Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 182.3.2-ci və digər maddələri ilə təqsirləndirilən şəxs Ziya Hikmət oğlu Hüseynzadənin məhkəmə prosesinin növbəti iclası keçirilib.
KONKRET.az Unikal.az-a istinadən xəbər verir ki, cinayət işində 3 qadın – İsayeva Gülnar Mahmud qızı, Əliyeva Xadijat Qurbanovna və Əliyeva Raziyyat Fərzadovna zərərçəkmiş qismində tanınıb. Məhkəmə prosesində zərərçəkmişdən Xadijat Əliyeva iştirak edib.
Qeyd edək ki, Raziyyat Əliyeva model kimi tanınıb.
Məhkəmənin növbəti gedişində Ziya Hüseynzadə ifadə verib:
“2021-ci ildən Raziyyat Əliyeva ilə yaxınlıq eləməyə başladım. Ancaq onunla ilk dəfə 2015-ci ildə pul qarşılığında görüşmüşəm. Belə də, hər ay ona pul verirdim. Sonra onunla bir yerdə yaşamağa başladıq. Münasibətlər 2023-cü ilə kimi davam etdi. Raziyyat işlətdiyi gözəllik salonunun kirayə pulunu- 4 min manatını ödəməyi mənə dedi”.
Məhkəmənin bu yerində zərərçəkənin vəkili məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı şifahi vəsatət verdi. Təqsirləndirilən şəxs, onun vəkilləri və dövlət ittihamçısı məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı qərar verməyi məhkəmənin mülahizəsinə buraxdılar. Hakim Siyavuş Hacıyev vəkilin vəsatətini qəbul edərək iclası qapalı keçirdi.
İttiham aktına görə, 2022-ci ilin avqust ayında Ziya Hüseynzadə sevgi münasibətdə olduğu Raziyyat Əliyeva kişilərlə münasibət qurub, ona xəyanət etdiyini müəyyən edib. Buna görə də həmin vaxt Raziyyat Əliyevanın əllərini bağlayıb, ona xəsarətlər yetirib.
Bundan başqa, Ziya Hüseynzadə həmin ilin dekabr ayında yenə də Raziyyat Əliyevanın başqa kişilərlə münasibətdə olması barədə məlumat əldə edib. O, Raziyyat Əliyevanın yaşadığı Şərifzadə küçəsində yerləşən evinə gəlib. Özündə olan bıçağı Raziyyat Əliyevaya nümayiş etdirib və onu öldürməklə hədələyib.
Həmçinin Ziya Hüseynzadə həmin ilin dekabr ayının müxtəlif günlərində Raziyyat Əliyevaya işgəncə verib.
Daha sonra Ziya Hüseynzadə birgə yaşadıqları dövrdə Raziyyat Əliyevaya bahalı hədiyyələr alması, birgə xarici səfərlərdə getməklə vəsait xərclənməsini bəhanə gətirib, ona aldığı 185 min manat dəyərində “Mercedes” markalı avtomobili hədə-qorxu yolu ilə geri tələb edib.
Ziya Hüseynzadə Raziyyat Əliyevanın anası Xadijat Əliyevanın Qaradağ rayondakı evində olduğunu müəyyənləşdirib. O, gecə yarısı həmin ünvana gedərək, Raziyyat Əliyeva və Xadijat Əliyevanın ünvanına nalayiq ifadələr işlədib.
İstintaq sənədlərində qeyd olunub ki, 2023-cü ildə Raziyyat Əliyevaya məxsus avtomobili oğurlamaqla ona 94 min manat ziyan vurub.