İnformasiya cəhaləti və ya bütün sahələrdə maariflənməni necə təmin etməliyik?backend

İnformasiya cəhaləti və ya bütün sahələrdə maariflənməni necə təmin etməliyik?

Cəmil MƏMMƏDLİ

Yaşadığımız müasir mənzərəyə istədiyimiz adı qoya bilərik. Kimlərsə bu mənzərəyə informasiya kasadlığı, kim isə informasiya blokadası, kimsə də informasiya cəhaləti deyə bilər, ancaq mənzərə eynidir.

İnformasiya cəhaləti – hədəfə götürülən bir cəmiyyətin yalan, yanlış, zərərli və lazımsız xəbərlər, qeyri-peşəkar şərhlər və bilgilərlə qəsd olunan istiqamətə yönləndirilməsi və ya bu istiqamətdə idarə olunmasıdır.

Hədəf isə bəzən bütöv bir xalq, bəzən isə hədəfə götürülən ölkənin əhalisinin məlum bir qismi ola bilər.

Əlbəttə ki, hər hansı bir ölkənin bütün əhalisini istənilən zamanda və istənilən istiqamətdə idarə etmək heç də asan bir iş deyil. Ancaq müasir dövrümüzdə GÜCLÜLƏR, maddi resurs və mənfəətlər hesabına imkansızları mümkün etməklə, bunun da öhdəsindən gəlməyi bacarırlar.

Bu GÜCLƏRƏ görə, hər kəsin bir “qiyməti” var, bu “qiymət” ödənildiyi təqdirdə, “satın alınması” mümkün olmayan şəxs və ya qurum yoxdur. Satın alınması lazım olan fərdlər arasında, bu GÜCLƏRİN mövqelərini və siyasətlərini müdafiə edəcək yazarlar, qurumlar olaraq media siyahıda ən birinci yerdədir. Lazım olan “qiyməti” ödəmək üçün, heç bir məsrəfdən, xərcdən çəkinməyən GÜCLƏR, bu fəaliyyət nəticəsində, hədəfə aldıqları ölkəni (məsələn Azərbaycanı) və ya bəlli bir qrupu istədikləri kimi idarə etməklə, istədiklərini əldə etməyi bacarırlar.

Bu məqsədlə hədəfə götürülən ölkələrdə şayiələr çıxardılır, yalançı etiraflar təşkil olunur, yalana, iftiraya, inkara, təhdidə, əsli olmayan iddialara, şantaja və lazım olarsa, kompromatlara belə müraciət olunur. Bu yolla da, GÜCLƏRİN muzdlu “kütlə mühəndisləri”, “cəsusları” və məqsədyönümlü fəaliyyət göstərən mediası tərəfindən insanların həqiqətləri öyrənməsinin qarşısında “sədd” çəkilir və ya həmin “GÜCLƏRİN HƏQİQƏTLƏRİ”-nin təbliğatı qurulur, istəklərinin reallaşması üçün münbit şərait yaradılır.

Bu GÜCLƏRİN informasiya cəhalətinə məruz qalması üçün hədəfə götürdükləri ölkələrə və ya xalqa qarşı elm və texnologiyanın bəxş etdiyi bütün imkanlardan maksimum yararlanmaq səyləri fasiləsiz olaraq davam edir. Bu gerçəkliyin fərqinə varmayan cəmiyyətlərin başına min bir oyun açaraq, toplumun özünə gəlməsi, özünüdərk etməsi üçün fürsət vermirlər.

İctimai rəy necə formalaşdırılır?

Hədəfə götürülmüş ölkələrdə “informasiya cəhalətini” xarici GÜCLƏR, hədəf olmayan, kiçik ölkələrdə isə, həmin ölkələrin idarəçiləri, hökümət tətbiq edir.

ABŞ-da tətbiq olunan “cəhaləti” Kaliforniya Universitetinin professoru Herbert Şiller belə izah edir:

“Sosial bir məsələni tam çılpaqlığı ilə cəmiyyətə bildirmədən, olayın bir hissəsini gizlədərək, müxtəlif detallarını yarımçıq çəkildə “məlumat” şəklində ictimaiyyətə sırımaqla arzulanan nəticəni – olayları təhrif etməklə, anlaşılmaz hala gəlməsini və bu olaya biganəliyin qorunmasını əldə etmək mümkündür”

Bir çox ölkələrdə, önə çıxarılan media rəhbərləri xəbərlərin və şərhlərin üzərində “məqsədli” formada işləməklə, insanların gələcəyi qənaətləri və davranışlarını idarə etməklə, əslində hər biri bir “beyin mütəxəssisi” kimi ixtisaslaşıb. Ancaq əslində isə, insan beyninə müdaxiə etmək, beynin işğalı kimi də yozula biləcək bir davranışdır. Medianın “İPİ” əllərində olan GÜCLƏR bu yollarla kütləni istədikləri kimi idarə edərək, nəzarətdə saxlayırlar.

Medianın istədiyi məsələni istədiyi kimi insanlara çatdırması nəticəsində, olayın kütləyə təqdimatından asılı olaraq, beyinlərə ustalıqla “yerləşdirilən” anlayışları qəbul etdikdən sonra, zehinlərinə olunan müdaxiləninin fərqinə varmayan kütlə, medianın göstərdiyi istiqamətə hərəkət etməyə-etməyə, bir növ özünə gizli şəkildə diqtə olunan davranışları həyata keçirməyə başlayır.

Hər gün cəmiyyətə bir tərəfdən bu “məqsədli və məsləhətli anlayışlar” təlqin edildiyi halda, digər tərəfdən media qurumlarının təqdim etdiyi, bir-biri ilə əlaqəsi olmayan xəbərlər ildırım sürəti ilə yayılır. Qəzet və saytlar sanki gizli bir mərkəzin nəzarətində, eyni anda, eyni olayı, eyni cür, diqtə olunduğu kimi dərc edir.

Kiçik bir məsələyə diqqət edək. İzləyicilərin və ya oxucuların həyatında reklamlar özlərinə elə bir yer tutublar ki, hətta uşaqlar üçün olan maarifləndirici verilişlər və ya buraxılışlar da, sıx-sıx “kəsilərək”, orasına-burasına reklamlar “soxuşdurularaq” diqqətlər verilişin  qayəsindən yayındırılmaqla, olduqca vacib gerçəklərin öyrənilməsi imkansız hala gətirilir. İnsanların baxdıqları hər yer, müraciət etdikləri bütün  qaynaqlar mənasız reklamlarla doldurulur.

Yalan, yanlış, zərərli və lazımsız informasiyalar, xəbərlər, şərhlər və reklamlarla məşğul olmağa zorlanan beyinlərin isə təbii ki, həqiqətləri dərk etməsi mümkünsüzdür.

Mediada tez-tez rast gəldiyimiz , debatlara, sosial tok-şoulara da bir format olaraq, parçalanmanın ən mükəmməl forması kimi yanaşmaq olar. Bu kimi verilişlər cəmiyyətin guya hər bir sadə vətəndaşın öz fikirlərini azad bir şəkildə ifadə etdiyi bir mühitdə yaşadığına inanmasını təmin edir.

Gündəmdə olmaq, gündəm yaratmaq həvəsi də bu parçalanmaların böyük sürətlə inkişafına öz tövhəsini verir. İctimaiyyəti baş verənlərdən anında, operativ olaraq xəbərdar etmə həvəsi və cəmiyyətin analoji istəyi, medianın beyinlərə müdaxilə gücünü artırır.

Olayların olduğu kimi dərk edilməsində olan manelərin ən birincisi isə xəbərlərin həm də qısa ömürlü olmasıdır. Bu gün bir olay baş veribsə, onu unutdurmaq üçün dərhal bir başqa olay təşkil olunur və əslində ictimaiyyətin üçün önəmli olan hansısa olay, bu yolla gizlədilir və ya geniş şəkildə yayılmasının qarşısı alınır. Belə taktiki gedişlə həm də hansısa “arzuolunmaz olayın” dərk olunması bloklanır.

Qısaca olaraq, açıq şəkildə demək lazımdır ki, təəssüf ki, bizim beyinlərimiz bir növ artıq “işğal” edilib. Buna baxmayaraq, yenə də gec deyil.

Əgər fərd olaraq, hansısa kiçik bir zümrə tərəfindən beyinlərimizin “işğalı və istismarını” istəmiriksə, bütün sahələrdə maariflənməni, həqiqətləri araşdırmağı, xalqın tale yükümlü məsələlərində aktiv olaraq, gələcəyimizin daha xoşbəxt, daha işıqlı olması üçün çalışmağı bir şərəf məsələsi kimi qəbul etməliyik.

İndiyə qədər başımıza gələn tarixi faciələr, itkilərimiz, yaşadıqlarımız bizi buna məcbur edir.

Düşünün cənablar, düşünün!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*