Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasından sonra ölkədə növbədənkənar prezident seçkilərinin elan edilməsi müxalifəti, şahmat dilində desək, pat durumuna salıb.
Müstəqil Azərbaycan dövlətinin tarixində artıq ikinci dəfədir ki, prezident seçkilərinin əsas namizədinin kimliyi cəmiyyətin heç bir təbəqəsində şübhə doğurmur. Yadınızdadırsa, müxalifət 1993-cü ilin oktyabrında keçirilmiş prezident seçkilərinin əsas namizədi Heydər Əliyevin qarşısına da güclü namizəd çıxara bilməmişdi. Məsələ heç də müxalifətin qəfildən Bakını tərk edərək Kələkiyə yollanan Əbülfəz Elçibəyi prezident hesab etməsində deyildi. Onsuz da xalq 1993-cü il avqustun 29-da keçirilən referendumda Əbülfəz Elçibəyə etimad göstərmədiyini elan etmişdi. Sadəcə seçicilərin cəmi 77 min 730 nəfərinin (2,1 faiz) etimad göstərdiyi prezidentin silahdaşları seçkilərin şəksiz qalibi Heydər Əliyevin qarşısına çıxacaq cəsarətdə deyildilər.
31 ildən sonra eyni mənzərə ilə üzləşirik. Radikal müxalifətin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasının memarı olan İlham Əliyevin önünə çıxaracağı güclü namizədi yoxdur. Odur ki, “çax-çux baş ağrıdır” üsuluna əl atılır, Gebbelssayağı tərzdə həqiqət təhrif edilir, faktlar görməzliyə vurulur. Hakimiyyətün ünvanına tez-tez Hans Andersenin “Kral lütdür!” ifadəsini işlətməyi sevənlərin “müxalifətin lüt” qaldığının fərqində olmaması əsl tragikomediyadır.
Müxaliflərin məntiqsiz, ermənilərin “Noyan Tapan” kimi internet televiziyalarında deyilənlərdən qətiyyən fərqlənməyən danışıqlarını eşidəndə diksinməyə bilmirsən. Yaxşı ki, onların keçmişdəki biabırçı şleyfləri unudulmayıb və bu səbəbdən cəmiyyət kimin kim olduğunun yaxşı fərqindədir.
Belə şəxslərin müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevə, onun siyasi varis kimi yetişdirdiyi kamil siyasətçi və dövlət xadimi Prezident İlham Əliyevin ünvanına hədyanlar səsləndirməsi yolverilməz və qəbuledilməz haldır. Onların arasında özlərinə sınıq-salxaq “AzerFreedom”, “Osmanqızı” internet televiziyaları yaratmış Qurban Məmmədov, Sevinc Osmanqızı və digərləri xüsusilə fərqlənir.
Müasir dövrümüzdə hər kəsdən hamı kimi düşünməyi və danışmağı tələb etmək qeyri-mümkündür. Zövqlər və baxışlar müxtəlifdir. Kiminsə əsaslı tənqidi fikir səsləndirməsinin, ortaya alternativ mövqe qoymasının əleyhinə çıxmaq olmaz. Çünki tənqidi fikirlər cəmiyyətin inkişafında təkan rolunu oynayır. Ölkəmizin daxili siyasətində problemlərin olmasını da heç kim inkar edə bilməz.
Amma ağılsız davranışları ilə özlərini gülünc duruma salan qüvvələrin öz maraqları naminə müstəqil dövlətləri (oxu: Ukrayna, Gürcüstan) qurban verən, fundamental insan hüquqlarına tüpürən (oxu: bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün yaşamaq hüququ) Qərbi, ən dəhşətlisi isə Ermənistanın Baş naziri Nikol Paşinyanı bizim cəmiyyətə nümunə göstərmək cəhdləri biabırçılıqdır.
Kimdir Paşinyan? Azərbaycanın qəhrəman generalı Polad Həşimovun ölümü ilə nəticələnən Tovuz döyüşlərinin, İkinci Qarabağ müharibəsinin başlanmasına, Gəncədə, Bərdədə və digər şəhərlərimizdə körpə uşaqlarımızın, gənclərimizin, qadınlarımızın və ahıllarımızın bömbardman edilməsinə fərman vermiş cinayətkar.
Əslində düşmən ölkənin baş nazirinin mədh olunması müxaliflərin Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəyə sevgilərinin saxta olduğunu göstərir. Çünki Nikol Paşinyan 2020-ci ilin mayında keçirilən MDB dövlət başçılarının iclasında Məhəmməd Əmin Rəsulzadəni alman faşistləri ilə əməkdaşlıqda ittiham etmişdi. Müxaliflərin bu fakta çox asanlıqla göz yumması, Rəsulzadəyə iyrənc iftira atan faşist Paşinyanı “görkəmli demokrat” cildində qələmə verməsi, həqiqətən, kinin və deqradasiyanın dibidir.
Amma tanınmış rəssam Rais Rəsulzadə “Babam Məhəmməd Əmin Rəsulzadə sağ olsaydı, İlham Əliyevə səs verərdi” bəyanatını səsləndirən kimi Sevinc Osmanqızı okeanın o tayından Cümhuriyyət qurucusunun nəvəsinə barmağını silkələyir. Nəvəyə babasının adından danışmaq hüququnun olmadığını “başa salır”.
Bu sətirlərin müəllifinin şəxsiyyətə pərəstiş kimi bir şakəri yoxdur. Demokratik dəyişikliklərin ölkəmizdə mövcud olmasını və qanunun aliliyinin təmin olunmasını müxalifətdən daha artıq istəyirəm. Amma özünü milli azadlıq mübarizəsinə aid edənlərin hər birinin əsas arzusu torpaqlarımızın erməni işğalından azad edilməsi və suverenliyimizin tam bərpası olub. İndi fakt faktlığında qalır. Müxaliflərin xoşlarına gəlsə də, gəlməsə də, bu qələbə İlham Heydər oğlu Əiyevin rəhbərliyi ilə əldə edilib.
İndiki Prezidentin 200 il ərzində Rusiyanın və İranın vasitəsilə xalqımıza qan uddurmuş erməni faşizminin və separatizminin məhv edilməsinə nail olması hər şeyə dəyər! Bu gün ukraynalı ekspertlərin əksəriyyəti “vətən yoxdursa, demokratik dəyərlər, Avropa Birliyi, NATO kimə lazımdır?!” etirafını dönə-dönə dilə gətirir. Elə Avropa Birliyi ilə NATO da Rusiyanın Ukraynaya amansız və dəhşətli hücumunun qarşısının alınması üçün heç bir tədbir görmədi. Ukrayna XİN başçısı Dmitri Kulebanın ABŞ administrasiyası ilə müharibədən öncə keçirilmiş görüşü barədə dedikləri ibrətamizdir. Kuleba deyrdi ki, Ağ Ev administrasiyasının üzvləri onunla vidalaşırmış kimi danışırdılar. Yalnız ukraynalıların qəhrəmanlığından və Prezident Volodimir Zelenskinin ölkəni tərk etməkdən imtinasından sonra dünya birliyi ukraynalılara yardım etmək qərarına gəlib. O zaman Zelenski barədə “dəmir yumruq belə olar” deyənlərin səsi Qarabağda keçirilən ildırım sürətli 19 sentyabr 2023-cü il tarixli antiterror tədbirlərindən sonra birdəfəlik batdı…
Qarabağdakı qələbəmiz xalqımıza qarşı ermənilər tərəfindən törədilmiş bütün deportasiyaların, soyqırımlarının, terror aktlarının qisasının beynəlxalq hüquq çərçivəsində alınması deməkdir. Erməni faşistləri və onların beynəlxalq havadarları nə qədər arzulasalar da, Azərbaycan tərəfindən Qarabağdakı etnik ermənilərə qarşı hər hansı hərbi cinayət, soyqırımı və etnik təmizləmə törədilmədi. Ölkəmizdə multikultural dəyərlərin təmin edilməsi, Ali Baş Komandanın tapşırığı ilə müharibə meydanında hərbçilərimizin humanist davranış sərgiləməsi, Qarabağdakı hərbi hədəflərin dəqiq vurulması, ermənilərin könüllü olaraq Qarabağı tərk etməsinin bütün dünyaya nümayiş etdirilməsi nəticəsində Azərbaycana “erməni soyqırımı” kimi iyrənc iddia sırıya bilmədilər. Üstəlik, dünya Kəlbəcərdə, Laçında azərbaycanlıların evlərini tərk etmək məcburiyyətində qalan ermənilərin nələr etdiklərini də gördü. Yaşayış məntəqələrini, meşələri yandırmaqla, mal-qaranı vəhşicəsinə məhv etməklə, “25 ildir biz burada yaşayırıq” deyərək saxta göz yaşları tökməklə torpaqlarımızı işğal etdiklərini sübut etdilər və bütün dünyada ifşa olundular.
Məhz İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bütün dünyaya sübut edilib ki, işğala, soyqırıma məruz qalan Azərbaycan, işğalçı və təcavüzkar isə Ermənistandır. Ermənistanın məzlum, əzabkeş maskasının yırtılması erməni diasporunu və lobbisini elə qəzəbləndirib ki, onlar Azərbaycandan, Türkiyədən və İsraildən bunun intiqamının almaq arzusu ilə alışıb-yanırlar.
Ölkəmizdən kənarda yaşayan və xalqımızın ruhundan uzaq düşən bivec qüvvələr isə hələ də fərqində deyillər ki, Azərbaycan xalqının çiyinlərindən Qarabağ münaqişəsi kimi ağır bir yük götürülüb. Bundan başqa, müstəqilliyimizi qorumaq üçün güvənmək istədiyimiz beynəlxalq aktorları da artıq yaxşı tanıyırıq. Rusiyanın və İranın ölkəmizə düşmən münasibəti heç kimə çoxdan sirr deyil. Amma indi ABŞ-nin, Fransanın torpaqlarımızın işğaldan azad olunmasının tərəfdarı olmadığı da hər kəsə bəllidir. Belə vaxtda İlham Əliyevin beynəlxalq aktorlar arasında məharətli manevrləri vətənimizin bütövləşməsinə gətirib çıxarıb.
İlham Əliyevin rəhbərlik etdiyi ordumuz həm də müxaliflərin, o cümlədən Qurban Məmmədovun 44 günlük Vətən müharibəsində şəhid olmuş qardaşı oğlunun, Sevinc Osmanqızının ermənilərin vurduğu helikopterdə həlak olmuş atası Osman Mirzəyevin qisasını alıb, Qubad İbadoğlunun, İsa Qəmbərin və digər müxalifət liderlərinin doğma ata-baba yurdlarını azad edib.
Bu həmin Qurban Məmmədovdur ki, Xocalı soyqırımına görə xalqın tələbi ilə istefaya göndərilmiş Ayaz Mütəllibov 1992-ci ilin mayın 14-də hakimiyyətə qanunsuz olaraq yenidən qayıtmaq istəyəndə Naxçıvana zəng edərək Heydər Əliyevdən məsləhət istəmişdi. AXC-nin Bakıdakı qərargahı önündə Heydər Əliyevin dəstəyi ilə qürrələnmişdi.
Bu, həmin Qurban Məmmədovdur ki, qaranlıq işləri ilə məşhur olan Rəsul Quliyevin quyruğuna çevrilmişdi. Qurban Məmmədovun avantürist işlərlə özünə saysız-hesabsız mülklər ələ keçirərək övladlarını dünyanın ən bahalı şəhəri olan Londonda yerləşdirməsi hamıya məlumdur. 8 il fasilələrlə həbsdə yatan bir şəxsin bu imkanlara necə malik olması düşündürücü fakt deyilmi? Axı o, Adil İsmayılov, Elton Quliyev, Fuad Ağayev və ya Aslan İsmayılov kimi populyarlığa malik vəkillərdən deyildi. Naxçıvanın Cəhri kəndində doğulan, Sabirabadda AXC-nin şöbə müdiri olan, Elçibəyin prezidentliyi dönəmində Azərbaycanın baş prokuroru olmaq arzusu ürəyində qalan Qurban Məmmədov kimi sıravi vəkilin Bakıda mal-mülk yiyəsi olmasının qaynaqları ilə maraqlanan olmuşdumu?!
Belə qaranlıq şəxsin vətənimizi parçalanmaqdan xilas edən və ölkəmizin müstəqilliyini möhkəmləndirən Heydər Əliyevin ünvanına hansısa söz səsləndirməsinə, xalqımıza 200 illik tariximizdə böyük qələbə sevincini yaşadan İlham Əliyevə dil uzatmasına susmaq olarmı?! Əlbəttə yox. Məsələ kütləvi psixozdan və təşkil olunmuş qara kampaniyadan getmir. Məgər kimsə ailəsinin fədakar böyüyünün ünvanına alçaq söz deyilməsinə boyun əyərmi?! Əsla yox. Belələrini sübutlarla ifşa etmək, öz etiraz səsini ucaltmaq, ictimai qınağa məruz qoymaq vacibdir.
Sevinc Osmanqısı isə ayrı lətifə qəhrəmanıdır. Adama deyərlər ki, sən Heydər Əliyevdən və ya İlham Əliyevdən danışmazdan əvvəl güzgüyə bax! Yaxşı olar ki, qanlı 20 Yanvar faciəsindən sonra xalqımızın düşməni olan Qorbaçovun respublikamıza birinci katib təyin etdiyi Ayaz Mütəllibova, yəni Rusiyaya lakeycəsinə və ləbbeykcəsinə xidmət edən nökərin komandasının üzvü olan doğma atasının fəaliyyətini təftiş etsin. Hərçənd, onun bu qabiliyyətə malik olacağı da şübhə doğurur.
Əgər Sevinc Osmanqızı Müsavat Partiyasının başqanı Arif Hacıyevlə 1992-ci ilin martında İsa Qəmbərin Milli Məclis sədri olduğunun mübahisəsini aparırsa, buna nə deyəsən?! Arif Hacıyevin “İsa Qəmbər 1992-ci il mayın 18-də Milli Məclisin sədri seçilib” deməsi də Osmanqızını fikrindən daşındıra bilmədi. Osmanqızı faktları səhv saldığı üçün də üzr istəmədi. Üstəlik, Ayaz Mütəllibovun SSRİ-nin saxlanması barədə referenduma getdiyini, 1991-ci ilin avqustunda Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsini (QKÇP) dəstəkləməsini “bəlkə Qorbaçovdan qisas almaq istəyirdi”, – deyə haqq qazandırmaq istəyi Osmanqızını çox gülünc duruma saldı. Özünə jurnalist deyən bu şəxsin İlham Əliyev haqqında faktları təhrif etməyi heç də təəccüb doğurmur.
Bu yaxınlarda İlham Əliyevin yerli kanallara müsahibəsini “Beynəlxalq Cinayət Məhkəməsindən qorxu” kimi qələmə verən Sevinc Osmanqızı xalqımızı Ermənistanın bu məhkəmənin tamhüquqlu üzvü olacağı ilə “qorxutdu”. 43 dəqiqə 33 saniyəlik çıxışında, sözün əsl mənasında, ağlına və ağzına gələni danışdı. “Diskriminasiya, doğrudan da hüquq pozuntuları, bu cür birtərəfli surətdə hərbi əməliyyat keçirməyə ehtiyac nədən yaranıb?”, “Rusiyanın əlini Ermənistanla daha da zəiflətməsin?” kimi əndrabadi cümlələrlə danışan birinin “Cəmiyyət bunu yeyir”, “İlham Əliyev milli maraqlardan çıxış edərək Fransanı öz tərəfimizə çəkməliydi” fikri, CBC-nin rus əməkdaşı Lidiya Molodtsovanın rusca verdiyi sualı “Putinin tapşırığının yerinə yetirilməsi” kimi qələmə verməsi də ikrah hissi doğururdu. Adamın lap “belə analitik ağılla sizə proqnozlar bürosunda işləmək lazımdır” deməyi gəlirdi.
Onun Gürcüstanı Cənubi Qafqazın əsas mərkəzi adlandırması ikiqat biabırçılıqdır. Atalarımız “Qəzəbli başda ağıl olmaz” deyəndə, yəqin ki, Sevinc Osmanqızı kimilərini nəzərdə tutublar. Əks halda, Sevinc Osmanqızı ərazi bütövlüyü parça-parça olmuş, Azərbaycanın qazından, tranzit pullarından asılı olan Gürcüstanı Cənubi Qafqazın mərkəzi adlandırmazdı. Bu ölkədə demokratik islahatları həyata keçirən günahsız Mixail Saakaşvilinin həbsxanada olduğunu, bütün Avropanın və ABŞ-ın bu dözülməz vəziyyətə susduğunu yaddan çıxarmazdı.
Bu gün Cənubi Qafqazda və MDB məkanında ilk dəfə olaraq Azərbaycan ərazi bütövlüyünü bərpa edib və güclü beynəlxalq havadarlarının mövcudluğuna rəğmən erməni faşizminə qalib gəlib. Bu gün Gürcüstanda, Ukraynada və Moldovada hamı Azərbaycanın qalibiyyətindən danışır, vətənimizi özlərinə nümunə göstərirlər. Bu gün Avropa Birliyinin bizim ölkəmizə ehtiyacı var.
Bizim isə yanımızda demokratik seçkiləri ilə bütün Avropanı şoka salan Türkiyə və qəhrəman türk xalqı, bütün basqılara baxmayaraq, xalqın səsini təkrar qazanan Prezident Rəcəb Tayyib Ərdoğan və komandası var.
Dövlət başçımızın Türkiyə Prezidentinin müharibənin ilk günündən Azərbaycana verdiyi siyasi və mənəvi dəstək barədə “Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır” və “əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram” fikirləri göstərir ki, Azərbaycan Prezidentinin və xalqının türk dünyasına həqarətlə baxan avropalı siyasətçilərə heç bir ehtiyacı yoxdur.
Xatirə SADİQ,
KONKRET.az