İndiki şəraitdə müharibə olsa, Türkiyə Azərbaycanın yanında yer ala biləcəkmi? – ÖZƏLbackend

İndiki şəraitdə müharibə olsa, Türkiyə Azərbaycanın yanında yer ala biləcəkmi? - ÖZƏL

Hazırda Türkiyə seçki ərəfəsindədir, bununla yanaşı güclü zəlzələnin fəsadları da qardaş ölkəni sözün əsl mənasında sarsıdıb. Digər tərəfdən regionda Türkiyəyə qarşı həyata keçirilən siyasi proseslər  təkcə qardaş ölkəni deyil, həm də Azərbaycanı ciddi narahat edir. Bütün bunların fonunda bir çox siyasi ekspertlər, xüsusən də ermənipərəst analitiklər hansısa qarşıdurma yaranacağı təqdirdə türkiyənin Azərbaycanın yanında ola bilməyəcəyini bəyan edirlər. Bəs görəsən İndiki vəziyyətdə müharibə olarsa, Ankara rəsmi Bakının yanında yer ala biləcəkmi?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, Türkiyə özünün çətin dövrlərindən birini yaşayır: “Baş verən zəlzələ qardaş ölkənin siyasi-iqtisadi həyatına mütləq təsirini göstərib. Ancaq nəzərə almaq lazımdır ki, Türkiyə oturuşmuş və böyük dövlətçilik təcrübəsi olan bir ölkədir. Belə problemlərdən və çətinliklərdən kifayət qədər üzüağ çıxmağı bacarır. Türkiyə təxminən 2016-cı ildən başlayaraq öz seçimini edib. Qardaş ölkənin müstəqil gücə çevrilməsi istiqamətində ciddi bir siyasət həyata keçirilib. Bu siyasətin həyata keçirilməsinə çoxlu resurslar və prinsipiallıq sərf edilib. Keçən dövr ərzində çoxsaylı hadisələr baş verib ki, bunların hamısı Türkiyənin daxili proseslərinə və siyasətinə təsir göstərib. Eyni zamanda bu təsir elementlərinin müxtəlif komponentlərinin necə sıradan çıxarılmasının da şahidi olmuşuq. Bu seçim Türkiyə üçün vacib şərtlərdən biridir. Yəni müstəqil güc olmaq, siyasət yürütmək, regionun lideri kimi mövqelərini daha da möhkəmlətmək qardaş ölkənin təkcə bu günü üçün deyil, gələcəyi üçün də mühüm əhəmiyyət kəsb edir. İndiki şəraitdə sadəcə hansısa qütblərin geosiyasi oyunlarında alətə çevrilib meydanda tək qalmaq perspektivi ilə üzləşməkdənsə, güclü olmaq və tarixi mədəni intellektual potensialını ortaya qoymaqla dünya dövlətlərinin üst cərgəsində yer almaq daha doğru seçimdir. Hansı ki, Türkiyə bu istiqamətdə addımlayır”.

Elçin Mirzəbəyli: Azərbaycan-İtaliya münasibətləri bu gün də dinamik  şəkildə inkişaf etməkdədir - AZƏRTAC

Politoloqun sözlərinə görə, qardaş ölkənin müstəqil güc kimi dünya siyasətində rolunun daha da artması üçün lazım olan komponentlərdən biri də Cənubi Qafqazdakı və türk dünyasındakı mövqelərinin güclənməsidir: “Bu gün Türk dövlətlərinin inteqrasiyası istiqamətində kifayət qədər ciddi addımlar atılıb. Biz daha öncəki proseslərdə belə sürətli inteqrasiya və qarşılıqlı əlaqələrin hazırkı səviyyədə inkişafının şahidi olmamışıq. Bunun şübhəsiz ki, bir sıra səbəbləri mövcudur. Səbəblərdən biri də Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələrin effektivliyi, əhəmiyyəti, qardaş ölkənin 44 günlük Vətən müharibəsində bizə veridyi dəstək, eyni zamanda Şuşa Bəyənnaməsinin imzalanmasıdır. Düşünürəm ki, Türkiyənin Azərbaycanla əlaqələri təkcə iki dövlət arasındakı münasibətlərin inkişafı baxımından zəruri deyil. Həmçinin perspektiv və bütövlükdə türk dünyasının gələcəyi baxımından olduqca mühüm strateji əhəmiyyət kəsb edir. Şübhə etmirəm ki, kritik situasiya yaranarsa, o zaman Rəcəb Tayyib Ərdoğanın prezidenti olduğu Türkiyə Azərbaycanın yanında yer alacaq və rəsmi Bakıya dəstək verəcək. Türkiyəli seçicilərin isə məhz güclü və söz sahibi olan Türkiyənin inkişafı üçün seçim edəcəklərinə şübhəm yoxdur”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*