İnsan hüquq və azadlıqlarına gedən yola BİR BAXIŞbackend

İnsan hüquq və azadlıqlarına gedən yola BİR BAXIŞ

O dövlət qüdrətli və basılmaz olur ki, onun dayağı və istinad yeri xalq olur. Xalqa arxalan iqtidar da hər zaman güclü və ötkəm olur. Çünki, “el bir olsa, dağ oynadar yerindən”. Təsadüfi deyil ki, Azərbaycan Konstitusiyasının birinci maddəsində qeyd olunub ki, hakimiyyətin mənbəyi xalqdır. Bu da o deməkdir ki, xalq təkcə hakimiyyəti formalaşdırmır, həm də dövlətin və millətin inkişaf etməsində əsas söz sahibidir. Ona görə də Azərbaycan dövləti inkişaf etdikcə, qüdrətləndikcə Azərbaycan xalqı da irəli gedir. Bugünkü böyük uğurlarımızın mayasının xalq-hakimiyyət birliyi olması da təsadüf deyil.

Bu gün dünyada yüzlərlə xalq olsa da, cəmi 200-dən bir az artıq dövlət var. Bu gün milyonlarla əhalisi olan onlarla xalq nə yazıq ki, öz dövlətini qura bilmir. Bu mənada özünün dövləti olan istənilən xalq güclüdür ki, ən ülvi arzusunu reallaşdırıb.

Belə xalqlardan biri də Azərbaycandır. 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox ağır sınaqlardan keçsə də hakimiyyətlə xalqın birliyi bütün çətinlikləri dəf etməyə imkan verdi. Və 3 il sonra 1995-ci ilin 12 noyabrında müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul ediləndə priambula hissəsində prioritetlər açıq və net şəkildə yazıldı ki,  Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək,  vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq,  xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq əsas hədəfdir. 30 illik zaman fasiləsi dövlətin idarəçisi olan hakimiyyətin bu prinsiplərə sadiqliyini gördük, şahidlik etdik.

Hələ ötən əsrin 90-cı illərin ortalarından başlayan islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulmasına, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatların yaradılmasına, ictimai-siyasi sabitlik və əmin-amanlığın bərqərar edilməsinə, eləcə də qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyətinin formalaşdırılmasına çalışlıb.

Dahi Öndərin uzaqgörən siyasəti hüquq və azadlıqların yalnız bəyan olunması ilə kifayətlənməyib, onların təminat və müdafiə mexanizmlərinin işlənməsində ifadə olundu. Bununla bağlı, Ümummilli Liderin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci tarixli Fərmanı və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 18 iyun 1998-ci il tarixli Sərəncamı xüsusi qeyd olunmalıdır.

Azərbaycanda istənilən sahə heç zaman diqqətdən kənar qalmayıb. Hər bir sahənin davamlı və dayanıqlı inkişafı üçün dövlət proqramları qəbul edilib.Bu proqramların ən az icra müddəti 5 il olub. Beləcə, Azərbaycanda hər kəsin Konstitusion hüquqlarının – seçmək,seçilmək, təhsil, iş və digər hüquqlarının təminatında bütün zəruri addımlar atıldı. Nəticədə, hər kəs “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyə bildi.

Dahi öndər təkcə Azərbaycandakı əhali üçün yox, bütün dünyaya yayılmış soydaşlarımızın eyni auranı bölüşmək, eyni ortamda təmas etmək ümün misilsiz xidmətlər göstərdi. Onun təşəbbüsü ilə 2001-ci ilin noyabrında Dünya Azərbaycanlıların I Qurultayı keçirildi. Bu mötəbər tədbirdən sonra dünya azərbaycanlılarını bir arada tutmaq və onları kordinə etmək üçün Diasporalarla iş üzrə Dövlət Komitəsi yaradıldı. Beləcə, Azərbaycan tədricən dünya azərbaycanlılarının qibləgahına, ümid yerinə çevrildi.

Heydər Əliyevin müəyyən etdiyi strategiya sonrakı illərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir çağırışlar fonunda daha uğurlu şəkildə davam etdirildi. Belə ki, 2006-cı ildə qəbul edilən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edir.

Bunun ardınca insanların hüquq və azadlıqlarının daha uğurlu şəkildə qorunması üçün 18 mart 2009-cu ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi üçün ümumxalq səsverməsi (referendum) keçirildi. Referendumla Konstitusiyaya 29 düzəliş edildi. Bu düzəlişlərin hər biri Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının daha yaxşı şəkildə qorunmasına xidmət edirdi.

Vətəndaş cəmiyyətinin normal inkişafı üçün də zəruri addımlar atıldı. Məsələn, “Gender bərabərliyi”, “Qadın və uşaq hüquqları” və digər qanunlar qəbul edildi. Bu qanunların icrası üçün müvafiq işlər görüldü.

Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə ən böyük xidməti onun təşəbbüsü ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsi idi. İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdirilir.

Beləcə, yaşadığımız son 30 ildə Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması üçün bütün zəruri addımlar atılıb. Bu günlər yaşadığımız parlament seçkilərindəki ictimai fəallıq və cəmiyyətdəki maraq da bunun əyani sübutu və təzahürüdür.

Vəli Həsənoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*