İlahiyyatçı yaxınlaşan qiyamətdən danışdı: Budur əlamətləri…backend

İlahiyyatçı yaxınlaşan qiyamətdən danışdı: Budur əlamətləri...

Artıq el deyiminə çevrilən bir söz var: “Qiyamət gəlir!”

KONKRET.az xəbər verir ki, bəs bu iddialar reallığı əks etdirirmi? Həqiqətən, qiyamət yaxınlaşır və əlamətləri artıq gözlə görünür?

İlahiyyatçı Ağa Hacıbəyli məsələni  şərh edərək, qaranlıq məqamları açıqlayıb:

“Qiyamət, axirət zamanı, rəbbimizin vədi, hesab gününün gəlməsi və s. “Maliki yaumid diin”, cəza günü kimi ifadələrlə Qurani-Kərimdə öz əksini tapıb. Və Ənbiya surəsinin 97-ci ayəsində rəbbimiz buyurur ki, qiyamət yaxınlaşdır. Yəni, qiyamət sonsuzluğun başlanğıcıdır. Əslində insan oğlu sərbəst iradəsi ilə dünya evində, imtahan yurdunda sınağını verər və onun ölümü kiçik qiyamət sayılar. Böyük qiyamət kainat çapında olan və bizi əhatə edən milyardlarla ulduzların, qalaktikaların, 7 qat göy qübbəsinin içində olan bütün göy cisimləri ilə bərabər, varlıq aləminin formasının dəyişməsi, kainatda baş verən bütün proseslərin dayanması deməkdir”.

İlahiyyatçı qiyamət əlamətlərini sadalayıb:

“Müxtəlif hədislərdə göstərildiyi kimi, qiyamətin böyük və kiçik əlamətləri var. Bu əlamətlərin fonunda bir çox hadisələrin sadalandığını biz hədislərdə görürük. Yəni yer üzərindən elmin götürülüb cəhalətin gələcəyi, sərxoşluq verən içkilərin, haramların çoxalması, böyük binaların tikilməsi və s. kimi məsələlər 1400 il bundan qabaq açıqlanıb. Bildirilib ki, insanlar bu sahədə böyük yarışlar edəcək. Bundan əlavə, savaşların baş verməsi, eyni zamanda, toplumlarda qadınların sayının həddən ziyadə artması, kişilərin savaşlarda həlak olması, yalançı insanların çoxalması, dəccalların meydana çıxması, allahlıq iddiasında olmaları, zülmün ayaq tutub yeriməsi, zəlzələlərin çoxalması, əxlaqsızlığın artması, əmanət şüurunun yox olub getməsi, kişilərin qadınlara, qadınların isə kişilərə özünü bənzətməsi, uşaqların böyüklərə üsyan və itaətsizlikləri kimi bir çox hadisələr qiyamət əlamətləri kimi misal gətirilir.

Eyni zamanda, Həzrəti Mehdi Əleyhissəlamın gəlişi, günəşin şərqdən yox, qərbdən doğması, Həzrəti İsa Əleyhissəlamın yenidən zühur etməsi və s. çox böyük fikir atlası var. Bütün bunların hamısı pozulub əbədi həyatın başlanması hadisəsi qiyamət adlanır. Kiçik qiyamətlə bağlı olan əlamətlər isə bir-bir artıq gerçəkləşib. Yerdə böyük əlamətlərin baş verməsi qalıb. Sevgili peyğəmbərimizin bir hədisində buyurulur ki, əslində mənim göndərilməyim, elə qiyamətə yaxın bir hadisənin baş verməsidir. Yəni peyğəmbərimizin bu dünyaya göndərilməklə, dünya insanının məfkurəsini, düşüncəsini yenidən axirətlə təzələməsi insanları axirətə hazırlamaq deməkdir. Kainat çapındakı bu böyük qopuş – qiyamət təbii ki, gerçəkləşəcək.

Qeyd etdiyim kimi, kiçik əlamətlərini artıq yaşayıb görmüşük. Böyük əlamətləri baş verən zaman yaşamasaq da, yəqin ki, onların da şahidi olacağıq”./“Yeni Sabah”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*