İlham Əliyevə qarşı gülünc iddianın İLGINC SƏBƏBLƏRİbackend

İlham Əliyevə qarşı gülünc iddianın İLGINC SƏBƏBLƏRİ

Siyasətçilərin сəmiyyətin rəğbətini qazanması onların səmimi davranışlarından birbaşa asılıdır. Yaltaqlıq etmədən rəqibini düzgün qiymətləndirmək, müsbət işlərə qərəzsiz yanaşmaq, yəni “ağa ağ, qaraya qara demək” hər kəsə yalnız başucalığı gətirir.

Ölkəmizin daxili siyasətində mövcud olan problemləri heç kim inkar etmir. Amma  hakimiyyətin xarici siyasətindən şikayət etməyə haqqımız yoxdur. Hazırda başı siyasətdən bir qədər çıxan hər kəsə bəllidir ki, bizim də, Avropa Birliyinin də can atdığı sülh sazişinin imzalanması kimi çox vacib mərhələyə qədəm qoymuşuq. Faşizmi, təçavüzkarlığı və terror siyasəti ilə rüsvayi-cahan olan Rusiya bunu qətiyyən arzulamır, Ermənistan kapitulyasiya nəticəsində sazişi imzalamağa məcbur edilir. Bu məqamın gerçəkləşməsi dövlətçilik tariximizdə ən önəmli hadisələrdən birinə çevrilə bilər.

Sözsüz ki, Azərbaycanın bu zirvəyə gəlib çıxmasında Prezident İlham Əliyevin böyük siyasi və diplomatik əməyi var. Onun yürütdüyü mahir siyasət nəticəsində Azərbaycan təkcə müharibəni udmayıb, həm də MDB məkanında Rusiyanın şantajı ilə üzləşən müttəfiqlərini – Gürcüstanı, Belarusu, Ukraynanı dəfələrlə sıxıntı və çətinliklərdən qurtarmağa çalışıb. Dövlətimizin humanist münasibəti sayəsində Gürcüstan qışda soyuqdan donmaqdan xilas olub, Rusiya ilə eyni ittifaqda olan Belarus qaz borcünü ödəyib, Ukraynaya lazım olan kredit verilib. Hələ məxfi saxlanılan məqamları demirik. Kremlin qəzəbindən çəkinmədən bu yardımları göstərmək əraziləri işğal altında olan Azərbaycan üçün böyük cəsarət tələb edirdi.

Ötən ilin sonundan və bu ilin əvvəlindən Rusiyanın Ukraynaya hücum edəcəyi barədə xarici KİV-lərdə hər gün məlumatlar verilirdi. Heç bir dövlət başçısının Kiyevə ayaq basmadığı, səfirliklərini paytaxtdan çıxardığı bir dönəmdə – 2022-ci il 14 yanvar tarixində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dost ölkəyə işgüzar səfərə yollandı. Sənədlərin imzalanması mərasimindən sonra mətbuat nümayndələri qarşısında çıxış edərkən İlham Əliyev bir daha bildirdi ki, ölkəsi Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. “Müstəqillik dövründə Ukrayna və Azərbaycan hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün birgə imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır”, – deyə dövlət başçımız xüsusilə vurğuladı.

Təsadüfi deyil ki, azad, demokratik və suveren Ukrayna dövlətinin rəsmi şəxsləri, millət vəkilləri Azərbaycan Prezidentinin bu səfərini cəsarət nümunəsi və “Ukraynanın dəstəklənməsinin güclü siqnalı” kimi qiymətləndirdilər. “Azərbaycan Prezidenti ölkənin beynəlxalq aləmdə inkişafı üçün düzgün strateji kurs seçib. Prezident İlham Əliyevin xarici siyasəti sayəsində Azərbaycan öz suverenliyini, müstəqilliyini qoruyub saxlayıb, ərazi bütövlüyünü bərpa edib. Fikrimcə, Azərbaycanın xarici siyasəti region dövlətləri üçün nümunə ola bilər və bütövlükdə regionun təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verə bilər”, – deyə Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Oleksandr Merejko söylədi.

Azərbaycanın bu ədalətli və prinsipial mövqeyini İlham Əliyev fevral ayında Rusiyada səfərdə olanda da gizlətmədi. Bu yaxınlarda ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda suallara cavab verərkən də bir daha təsdiqlədi.

Amma qabaqcıl texnologiyanın inkişaf etdiyi bir dövrdə vaxtilə dövlət katibi, millət vəkili olmuş Əli Kərimli bütün bu faktlara göz yumur,  “Zelenski Əliyevi danışdırdı! 65 gün susan Əliyev ümid edirdi ki, Rusiya qalib gələcək” kimi cəfəng iddialar səsləndirir.

Əslində, İlham Əliyevin Ukraynaya işgüzar səfəri, onun birbaşa tapşırığı ilə Ukraynaya humanitar yardımlar göndərilməsi, SOCAR-ın yanacaq məntəqələrinin ödənişsiz olaraq Ukraynanın təcili yardım, yanğınsöndürən maşınlarını və kənd təsərrüfatı texnikasını benzinlə təchiz etməsi, Bakı sakinlərinin Ukrayna səfirliyi önündə mitinqinə şərait yaradılması dost ölkə ilə strateji tərəfdaşlığa və müttəfiqliyə sadiq qalmağımızın göstəricisidir. Üstəlik, məhz müharibə başlayandan bəri Zelenski bir neçə dəfə İlham Əliyevə təşəkkür edib. Amma bu faktlar yada salınmır. Çünki sərf etmir.

Bunların əvəzində Qarabağ məsələsinə görə silah yardımında Azərbaycanın neytrallıq balansını yaxşı anladığını bildirən Zelenskinin mətbuat konfransında səmiyyətlə və xoş niyyətlə “amma daha çox şey gözləyirik. Uzun müddət anlamağa çalışa bilmərik. Bizə çox çətindir. Biz elə uşaqlar deyilik. Hər gün insanlar həlak olur. Bizi başa düşməyiniz lazımdır. Lakin Azərbaycanla münasibətlərimiz çox yaxşıdır” sözlərini öz eybəcər interpretasiyalarında təqdim etməyə çalışırlar.

Dövlət başçısını Ermənistanı silahlandıran Rusiya ilə Ukraynaya hücum ərəfəsində müttəfiqlik sazişi bağlamaqda ittiham etmək isə heç bir əndazəyə sığmır. Həmin sazişin bağlanma tarixinə İlham Əliyev özü kifayət qədər aydınlıq gətirib və bunun səbəbi müxalifət cameəsinə də yaxşı məlumdur.

Belə çıxır ki, iqtidar tərəfdarları da birillik hakimiyyəti dönəmində Prezident Əbülfəz Elçibəyin 1992-ci il oktyabrın 12-13-də Rusiyaya rəsmi səfər zamanı rusiyalı həmkarı Boris Yeltsinlə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqaviləni imzaladığını xatırlatmalıdırlar? Axı cəmi 7 ay öncə – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının hərbçiləri erməni faşistləri ilə birlikdə Xocalıda dinc sakinlərimizə qarşı dəhşətli soyqırımı törətmişdilər. Amma 613 xocalılının qətli Elçibəyə Yeltsinlə birlikdə müqavilə imzalamağa və bunu şampan qədəhlərini toqquşdurmaqla qeyd etməyə əngəl olmamışdı…

Heç olmasa, 20 ildir ABŞ-da yaşayan və Azərbaycan hakimiyyətini hər zaman kəskin tənqid edən ekspert Ramiz Yunusdan nümunə götürsünlər. Ukraynada müharibə başlayandan bəri müxtəlif internet kanallarına müsahibələr verən Ramiz Yunus bir dəfə də olsun Azərbaycanı və onun dövlət başçısını pisləmir. Əksinə, Azərbaycanın Ukraynaya humanitar yardımlarına, İlham Əliyevin “işğal faktı ilə barışmayın” tövsiyəsinə diqqəti cəlb edir.

Çünki “Beynəlxalq mediada da belə spekulyasiyalar var idi ki, Azərbaycan müharibə etməyəcək, çünki ölkə inkişaf edir, Prezident Əliyev qeyri-müəyyən üstünlük naminə riskə getməyəcək. Ancaq onlar bizim daxilimizdə, qəlbimizdə nələrin olduğunu başa düşə bilmədilər. Başa düşmədilər ki, bizim üçün Qarabağ, sadəcə, torpaq demək deyil. O, bizim ləyaqətimiz, taleyimiz və qanımızdır” düşüncəsinə sahib olan dövlət başçısını gülünc iddialarla ittiham etmək cəmiyyətə hörmətsizlikdir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*