İlham Əliyevin qətiyyəti sayəsində vətəndaş quruculuğu prosesi uğurla davam edir – Bizim ŞƏRHbackend

İlham Əliyevin qətiyyəti sayəsində vətəndaş quruculuğu prosesi uğurla davam edir – Bizim ŞƏRH

Ölkəmiz hüquqi, dünyəvi dövlət qurmaq və vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq üçün çətin bir yol keçib. Ümummilli lider Heydər Əliyevin dövlətçilik prinsiplərindən biri və ən əsası hüquqi dövlət və vətəndaş cəmiyyəti üçün demokratikləşmə prosesidir. Ulu öndər öz çıxışlarında daim vurğulayırdı ki, demokratikləşmə prosesi mərhələli şəkildə davam etməli, vətəndaş cəmiyyətinin tam formalaşması üçün zəmin hazırlanmalıdır.

Müstəqillliyimizin ilk illərində bununla bağlı addımlar atılsa da, mövcud hakimiyyətin səriştəsizliyi demokratikləşmə prosesini xeyli ləngitdi və daha acınacaqlısı odur ki, prosesi çox geri atdı. Məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə dünyəvi dövlət quruculuğuna start verildi. Azərbaycanda senzuranın ləğvi bu siyasətin daha parlaq nümunəsi idi. Neft müqavilələrinin imzalanması, mühüm iqtisadi dəyişikliklər də hüquqi dövlətin əsaslarını möhkəmləndirməyə başladı.

Heydər Əliyev bilirdi ki, güclü hakimiyyət-güclü dövlət formulu elə uyğunlaşdırılmalıdır ki, vətəndaş cəmiyyəti quruculuğuna əngəl yaratmasın. Məhz onun müdrik siyasi gedişləri ilə demokratik dəyərlər sürətlə bərqərar olmağa başlamışdı. 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlişi ilə proses yeni mərhələyə qədəm qoydu. Doğrudur, bir sıra iriçaplı məmurlar dövlətin qarşıya qoyduğu məqsədlərə çatmasına ciddi maneələr törədirdi. Məhz İlham Əliyevin qətiyyəti sayəsində aparılan kadr islahatları, hüquqi isahatlar və vətəndaş quruculuğu prosesi uğurla davam etdi. Güclü lider dövlət sükanını daha təsirli, pozitiv, müdrik realizə edən cəhətləri ilə vətəndaş həmrəyliyini, vətənpərvərlik hərəkatını gücləndirdi. Bu hərəkata xələl gəlməməsi üçün demokratik dəyərlər qorunmalı, xalqın rifahının artırılmasına, harmonik inkişafına imkan yaradılmalı idi.

Ölkəmizin qarşısında duran ən ciddi problem olan və bir qərinə davam edən Qarabağ münaqişəsi həll olunduqdan sonra qarşıya ciddi vəzifələr qoyulub. Ölkədə hüquqi dövlət quruculuğu dönməz xarakter daşıdığı üçün bu gün ölkədə məhkəmə sistemində güclü və miqyaslı islahatlara ehtiyac var. Xalqın liderə olan inamı və ondan olan gözləntiləri o qədər böyükdür ki, bu, cəmiyyətdə idarəetmə və təşkilatçılığın yeni formatlarda təzahür etməsini labüdləşdirir.

Müzəffər Ali Baş Komandan, qalib xalqın qalib lideri də öz çıxışlarında bu detalları qabardır, hüquqi dövlət quruculuğu prosesində bir an da olsun dayanmamağı tövsif edir. Çünki hüquqi dövlətin formalaşması prosesi həyati tələbatdır. Bu anlayış yalnız dövlət çərçivəsində deyil, eyni zamanda bütün cəmiyyətə aiddir. Elmi ədəbiyyatlarda, tarix kitablarında vurğulanır ki, sovetlər dövründə hüquqi dövlət ideyası yalnız qanunlar toplularında əks olunurdu. Reallıq isə tamam başqa idi. Bu gün ölkəmizdə demokratik dəyərlər Avropanın diqtəsi ilə deyil, xalqımızın və dövlətimizin gələcəyə baxışı ilə formalaşmalıdır. Bu baxımdan prosesi süni şəkildə sürətləndirmək ciddi sarsıntılara yol açar, ləngitmək isə olkəmizi Yer kürəsini bürüyən təlatümlərin ağuşuna atar.

Bu mənada Azərbaycanın suverenliyi, dövlətin hüquqi əsaslarının möhkəmlənməsi mövcud dövlət – hüquq institutlarının keyfiyyət dəyişikliyinə təsir göstərir. Ümummilli lider Heydər Əliyev öz nitqlərinin birində deyirdi ki, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsi, demokratikləşməsi prosesi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud bir niyyət deyil, bu, Azərbaycanın inkişafının başlıca şərtidir. İlham Əliyev də hakimiyyəti illərində sübut etdi ki, dövlət niyyətində sabitdir. Sadəcə, demokratik dəyərlər vətəndaşların təfəkküründə və şüurunda tədricən formalaşır.

Bu baxımdan Azərbaycan dünya təcrübəsini tam tətbiq etməyə tələsmədi, xalqımıza xas olan ümumbəşəri dəyərlərdən faydalandı. Tolerantlıq, dövlətçilik, hüquqi sistemə sadiqlik, sosial-iqtisadi inkişafın sürətli tempi cəmiyyətin bütün təbəqələrinin faydalı münasibətlərini təmin etdi.

Artıq elə buna görədir ki, dövlət cəmiyyətin, cəmiyyət isə dövlətin köməyi olmadan köklü məsələləri həll edə bilməz. Demokratikləşmə prosesi bu baxımdan vətəndaş cəmiyyətinin inkişaf etdirilməsindən keçir. İnformasiya texnologiyalarının mənfi və müsbət təsirləri də bu prosesdən yan keçmir. Xalq və kütlə şüuru bəzən qarışdırılır, bu tendensiya isə siyasi hakimiyyətin hüquqi dövlət quruculuğunda apardığı islahatlara ciddi təsir göstərir. Azərbaycanın Konstitusiyasının preambulasında göstərildiyi kimi, qanunların aliliyini təmin edən əsas amil xalqın niyyətidir. Bu, özünü hüquqi dəyərlərə sadiqlik və etibarlılıqda təsbit edib.

Cəmiyyətin yeniləşməsi və inkişafının yeni prinsip və parametrləri müəyyən edilməlidir ki, bu istiqamətdə yeni ideologiya, milli düşüncə formalaşsın. Əslində milli düşüncə zamanın, mühüm hadisələrin, dünyada gedən qlobal proseslərin təsirinə məruz qalır. Amma milli düşüncə bütün bunların fonunda dövlətin hüquqi sisteminə uyğunlaşır, siyasi, iqtisadi sistemdə kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid edir. Dövlətin bütün mexanizmləri konstitusiya prinsiplərinə sadiq olaraq işləyirsə, vətəndaşların hüquq və azadlıqlarının təminatı prosesi də həmin şəkildə təmin edilir. Deməli, dövlət və xalq olaraq Konstitusiyanı yalnız bir hüquq sənədi kimi deyil, bir ideoloji xətt kimi qəbul etməliyik. Çünki Konstitusiyamız hüquqi dəyərlər sistemini özündə birləşdirən ali bir sənəddir. Zaman-zaman islahatlara məruz qalan bu sənədin yenidən işlənməsinə zərurət yaranıb. Yeni idarəetmə mexanizmlərinin formalaşdırılması üçün hüquqi dövlət terminləri dəyişikliklərə uğramalıdır. “Böyük Qayıdış”da dövlətin daha da güclü olması üçün ilk növbədə yeni tətbiqlərə, yanaşmalara meydan verilməldir. 44 günlük müharibədən sonra regionda tam başqa reallıq yarandı. Bu reallıqda ənənəvi dövlətlə yanaşı, şəxsi azadlıqları, vətəndaş hüquqlarını geniş mənada yayan bir ölkəyə çevrilməliyik. Artıq bu sahədə də qonşularımıza və dünyaya nümunə olmalıyıq.

Sevindirici haldır ki, dövlətin başında duran liderin özü təşəbbüskardır. Strateji təfəkkürə malik tarixi şəxsiyyət olan İlham Əliyev hüquqü proseslərdə müəyyən olunmuş prosedurların həyata keçirilməsi üçün dövlət qurumlarının çevikliyinin vacibliyini önə çəkir. Yalnız qanunun qəbulu ilə kifayətlənmək olmur. Bu qanunun hüquqi güc alması üçün dövlət strukturu sənədi güclü realizə etməlidir. Məhz onda hüquq yüksək effektli olmaqla cəmiyyətdə köklü siyası, iqtisadi, sosial məsələlərin həllinə kömək edir. Məhz belə olarsa, artıq iğşaldan azad edilmiş ərazilərlə yanaşı suveren Azərbaycanın bütün ərazilərində illərdir həll olunmayan kiçik və böyük problemlər öz həllini tapa, vətəndaşların həyatında humanizmin dəyərləri daha geniş mənada tətbiq edilə, sosial ədalət tam bərqərar ola bilər.

Artıq silkələnən dünyada Azərbaycan öz mövqeyini bu şəkildə möhkəmləndirə bilər ki, hüquqi dövlət konsepsiyasının əsas məğzi qanunun aliliyi ilə səsləşməlidir. İdarəedən və idarəolunan üçün hüququn hakimliyi fundamental formada öz həllini tapır. Təqdirəlayiq haldır ki, bu istiqamətdə çox işlər görülüb. Qanunun aliliyi məsələləri zaman-zaman aktual olub və bu sahədə çox sərt addımlar atılıb. Kadr islahatları, korrupsiyaya qarşı ciddi mübarizə ilə dövlət yaratdığı qanunlara özünü tabe etdirir və vətəndaş cəmiyyətində nümunə olur. Beləliklə, cəmiyyətin idarə olunması hüquqi dövləti səciyyələndirən normativ qaydalarla, qanunvericiliklə həyata keçirilir. Amma Prezident seçkilərindən sonra proses yeni mərhələyə qədəm qoyub.

Ölkədə vətəndaş cəmiyyəti iqtisadiyyatın modernləşməsi ilə də uyğunlaşır. İqtisadi vəziyyət, sosial rifah nə qədər güclü olarsa, sistemli liberallaşma da demokratiyanın tam bərqərar olmasını sürətləndirəcək. Çünki düstur belədir: iqtisadi rifah və dövlətin aktiv rolu demokratik cəmiyyətdə ön planda olur.

Bu, ali sənədimiz olan Konstitusiyada da öz əksini tapır. Azərbaycanda dövlət siyasəti demokratiyanın əsas amili olan güclü iqtisadi bazanın formalaşmasına xidmət edir. Dövlət başçısı demokratiya ilə iqtisadiyyatı bir vəhdətdə görür, insanların iqtisadi rifahının artırılması üçün əlindən gələni edir. Bunu əyani şəkildə Azərbaycanın iqtisadi inkişafında görmək olar. Amma bu inkişafda müəyyən ləngimələr var. Əgər ciddi islahatlar həyata keçirilərsə, qarşıda duran bütün məqsədlərə nail olunacaq.

Fadil Paşayev,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*