssübkeşliyi, yoxsa Azərbaycana qarşı yeni səlib yürüşü… Xarici jurnalistlərin hadisəyə şahid olaraq çəkdiklərini, yazdıqlarını da silirlər, cəzalandırırlar. “Avropa mərkəzçilər” illərdir hər şeyin – sivilizasiyanın, modern mədəniyyətin, bütün mütərəqqi dəyərlərin hamısının Avropada yarandığını, oradan digər ölkələrə yayıldığını iddia edirlər. Ancaq özünü “mədəni dünyanın” beşiyi adlandıran Avropanın bugünkü mənzərəsinə baxanda yalanlar, riyakarlıq, tərəfkeşlik, ikili standartlar, xristian təəssübkeşliyini görüb heyrətə gəlməyə bilmirsən. Avropanın üstünlüyü barədə yersiz təkəbbürlər, müsəlman dünyasına qarşı olan kin-küdurət artıq bütün normaları aşdığından müasir sivilizasiyanın gələcəyi üçün narahatlıq hissi keçirməyə bilmirsən. Bu, çox biabırçı haldır, sivilizasiyaların toqquşmasına şərait yaradacaq mənzərələrdir. İnsan təəssüf edir ki, vaxtilə dünyaya özünü mədəniyyət mərkəzi kimi tanıtmağa çalışan Avropa, ilk növbədə də AB ölkələri içində ən  millətçisi olan Fransa gəlib bu hala düşüb.

Burada tarixi bir hadisəni danışmadan keçə bilmərəm. Türkiyədə İstiqlal savaşı zamanı fransızlar Türkiyənin cənubundakı Maraş şəhərini də işğal etmişdilər. Şəhərin küçələrində jandarma qüvvələri yerli əhaliyə qan uddururdu. Şəhərə yaxın köylərdən süd gətirib satan İman adlı köylü süd bidonunu yerə qoyub nəfəsini dərirmiş. Onun yanından keçən 3 fransız jandarmasından biri südçü İmanın yerə qoyduğu bidona bir təpik vuraraq yerlə bir edir. Bu təhqirə dözməyən İman yerdən boş bidonu qaldıraraq var gücü ilə jandarmanın başına endirir. Osmanlı ordusunda qulluq etmiş İman yerə yıxılmış jandarmanın karabinini qaparaq atəşlə qalan iki jandarmanı da yerə sərir. Səs-küyə ayağa qalxan Maraş əhli şəhərdəki bütün fransız qüvvələrini tərk-silah edərək şəhəri azad edirlər. İstiqlal savaşına “südçü İmanın üsyanı” kimi düşmüş bu qəhrəmanlıq savaşı Maraş şəhərinə “Kahraman Maraş” adının verilməsi ilə nəticələnir. Bax Türkiyə dediyiniz ölkə bu insanların Vətənidir.

Qabil Hüseynli, professor

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*