“İnsanların taleyi tikinti şirkətinin rəhbərinin vicdanına buraxılıb” – Aldanmamaq üçün nə etməliyik?backend

“İnsanların taleyi tikinti şirkətinin rəhbərinin vicdanına buraxılıb” – Aldanmamaq üçün nə etməliyik?

Mənzil sahibi olmaq hər kəsin arzusudur. İnsanlar ömür boyu əziyyət çəkib mənzil almaq üçün pul toplayır. Lakin bəzən dələduzlar insanların inamından istifadə edərək onları həm pulsuz, həm də mənzilsiz qoyur. Belə ki, son illər eyni mənzilin bir neçə nəfərə satılması halları xeyli artıb. Bəzi dələduz tikinti şirkətlərinin rəhbərləri insanların pulunu alıb bir neçə nəfərə eyni mənzili satırlar. Fakt ortaya çıxanda isə proses məhkəməyə qədər uzanır. Nəticədə vətəndaşların həm vaxtı, həm də pulu gedir. Bu günlərdə belə tikinti şirkətlərindən birinin sahibinin həbsi ölkədə sözügedən problemin nə dərəcədə aktual olduğunu sübuta yetirdi.  

Bəs görəsən belə dələduzluq halları ilə necə mübarizə aparmaq olar? İşbazların tələsinə düşməmək üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı ekspert Xalid Kərimli cavablandırıb. O bildirib ki, insanların taleyi tikinti şirkətinin rəhbərinin vicdanına buraxılıb: “Belə hallar təəssüf ki, Azərbaycanda geniş yayılıb. Bazarda ciddi tənzimlənmə işlərinə ehtiyac var. “Ağ şəhər” təcrübəsində nömrələnmə sistemindən istifadə etməklə mənzillərin sayı, identifikasiyası müəyyənləşdirildi. Bu təcrübə ilə mənzilin yalnız bir şəxsə satılması problemi həll olundu. Beləliklə bir mənzilin iki nəfərə satılma riski tamamilə aradan qaldırılıb. Lakin digər tikinti şirkətlərində belə problemlər hələ də qalmaqdadır. Bu isə vətəndaşlar üçün əlavə risklər yaradır. İnsanların taleyi tikinti şirkətinin rəhbərinin vicdanına buraxılıb. Onlarla insanın bu çərçivədə hüquqları pozulur”.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Ekspert məsələnin həlli üçün təklif irəli sürüb: “Belə halların qarşısını almağın sadə yolu var. Bunun üçün elektron xidmətlər təşkil edilməlidir. Mənzillərin sayı, həcmi, alıcılarla  bağlı məlumatlardan ibarət  reyestr sistemi yaradıla bilər. Belə olan halda insanlar rahat şəkildə aldığı mənzillə bağlı məlumat əldə edər. Reyestr sisteminin təşkili və elektron qaydada olması şəffaflığı təmin edəcək və dələduzluq risklərini aradan qaldıracaq. Hökumətin bu problemi həll etmək üçün kifayət qədər gücü və imkanı var. Lakin təəssüf ki, bu istiqamətdə hələ addımlar atılmır. Hökumət elə bir sistem qurmalıdır ki, vətəndaşın yaşadığı risk və narahatlıqlar aradan qaldırılsın. Belə sadə bir məsələni məhkəməyə qədər gətirib çıxarmağa ehtiyac yoxdur. Sadə bir sistem yaratmaqla insanların narahatlıqlarına son qoymaq olar”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*