İlham Əliyev bir daha “nəyi necə və nə vaxt etmək” bacarığını dünyaya NÜMAYİŞ ETDİRDİbackend

İlham Əliyev bir daha “nəyi necə və nə vaxt etmək” bacarığını dünyaya NÜMAYİŞ ETDİRDİ

Ölkəmiz 26 avqust səhərini xoş xəbərlə açdı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəxsən özü şanlı Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olduğu barədə müjdəli xəbəri yaymaqla xalqımızı ürəkdən sevindirdi.

26 avqust 2022-ci il – Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunan böyük GÜNdür! Həm də işğaldan azad edilmiş ərazilərə Azərbaycanın nəzarətinin tamamlandığı böyük GÜNdür!

Dövlətimiz və xalqımız bu günə asan gəlib çıxmadı. Torpaqlarımızın işğaldan azad edilməsi naminə Azərbaycan Prezidentinin mahir, qətiyyətli siyasəti və diplomatiyası, düzgün hesablanmış strateji və taktiki gedişləri, qəhrəman hərbçilərimizin hünəri sayəsində Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan xalqımıza geri qaytarıldı. Ağdamı və Kəlbəcəri 2020-ci ildə geri almağı bacarsaq da, Laçın şəhərinin, rayonun ərazisindəki Zabux, Sus və digər kəndlərin qaytarılması prosesi 2 ilə yaxın vaxt aldı.

Çünki Azərbaycanın Rusiya və Ermənistanla birgə imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Laçın şəhərinin və Laçın dəhlizi böyu bir neçə yaşayış məskəninin yalnız alternativ yolun çəkilməsindən sonra təhvil verilməsi, həmin yolun 3 il ərzində çəkilməsi nəzərdə tutulmuşdu.

Yeri gəlmişkən, bu dönəmdə erməni lobbisi və havadarları dəfələrlə müxtəlif təxribatlara əl atdılar. Və …“Qisas” əməliyyatı ilə birdəfəlik yerlərində oturduldular.

Onların bütün əngəllərinə və həyasızlıqlarına baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev bir daha “Nəyi necə və nə vaxt etmək” bacarığını bütün dünyaya nümayiş etdirdi. Anti-Azərbaycan qüvvələri bir də gözlərini açıb gördülər ki, razılaşmaya tam uyğun olaraq Laçın dəhlizinə alternativ olan 32 kilometrlik yol çəkilib və rəsmi Bakı haqlı olaraq “rus sülhməramlılarından” dislokasiya olunmağı, 1992-ci ildən bəri Emənistan tərəfindən bu ərazilərdə qeyri-qanuni olaraq yerləşdirilmiş Livan, Suriya ermənilərindən torpaqlarımızı tərk etməyi tələb edir.

Erməni işğalçılarından çəkdiyimiz müsibətlərə baxmayaraq, Azərbaycan tərəfi bir daha insanlıq nümayiş edirdi. Ermənistanın hərbi cinayətinə şərik olan ermənilərin Laçından təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla köçməsinə şərait yaratdı. Nankorlar isə bu nəcibliyə evləri, meşələri yandırmaqla, Laçında yeni minalar basdırmaqla cavab verdilər.

Xatırladaq ki, 1992-ci ildə Laçın rayonun əzəli sakinləri olan azərbaycanlılar oradan zorakılıqla qovulmuşdu. Rayondan köçkün düşən Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməmişdi. Onların bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunmuşdu. İşğal zamanı yüzlərlə laçınlı şəhid olmuş, meyitləri təhqir olunmuş, girov götürülmüşdü…

İndi dünya ictimaiyyəti bir daha Prezident İlham Əliyevin qətiyyətli hərəkətlərinin, beynəlxalq qanun normalarına sadiqliyinin, sözü ilə əməlinin bir-birini tamamladığının şahidi olur, Azərbaycan və faşist xislətli Ermənistan arasındakı fərqi görürlər.

Ölkəmizin cənub-qərbində, Qarabağ silsiləsində yerləşən Laçın rayonu böyük strateji əhəmiyyətə malikdir. 1992-ci ildə məhz Laçının ermənilərin əlinə keçməsi digər rayonlarımızın da işğal edilməsinə gətirib çıxarmışdı. Bu ərazinin qayıtması ermənilərin gələcək təxribatlarının qarşısının alınmasında böyük rol oynayacaq.

Ən əsası, bu gün Laçın şəhərinə artıq qüdrətli və məğrur Azərbaycan ordusu daxil olub. Laçının mərkəzində yenidən heç bir zaman enməyəcək üçrəngli Azərbaycan bayrağı dalğalanır.

Gözün aydın, müstəqil Azərbaycan dövləti!

Təşəkkürlər, cənab Ali Baş Komandan!

Təşəkkürlər, Azərbaycan Ordusu!

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*