“İlham və Fərizənin abidəsi qoyulsun” – AÇIQLAMAbackend

"İlham və Fərizənin abidəsi qoyulsun" - AÇIQLAMA

Fərizə ilə İlhamdan qazana biləcəklərimiz müqabilində itidiklərimiz haqqında BALLADA

30 iyun. Bu gün hər bir azərbaycanlı üçün özəl  və gözəl bir gündür. Ona görə ki, bu gün real dünyamızın həqiqi aşiqləri Fərizə ilə İlhamın qovuşduqları, dünya evinə girdikləri bir gündür. Mən o aşiqlərdən danışıram ki, sevərək yaşayıb, sevilərək öldülər.

Onların sevgi dastanı əslində Leyli və Məcnunun, Əsli və Kərəmin, Fərhad və Şirinin, lap elə Romeo və Cülyettanın sevgi dastanından daha möhtəşəm, daha təsirli, daha saf və təmiz idi. Adını çəkdiklərimizin sevgi dastanlarını əslində xalq yaradıb yazıb, Fərizə ilə İlhamın dastanını isə iki növcavan  yaradıb və qanları ilə tarixə həkk ediblər.

Əminliklə deyirəm ki, bu yaşıma qədər Fərizə və İlham dastanı qədər təsirli, səmimi və gözəl sevgi dastanı oxumamışam. Ona görə də bu günü mən də sevgililər günü hesab edirəm. Bu həm də bizim  milli brendimizdir. Real dünyamlzda yazılan və yaşanan tək sevgi dastanı olduğuna görə.

Amma nə yazıq ki,bu gün çox az adamın yadına düşür. Bu yazını əslində dünən yazmalı idim. Lakin gözlədim, yazmadım. Dedim görüm, bu günü kimlərsə xatırlayacaqmı?! İstədim ki, milli təəssübkeş, vətənpərvər olmağımız haqqında ilyuzaların heç olmasa bir günlüyə reallığa çevrildiyini görüm.

Amma yenə arzum ürəyimdə qaldı. Onlarla elektron qəzet, onlarla agentlik, 125 deputatımız (halbuki, vətənpərvərlikdən danışanda heç kimə imkan vermirlər, hələ demirəm ki, ən xırda məsələ ilə gündəm yaratmaq istəyirlər), onlarla siyasi partiya, onlarla qeyri-hökümət təşkilatı, sevgidən, məhəbbətdən nəğmə deyib çörək qazanan onlarla mügənnimiz,  hər gün gündəmdə qalmaq üçün söz oyununa çıxan onlarla ziyalımız, onlarla  məmurumuz (pardon, məmurlarımızın sevgisi yalnız oturduqları kresloyadır) nədənsə bu günün üstündən sükutla keçdilər. Bu gün səhər yadıma düşən 10-dan artıq xəbər portalına baxdım. Cəmi 2 yazıya rast gəldim. O da nostalji hisslərlə yazılmışdı.

20 yanvar şəhidi kimi anılmışdı Fərizə ilə İlham. Hələ ondan artıq radiomuzun onlarla DJ-lərini demirəm. Halbuki bu DJ-lər 14 fevraldan, 8 martdan 10 gün qabaq dinləyicinin ətin tökə-tökə müsabiqələr keçirir, sorğular aparırlar. Baxmayaraq ki, istər 8 martın, istərsə də 14 fevralın həqiqi tarixin çoxlarımız kimi həmin DJ-lər də bilmir. Amma özlərini “yevropeyski” göstərmək üçün dəridən qabıqdan çıxırlar. Və burda Böyük Səməd Vurğunun bir hayqırtısı, yanğısı yadıma düşür… “Nədən dastanlarımızın şah qəhrəmanları gah İrandan gəlir, gah da Turandan?! Bəs mənim xalqımın varlığı hanı?

Bəli, biz nə qədər ki, qəhrəmanlarımızı, yaxşı dəyərləri xaricdə axtaracağıq, millət olaraq bir o qədər də itirəcəyik. Nə yazıq ki, gənclərimiz milli ruhdan daha çox avropalı ruhunda böyüyür, və yaxud böyümək istəyir. Və biz böyüklər də bəzən bununla “şellənirik”…

Təəssüf, çox təəssüf… Bu il həm də şanlı tarixin yubiley ili idi. 20 yanvar 2020-ci ildə  bu dastanın yazılmasının 30 ili tamam oldu. Yenə də təəssüflə deyirəm bunun heç kim fərqinə varmadı. Əslində isə varmalıyıq. Ona görə ki, bu bizim şanlı tariximizə bir ehtiram borcumuzdur. Çünki keçmişi olmayanın  gələcəyi də yoxdur. Hələ onu demirəm ki, milli ruhumuzun saflaşmasında, milli dəyərlərimizin inkişafında 30 iyunun təbiği və təşviqi ilə çox mətləblərə nail ola bilərik. Məsələn, olmazmı ki, paytaxtımızın münasib bir yerində, lap elə dənizkənarı parkda bu sevgi qəhrəmanlarımıza bir abidə ucaldaq.

Hər gün burdan keçən yüzlərlə gənc bu abidə qarşısında heç olmasa bir dəqiqəliyə ayaq saxlayıb, əsl sevgi, əsl ailə dəyərləri haqqında düşüncəyə dalsın. Olmazmı ki, hər xırda məsələ ilə xalqın və hakimiyyətin gözünə girməyə çalışan millət vəkillərimiz və yaxud digər ziyalılarımız yekdil təşəbbüslə çıxış eləsinlər ki, nigaha girən gənclər bu abidəni ziyarət etsin, bir-birlərinə sədaqət andı içsinlər.

Bəlkə bununla boşanmaların və təsadüfi evliliklərin bir az qarşısını almış olarıq. Bununla həm də avropalaşıb maviləşən və cinsini dəyişən zavallı gəncliyimizin bir qismini uçurumdan xilas etmiş olarıq. Əlbəttə ki, olar. Bunun üçün çox şey yox sadəcə vətəndaş yanğısı lazımdır. O da bizdə varmı?!… Bunu yazımın oxu sayından biləcəm.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*