“Reallıqda ölkəmizdə inflyasiya daha yüksəkdir. Xüsusən də əhalinin çox işlətdiyi mal və məhsulların qiymətlərində daha çox artım var. Sadəcə, inflyasiyanın templəri bir qədər aşağı düşüb. Bu ilin 10 ayının nəticələrinə görə, Azərbaycan iqtisadiyyatı ikirəqəmli inflyasiya şəraitində sürətli artım trayektoriyasından yavaşımış artım trayektoriyasına keçib. Bu tendensiya, eləcə də ikirəqəmli inflyasiya ölkəmizin potensial imkanlarına uyğun nəticələr deyil. İqtisadi artım templərinin minimuma enməsi əhalinin güzəranının yaxşılaşdırılmasının iqtisadi bazasını məhdudlaşdırır. İnflyasiyanın ikirəqəmli olması isə birbaşa əhalinin güzəranına, xüsusən də aztəminatlı təbəqəyə çox ciddi şəkildə mənfi təsir göstərir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Əli Məsimli “azpolitika.az”-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, “Sürtlənmiş iqtisadi artım trayektoriyasına keçidi təmin edən, eləcə də ikirəqəmli inflyasiyadan iqtisadi artımın sürətlənməsinə təkan verən birrəqəmli inflyasiya şəraitinə keçmək üçün zəruri olan islahat xarakterli tədbirlər kompleksi hazırlanıb, həyata keçirilməlidir”.
Millət vəkili vurğulayıb ki, “İşləyənlərin xeyli hissəsinin maaşı, pensiyaçıların da xeyli hissəsinin aldığı pensiya həmin orta pensiya göstəricisindən aşağıdır. Ona görə də real vəziyyəti orta əmək haqqı yox, muzdla çalışanların yarıya qədərinin orta əmək haqqının 50 faizinə yaxın olan median əmək haqqı məbləği daha aydın göstərir. Eyni sözləri orta pensiyadan aşağı olan median pensiya gösətərici haqqında da demək olar. Regionda yaşayanların xeyli hisssinin əmək haqqı median əmək haqqına yaxın – 450-500 manat, bir hissəsinin maaşları isə ondan da aşağııdr. İki il əvvəl median əmək haqqının məbləği 405 manat idi, sonra 460 manat oldu. Son vaxtlar median əmək haqqının və median pensiyanın məbləğində bir qədər də artım olub. Ölkə üzrə özəl sektorda çalışanların orta aylıq əmək haqqı dövlət sektorundakından yüksəkdir. Regionlarda isə əksinə, özəl sektorda çalışanların orta aylıq əmək haqqı dövlət sektorundakından aşağıdır”.
“İşsizlik məsələsini ona görə tez-tez qaldırırıq ki, sosial problemlərin çoxu işsizlikdən və əhalinin xeyli hissəsinin gəlir səviyyəsinin aşağı olmasından – iqtisadi işsizlikdən qaynaqlanır. İnsanlar işsizlikdən çox əziyyət çəkirlər. Əhalinin güzəranını yaxşılaşdırmaqdan ötrü ilk növbədə məşğulluğu artırmaq lazımdır. Hökumət işsizliyin aradan qaldırılması üçün müəyyən işlər görür və çalışır ki, gördüyü işlərin dairəsi ildən-ilə genişlənsin”, – deyən deputat onu da vurğulayıb ki, ölkəmizdəki işsizliyin real vəziyyəti fonunda hökumətin işsizliyin aradan qaldırılması istiqamətində göstərdiyi səylərin miqyası hələ ki, kiçikdir: “Son illər özünüməşğulluq proqramının dairəsi xeyli genişlənib. Özünüməşğulluğun nəticəliliyi baxımından müsbət məqamlarla yanaşı, mənfi məqamlar da var ki, bu da onun davamlılıq müddətinə mənfi təsir göstərir. Yaxşı olar ki, bu məsələyə kompleks və koordinasiya olunmuş şəkildə yanaşılsın. Bu sahədə yaxşı nəticələrə nail olub, perspektivli işlər qura bilənlərə mal-qara, avadanlıq və sair aktivlərlə yanaşı, həm də aşağı faizlərlə və əlverişli şərtlərlə kreditlər də verilsin ki, özünüməşğulluğun nəticəliliyi artsın, onarın xeyli hissəsi bir neçə ilə öz təsərrüfatını genişləndirə, ayaqda qala bilsinlər”.
“Rayonlarda yüksək gəlirli və perspektivli iş yerlərinin açılması istiqamətində görülən işləri əsaslı surətdə genişləndirmək üçün təsirli tədbirlər görmək lazımdır. Regionlara sərmayənin cəlb edilməsinin mexanizmini təkmilləşdirmək, miqyaslarını genişləndirmək, ondan istifadənin səmərəliliyini artırmaq lazımdır. Hər il iqtisadiyyata yönəldilən 18 milyard manatlıq sərmayənin cəmi 10 faizinin, yəni heç olmasa, 1,8 milyard manatının əlverişli şərtlərlə, şəffaflıq və hesabatlılıq şəraitində regionlarda rəqabətə davamlı, perspektivli iş yerlərinin açılmasına yönəltmək lazımdır. Eyni sözləri kreditlər barədə də demək olar…”, – deyə Əli Məsimli bildirib.